Birinci Qarabağ müharibəsi zamanı itkin düşən azərbaycanlıların taleyi Cənubi Qafqazda sülh və normallaşma prosesinin ən həssas humanitar problemlərindən biri olaraq qalır. Ermənistanın İrəvanda keçirdiyi beynəlxalq konfransda itkin şəxslərin taleyinin araşdırılması və humanitar əməkdaşlıqla bağlı səsləndirilən bəyanatlar bu məsələnin yenidən beynəlxalq gündəmə gətirilməsinə səbəb oldu. Ermənistanın humanitar dialoq və əməkdaşlıqla bağlı mövqeyini yalnız bəyanatlarla deyil, indiyədək əldə olunan razılaşmaların icrası ilə qiymətləndirmək lazımdır. Onilliklərdir yaxınlarının taleyindən xəbər gözləyən ailələr üçün bu məsələnin həlli ilk növbədə humanitar məsuliyyət və insan hüquqları məsələsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk jurnalist və siyasi ekspert Güngör Yavuzaslan səsləndirib.
Birinci Qarabağ müharibəsindən sonra itkin düşən 4 mindən çox azərbaycanlının taleyinin hələ də naməlum olduğunu xatırladan ekspert burada ən mühüm məsələlərdən birinin Ermənistan tərəfinin mövcudluğunu bildirdiyi 204 fərdi və kütləvi məzarlığın koordinatlarının təqdim edilməsi olduğunu vurğulayıb. O bildirib ki, həmin koordinatlar itkin düşən azərbaycanlıların dəfn yerlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bununla belə, hələ də həmin məlumatların Azərbaycan tərəfinə verilmədiyi bildirilir.
Onun fikrincə, 2025-ci ilin iyununda Ermənistanın təhlükəsizlik strukturlarında baş verən kadr dəyişikliklərindən sonra birbaşa əməkdaşlığın intensivliyi azalıb: “Bildiyimizə görə, iki ölkənin müvafiq komissiyaları arasında son genişmiqyaslı telefon danışığı bu ilin mart ayında keçirilib. Həmin təmasda Azərbaycan tərəfinin əldə olunan razılaşmaların icrası ilə bağlı suallarına Ermənistan nümayəndələrinin rəhbərlikdən müvafiq göstəriş almadıqlarını bildirdikləri qeyd olunur”.
Güngör Yavuzaslan hesab edir ki, İrəvanda keçirilən beynəlxalq konfransda səsləndirilən humanitar əməkdaşlıq çağırışları praktik nəticələrlə müşayiət olunmalıdır. Onun fikrincə, yeni dialoq platformalarının yaradılmasından əvvəl artıq mövcud olan mexanizmlər çərçivəsində əldə edilən razılaşmaların yerinə yetirilməsi vacibdir.
“Etimadın formalaşması üçün, ilk növbədə, Ermənistan tərəfinin təqdim etməyə hazır olduğunu bildirdiyi 204 məzarlığın koordinatları paylaşılmalı, Azərbaycan tərəfindən verilən siyahılar və şahid ifadələri araşdırılmalı, əldə olunan nəticələr qarşı tərəfə çatdırılmalıdır. Birgə axtarış və ekshumasiya tədbirlərinin həyata keçirilməsi də bu prosesin mühüm tərkib hissəsidir”, – deyə o vurğulayıb.
Ekspert deyib ki, itkin düşən şəxslər məsələsi siyasi mübahisə alətinə çevrilməməli, ailələrin illərdir gözlədiyi cavabların tapılması üçün konkret addımlar atılmalıdır:”Ermənistanın beynəlxalq ictimaiyyət qarşısında səsləndirdiyi humanitar dialoq və əməkdaşlıq mesajlarının real nəticəyə çevrilməsi məhz bu öhdəliklərin icrasından asılıdır. İtkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsi təkcə Azərbaycan və Ermənistan arasında deyil, bütövlükdə regionda humanitar etimadın və davamlı sülhün formalaşması baxımından mühüm əhəmiyyət daşıyır”.