Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır.
Müstəqilliyimizin bərpasının ilk illərində baş verən proseslər yaddaşlardadır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə Ulu Öndər Heydər Əliyevin ətrafında birləşdilər. Azərbaycanın görkəmli ziyalılarının imzaladıqları müraciətdə Ümummilli Lider Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndər Heydər Əliyev “91-lər”in müraciətinə cavabında bildirmişdi ki, belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.
1992-ci il noyabrın 21-də ölkənin müxtəlif bölgələrindən gəlmiş 550 nümayəndənin iştirakı ilə Naxçıvanda təsis konfransı keçirilən partiya hazırda sıralarında 800 minə yaxın üzvü birləşdirərək tutduğu siyasi yola sadiqliyi ilə xalqımızın böyük etimadını qazanıb. Ümummilli Lider Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi təkcə partiyanın parlaq gələcəyinə inamın təcəssümü deyil, həm də onun bütün mərhələlərdəki uğurlu fəaliyyətinin ideoloji təməldir.
Müasir müstəqil Azərbaycanın əldə etdiyi hər bir nailiyyətdə Yeni Azərbaycan Partiyasının mühüm payı və aparıcı rolu vardır. Azərbaycan suverenliyini tam bərpa etdikdən sonra Yeni Azərbaycan Partiyası ilk Qurultayını keçirdi. Prezident, YAP Sədri İlham Əliyev partiyanın qarşısında duran əsas vəzifələri açıqladı. Əsas istiqamətlər kimi müdafiə və təhlükəsizlik qabiliyyətinin artırılması, ideoloji işin və xarici siyasətin fəallaşdırılması, Qarabağ və Şərqi Zəngəzurun bərpası, həmçinin sosial rifahın yüksəldilməsi müəyyənləşdirildi.
Dövlət başçısı İlham Əliyevin proqram xarakterli çıxışı ölkəmizin müasir inkişaf strategiyasının yol xəritəsi olmaqla bərabər, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu və ümumxalq partiyası kimi yüksək etimad qazanan YAP-ın müstəqil Azərbaycanın dövlətçilik tarixindəki müstəsna rolunun, eləcə də ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonrakı yeni dövrdə qarşıda duran strateji hədəflərin aydın təqdimatı oldu.
Bütövlükdə, VIII Qurultay əldə edilmiş tarixi nailiyyətlərin dəyərləndirilməsi, suverenliyin yaratdığı yeni imkanların davamlı inkişafa çevrilməsi və qarşıdakı dövrün əsas prioritetlərinin təqdim edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Şübhə yoxdur ki, Yeni Azərbaycan Partiyası bundan sonra da müstəqil dövlətimizin daha qüdrətli gələcəyi naminə üzərinə düşən tarixi missiyanı uğurla yerinə yetirəcəkdir. YAP dövlətə və xalqa xidmət prinsipi əsasında fəaliyyətini əzmlə davam etdirərək, Azərbaycanı zəfərdən-zəfərə aparan Heydər Əliyev yolunun ən fəal təbliğatçısı, müasir, müstəqil, qalib və yeni dövrə qədəm qoyan Azərbaycanın şanlı tarixinin bələdçisi kimi öz liderliyini qoruyub saxlayacaq, ölkəmizin davamlı tərəqqisinə, milli birliyimizin möhkəmlənməsinə və yeni strateji hədəflərin gerçəkləşməsinə layiqli töhfələr verəcəkdir.
Xatirə Əliyeva,
Əməkdar jurnalist