Nazir müavini: Naxçıvan yaşıl enerjinin yeni mərkəzinə çevrilir

"İndiyədək həyata keçirilmiş, hazırda icra olunan və potensial layihələrin demək olar ki, bütün nümayəndələrini bu tədbirə dəvət etmişik. Bu baxımdan forum investisiya layihələrinin ətraflı müzakirəsi üçün çox yaxşı platformadır.

Bu fikirləri Energetika nazirinin müavini Elnur Soltanov İkinci Beynəlxalq İnvestisiya Forumunda “Yeni Azərbaycan”a açıqlamasında bildirib.

Nazir müavini, açıqlamasında qeyd edib: "Bu günün ən mühüm hadisələrindən biri Naxçıvan Muxtar Respublikasında Vyetnamın “Roxs” şirkəti ilə 600 meqavat gücündə külək və 200 meqavat gücündə günəş enerjisi layihələrinin həyata keçirilməsinə dair Anlaşma Memorandumunun imzalanmasıdır.

Qarabağın işğaldan azad edilməsindən sonra Naxçıvanın enerji təminatının Azərbaycanın əsas ərazisi ilə əlaqələndirilməsi istiqamətində böyük işlər aparılır. Bu kimi layihələr Naxçıvanın enerji təminatına çox böyük töhfə verə bilər. Hesab edirəm ki, bu gün imzaladığımız memorandum da həmin istiqamətdə mühüm addımdır. Bu il Naxçıvanda əlavə 25 meqavat gücündə günəş elektrik stansiyası fəaliyyətə başlayacaq. Gələn il isə daha 25 meqavatlıq günəş layihəsinin həyata keçirilməsi nəzərdə tutulur".

Elnur Soltanov açıqlamasında “Roxs” şirkəti ilə imzalanan memorandumun ən əhəmiyyətli məqamlarını vurğulayıb: "Naxçıvanın bütün elektrik enerjisinin yaşıl, yəni bərpa olunan enerji mənbələrindən əldə ediləcəyi gün artıq o qədər də uzaqda deyil.

Naxçıvanın ixrac imkanlarına gəldikdə isə, hazırda Araz çayı üzərində su elektrik stansiyalarının tikintisi və regionun enerji potensialının artırılması istiqamətində işlər aparılır. Eyni zamanda, cənub istiqamətində enerji əlaqələrinin inkişaf etdirilməsi də bu imkanların genişlənməsinə şərait yaradır”.

Havar Şəfiyeva