Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Tailand Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tharit Çarungvatın etimadnaməsini qəbul edib.
Səfir Tharit Çarungvat fəxri qarovul dəstəsinin qarşısından keçib.
Tharit Çarungvat etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Azərbaycan ilə Tailand arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev ikitərəfli əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq etdiyini qeyd edən dövlətimizin başçısı iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün də böyük imkanların olduğunu vurğulayıb.
Tailand Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Azərbaycana səfərindən ötən dövr ərzində ölkəmizdə gedən yüksək inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib və əldə olunan uğurlar münasibətilə dövlətimizin başçısını təbrik edib. O, ölkələrimiz arasında ticarət dövriyyəsinin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib.