Strateji Tərəfdaşlıq haqqında Xartiya - ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələsi

Beynəlxalq siyasi mənzərənin sürətlə dəyişdiyi, qlobal güc mərkəzlərinin yenidən formalaşdığı bir mərhələdə ABŞ-Azərbaycan münasibətləri də yeni məzmun və strateji dərinlik qazanmaqdadır. Xüsusilə Donald Trampın ikinci dəfə ABŞ prezidenti kimi hakimiyyətə qayıdışının ardından Vaşinqtonun Cənubi Qafqaza baxışında praqmatik və qarşılıqlı maraqlara əsaslanan yanaşmanın yenidən ön plana çıxması müşahidə olundu. Bu yanaşma isə regional lider, etibarlı tərəfdaş və müstəqil siyasət yürüdən Azərbaycanla münasibətlərin güclənməsi üçün real zəmin yaradır.

Tramp administrasiyasının ideoloji ritorikadan fərqli olaraq milli maraqlara söykənən xarici siyasət kursu Bakı-Vaşinqton xəttində uzun müddət kölgədə qalan potensialın üzə çıxmasına imkan verdi. Enerji təhlükəsizliyi, regional sabitlik, nəqliyyat-logistika dəhlizləri və terrorla mübarizə kimi sahələrdə Azərbaycanın regional aktor kimi oynadığı mühüm rol ABŞ üçün getdikcə daha aydın görünür. Eyni zamanda postmünaqişə dövründə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın sülh təşəbbüsləri və konstruktiv mövqeyi Vaşinqtonun regional maraqları ilə üst-üstə düşür. Bu kontekstdə, xüsusilə, yeni bir mərhələyə qədəm qoymuş Azərbaycan-ABŞ münasibətlərində artıq davamlı yaxınlaşmalar, siyasi dialoqun inişafı nəzərə çarpır. 2026-cı ilin fevralında imzalanan Strateji Tərəfdaşlıq haqqında Xartiya iki ölkə arasında məzmun etibarı ilə yüksək olan tərəfdaşlığa yeni rəng qatıb - bu sənədin imzalanması Bakı-Vaşinqton əlaqələrində mühüm ştrixlərini oratya çıxardı. Belə ki, sənədin imzalanması Azərbaycan ilə ABŞ arasında əlaqələrin yaxın tərəfdaşlıq səviyyəsinə qalxdığını göstərir.

Yeri gəlmişkən, noyabrın 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstoun ilə görüşüb. Görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, habelə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq istiqamətləri üzrə konkret layihələrin perspektivlərini nəzərdən keçiriblər. Bununla yanaşı, regional bağlantıların, Orta Dəhlizin və nəqliyyat-logistika imkanlarının inkişafı məsələləri müzakirə olunub. Bu çərçivədə, eyni zamanda TRIPP layihəsinin regional nəqliyyat və iqtisadi bağlantıların gücləndirilməsinə, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsinə töhfəsi vurğulanıb. Görüşdə həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də digər qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bakı-Vaşinqton münasibətlərində yeni çağırışlar

Qeyd olunmalıdır ki, Xartiya özündə bir sıra mühüm məqamları ehtiva edir - diplomatik əlaqələrin genişlənməsi, strateji iqtisadi münasibətlər sisteminin formalaşdırılması, müasir çağırışlara əsasən dialoqun daha da gücləndirilməsi ilə yanaşı, sənəd həm də Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni siyasi reallıqların beynəlxalq müstəvidə qəbulunun göstəricisi sayıla bilər. Qarabağ müharibəsində əldə olunan zəfərdən sonra regionda yaranmış geosiyasi vəziyyət Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpası ilə xarakterizə olunur. Xartiyanın preambulasında əksini tapan müddəalar Vaşinqtonun bu reallığı nəzərə aldığını və Bakı ilə münasibətləri yeni status və yeni əməkdaşlıq müstəvilərində inkişaf etdirmək niyyətində olduğunu göstərir. Belə ki, regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqların əhəmiyyəti hər iki ölkə tərəfindən təsdiqlənib. Eləcə də diplomatik, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələri də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlərdə münasibətləri gücləndirmək üçün birgə niyyətlər, strateji tərəfdaşlığın və genişləndirilmiş əməkdaşlığın planlaşdırılması və həyata keçirilməsinə yalnız dövlət qurumlarının deyil, həm də hər iki ölkənin özəl sektorlarının cəlb edilməsinin mühüm əhəmiyyəti vurğulanıb.

Orta Dəhlizin inkişafına xüsusi diqqət

Xartiyanın əsas mahiyyətini təşkil edən amillərdən biri məhz regional bağlantılar, o cümlədən enerji, ticarət və tranzit məsələləridir. Xartiya Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafını, enerji və data bağlantısını, ticarət və tranzitin asanlaşdırılmasını, gömrük nəzarəti və sərhəd keçidini, beynəlxalq multimodal logistikanı və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətini ortaya qoyur. Təbii ki, işarə olunan bu nüanslar birmənalı şəkildə Zəngəzur dəhlizi (TRİPP) ideyasının gerçəkləşdirilməsini də təmin edir. Təsadüfi deyil ki, Xartiyada ötən il Vaşinqtonda baş tutmuş Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyəti əksini tapır. Bu əlaqələr isə özlüyündə ikitərəfli iqtisadi əlaqələri təşviq etmək məqsədilə biznes mühitinin, ticarət və sərmayə axınlarının inkişaf etdirilməsi istiqamətində çalışmaq niyyətini təmin edir. Təsadüfi deyil ki, sənəddə Orta Dəhlizin inkişafına xüsusi diqqət ayıraraq enerji, nəqliyyat və rəqəmsal infrastruktur sektorlarında, o cümlədən TRIPP və digər layihələrin inkişaf etdirilməsi vasitəsilə iqtisadi artımı və regional bağlantıları təşviq etmək üçün əməkdaşlığı genişləndirmək, regional bağlantıların əhəmiyyətini qəbul edərək, enerji və nəqliyyat sektorlarına, eləcə də rəqəmsal infrastrukturun inkişafına dövlət və özəl sektor sərmayələrini səfərbər etmək imkanlarını araşdırmaq, enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi Azərbaycanın strateji əhəmiyyətini qəbul edərək, ikitərəfli formatda və üçüncü ölkələrlə tərəfdaşlıq vasitəsilə interkonnektor layihələri kimi birgə layihələrin icrası və təchizat marşrutlarının şaxələndirilməsi istiqamətində neft, qaz və elektrik enerjisi sektorları da daxil olmaqla, enerji əməkdaşlığını genişləndirmək, mülki nüvə əməkdaşlığını dərinləşdirmək, kritik mineralların Orta Dəhliz vasitəsilə qlobal bazarlara tranzitini asanlaşdırmaqla bağlı əməkdaşlıq etmək niyyətləri öz əksini tapır. Bütün bunlar isə multimodal əməkdaşlıq sistemini ortaya qoyur.

Formalaşan yeni tərəfdaşlıq modeli

Sənəd həm də yeni innovasiyaların mübadiləsi məsələsində olduqca vacib məqamları özündə əks etdirir. Müasir çağırışlara, yeni standartlara əsaslanan əlaqələr iqtisadi sərmayələr üzrə əməkdaşlığın genişlənməsi, xüsusilə Süni İntellekt (AI) və rəqəmsal infrastruktur sahələrini əhatə etməsi, strateji və uzunmüddətli tərəfdaşlığın yeni mərhələyə keçidini ifadə edir. Bu addım innovasiya ekosisteminin gücləndirilməsi, texnologiya transferi, startap mühitinin inkişafı, yüksək ixtisaslı kadr hazırlığı və rəqəmsal transformasiyanın sürətləndirilməsi deməkdir - paralel olaraq məlumat təhlükəsizliyi, bulud texnologiyaları, data mərkəzlərinin qurulması və ağıllı həllərin tətbiqi kimi istiqamətlərdə birgə layihələrin həyata keçirilməsi sənədə əsasən atılacaq addımlar siyahısındadır. Bu əməkdaşlıq Azərbaycanın regional rəqəmsal hab kimi mövqeyini möhkəmləndirəcək, qeyri-neft sektorunun inkişafına təkan verəcək və qlobal texnologiya bazarına inteqrasiyanı sürətləndirəcək. Xartiyada bildirilir ki, tərəflər iqtisadi və ya ticarət dialoqu platformalarının təşkili imkanlarının araşdırılması da daxil olmaqla, ikitərəfli ticarət və sərmayələri artırmaq üçün strateji fürsətləri müəyyənləşdirmək niyyətindədirlər.

Bütün bunların fonunda Xartiya Azərbaycan-ABŞ münasibətlərini yeni mərhələyə daşıyan strateji yol xəritəsi kimi qiymətləndirilir. Bu sənəd qarşılıqlı etimadın möhkəmləndirilməsinə, ortaq maraqların uzlaşdırılmasına və gələcək əməkdaşlığın institusional əsasda inkişafına zəmin yaradır. Beləliklə, formalaşan yeni tərəfdaşlıq modeli bugünkü reallıqlarla yanaşı, qarşıdakı onilliklərin siyasi və iqtisadi gündəliyini müəyyən edən əsas çərçivəyə çevrilir.

P.İSMAYILOV