Tovuzda avtomobil su kanalına düşüb, ölən və xəsarət alanlar var

Tovuzda avtomobil su kanalına düşüb, ölən və xəsarət alanlar var

Fövqəladə Hallar Nazirliyinin(FHN) “112” qaynar telefon xəttinə Tovuz rayonunun Qovlar kəndi ərazisində yol qəzasının baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “VAZ” markalı minik avtomobilinin idatrəetməni itirərək su kanalına düşdüyü və vətəndaşın vəfat edərək avtomobildə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən vəfat edən sürücü, 1961-cı il təvəllüdlü Şakir Şahmalı oğlu Hüseynovun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə nəticəsində ümumilikdə 2-si azyaşlı olmaqla, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.