Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
25 Noyabr – Kəlbəcər Şəhəri Günü Azərbaycan xalqı üçün doğma torpağa qayıdışın, tarixi ədalətin bərpasının, dövlətimizin gücünün və milli birliyimizin təntənəsinin ifadəsidir.
Azərbaycanın füsunkar guşələrindən biri olan Kəlbəcər özünəməxsus təbiəti, zəngin tarixi, yeraltı və yerüstü sərvətləri, qədim mədəniyyət nümunələri ilə hər zaman ölkəmizin xüsusi əhəmiyyət daşıyan bölgələrindən olub. Murovdağın əzəmətli zirvələri, dağ çayları, sıx meşələri, mineral bulaqları və təbii gözəllikləri Kəlbəcərə Azərbaycanın təbiət incisi adını qazandırıb. Bu diyar həm də xalqımızın qədim tarixini, milli-mənəvi dəyərlərini özündə yaşadan mühüm mədəniyyət məkanlarından biridir. Lakin 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərin işğal edilməsi rayonun tarixində ağır və faciəli bir dövrün başlanğıcı oldu. İşğal nəticəsində minlərlə insan doğma yurd-yuvasından didərgin düşdü, yaşayış məntəqələri dağıdıldı, tarixi və mədəni abidələrimizə ciddi ziyan vuruldu. Kəlbəcər sakinləri uzun illər doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşadılar. Onların qəlbində bir ümid vardı: Kəlbəcər mütləq azad olunacaq və Azərbaycan bayrağı yenidən bu qədim diyarda dalğalanacaq. Azərbaycan xalqının bu arzusu 2020-ci ildə gerçəkləşdi. Sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın tarixində yeni bir mərhələ açdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində torpaqlarımız işğaldan azad edildi. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan yolun əsasını qoydu.
Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də Azərbaycana qaytarıldı. Beləliklə, Kəlbəcər bir güllə atılmadan işğaldan azad edildi. Bu hadisə Azərbaycan dövlətinin hərbi gücü ilə yanaşı, siyasi iradəsinin, diplomatik məharətinin və uzaqgörən strategiyasının da parlaq nəticəsi idi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 Noyabrın Kəlbəcər Şəhəri Günü kimi təsis edilməsi bu tarixi hadisənin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hər il qeyd olunan bu əlamətdar gün xalqımızın Zəfər tarixini xatırlatmaqla yanaşı, gələcək nəsillərə vətənpərvərlik, milli birlik və dövlətçilik ruhunu aşılayır.
Bu gün Kəlbəcər yalnız azad edilmiş ərazi kimi deyil, böyük quruculuq və inkişaf məkanı kimi diqqət mərkəzindədir. Azərbaycan dövləti işğaldan azad olunmuş bütün ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirir. Yeni yollar, tunellər, körpülər, elektrik və digər kommunikasiya xətləri, sosial infrastruktur obyektləri yaradılır. Şəhərin müasir standartlara uyğun yenidən qurulması istiqamətində mühüm layihələr reallaşdırılır.
Kəlbəcərin inkişafı dövlətimizin Böyük Qayıdış siyasətinin mühüm tərkib hissəsidir. Ən sevindirici məqam isə uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların öz torpaqlarına qayıtmasıdır. 2025-ci il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılması bu istiqamətdə tarixi hadisədir. Artıq Kəlbəcərdə həyat yenidən canlanır, doğma evlərin işıqları yanır, küçələrdə insanların səsi eşidilir. Bu qayıdış sadəcə insanların yaşayış yerlərinə dönməsi deyil. Bu, uzun illər davam edən həsrətin sona çatması, ailələrin doğma ocaqlarına qovuşması, tarixi yaddaşın və milli kimliyin öz torpağında yenidən dirçəlməsidir. Kəlbəcərin böyük iqtisadi potensialı da onun gələcək inkişafı üçün geniş imkanlar yaradır. Zəngin təbii sərvətləri, mineral su ehtiyatları, kənd təsərrüfatı və turizm imkanları bu bölgənin ölkə iqtisadiyyatında mühüm yer tutmasına şərait yaradacaq. Xüsusilə ekoturizm, dağ turizmi və sağlamlıq turizminin inkişafı Kəlbəcərin gələcək perspektivlərini daha da genişləndirir.
Kəlbəcərin azadlığı Azərbaycan dövlətinin gücünü, xalqımızın əyilməz iradəsini və ordumuzun qüdrətini nümayiş etdirən tarixi hadisədir. Bu gün həmin qələbənin nəticələri işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq işlərində öz əksini tapır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış strategiyası Azərbaycanın gələcək inkişaf hədəflərinin mühüm istiqamətlərindən biridir. Məqsəd yalnız dağıdılmış şəhər və kəndləri bərpa etmək deyil, həm də həmin ərazilərdə müasir, təhlükəsiz, dayanıqlı yaşayış mühiti yaratmaqdır.
Kəlbəcərin yenidən qurulması Azərbaycanın öz tarixi torpaqlarına sahib çıxmaq əzminin, milli iradəsinin və gələcəyə inamının göstəricisidir. Bu qədim diyarın dirçəlişi həm də bütün dünyaya nümayiş etdirir ki, Azərbaycan dağıntılar üzərində yeni həyat qurmaq qüdrətinə malik dövlətdir. 25 Noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə hər bir azərbaycanlının qəlbində qürur hissi yaşanır. Bu gün biz yalnız Kəlbəcərin azad olunmasını deyil, həm də torpaq uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad edirik. Onların qəhrəmanlığı və fədakarlığı Azərbaycan tarixində əbədi yaşayacaq.
Kəlbəcər bu gün azaddır, Azərbaycan bayrağı onun uca zirvələrində dalğalanır. Doğma sakinlər öz yurdlarına qayıdır, şəhər yenidən qurulur, gələcəyə doğru inamla addımlayır. Əminliklə demək olar ki, Kəlbəcər qarşıdakı illərdə Azərbaycanın ən gözəl, müasir və inkişaf etmiş şəhərlərindən birinə çevriləcək. Bu qədim diyarın hər qarışında Zəfərin ruhu, xalqımızın iradəsi və dövlətimizin qüdrəti yaşayacaq.
Kəlbəcər azadlığın sevincini yaşayan, Zəfərlə yenidən doğulan və gələcəyə inamla addımlayan Azərbaycan torpağıdır!