“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 34 illiyi münasibətilə Böyükşor-Pirşağı şosesinin sağ kənarında yerləşən mədən ərazisində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov, “Balakhani Operating Company LTD” şirkətinin prezidenti Rövşən Rzayev, YAP Sabunçu Rayon Təşkilatının, Sabunçu Rayon İcra Hakimiyyətinin və “Balakhani Operating Company LTD” şirkətinin rəhbər heyət üzvləri, əməkdaşları, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində ümumilikdə 400-ə yaxın zeytun ağacı əkilib, yeni əkilmiş tinglərə aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təsis olunmasının 34 illiyi münasibətilə ağacəkmə keçirilməsində məqsəd respublikamızda meşəlik zolağının və yaşıllığın daha da genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılması və bu istiqamətdə dövlət siyasətinə dəstək verilməsindən ibarətdir.