İslam bankçılığı xidmətləri genişlənir

III İslam Maliyyə Forumunda maliyyələşmə alətlərinin tətbiqi imkanları müzakirə edilib

Oktyabrın 22-də Bakıda III İslam Maliyyə Forumu keçirilib. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin təşəbbüsü ilə təşkil olunan forumda Azərbaycanda İslam maliyyəsinin inkişaf perspektivləri, İslam bankçılığı və sığortası, alternativ maliyyələşmə alətləri, eləcə də bu sahədə kadr hazırlığı və beynəlxalq sertifikasiya məsələləri müzakirə olunub. Forum “Azərbaycanda İslam bankçılığının və sığortasının yeni dövrü”, “İslam maliyyəsinin lizinq və mikromaliyyə məhsullarının tətbiqi imkanları”, “İslam maliyyəsi sahəsində kadr hazırlığı və beynəlxalq sertifikasiya” adlı üç panel sessiyasını əhatə edir.

“Mudaraba” və “Murabaha” islam bank məhsulları tətbiq olunur

Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov bankların maliyyə kapitalının artmasına toxunaraq bildirib ki, 2026-cı il oktyabrın 1-nə ölkəmizin bank sektorunun aktivləri ötən ilin eyni tarixi ilə müqayisədə 13 faiz artaraq 63,6 milyard manata, depozit portfeli illik 15 faiz artaraq 42,3 milyard manata, fiziki şəxslərin əmanətləri isə 20 faiz artaraq 18,4 milyard manata çatıb. Balans kapitalı illik 9 faiz artımla 7,84 milyard manata çatıb. İlk doqquz ayda xalis mənfəət ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 1,08 milyard manata yüksəlib. Genişlənmə kreditləşmədə də özünü göstərib. Ümumi kredit portfeli isə 15 faiz artaraq 33,7 milyard manata çatıb. Biznes kreditlərinin artım tempi isə istehlak və ipoteka kreditlərini üstələyərək 19 faiz olub və 18,5 milyard manata yüskəlib.

Banklar biznesə dəstək məqsədilə alternativ alətlərin tətbiqini də artırmaqdadır ki, onların sırasında islam maliyyəsi alətləri olan “Mudaraba” və “Murabaha” məhsulları öz töhfəsini verməkdədir. Bu pilot layihələr müştəri tələbatını öyrənmək, müqavilələri və əməliyyat proseslərini təkmilləşdirmək üçün praktik imkan yaradır. Həmin təcrübənin daha geniş tətbiqi üçün hüquqi bazanın tamamlanması vacibdir ki, bu istiqamətdə müvafiq normativ-hüquqi akt layihələri hazırlanır.

Mərkəzi Bankın (MB) Maliyyə sektorunun inkişafı şöbəsinin rəisi Nərgiz Şirəliyeva bildirib ki, islam maliyyəsini genişləndirmək üçün Vergi Məcəlləsində və “Əmanətlərin sığortalanması haqqında” qanunda dəyişiklik edilməsinə ehtiyac var. MB rəsmisi həmçinin bank əmanətlərinin sığortalanmasında da müvafiq dəyişikliklərin aparılmasını təklif edib. Onun fikrincə, vətəndaşların təkcə ənənəvi əmanətləri deyil, islam əmanətləri də sığortalanmalıdır. Eləcə də, qanunvericiliyə islam maliyyəsinin tətbiqinə imkan verən dəyişikliklərdən sonra növbəti mərhələdə bu maliyyələşmə modelinin bankların risklərin idarə edilməsi sisteminə inteqrasiyası nəzərdə tutulur. Hüquqi çərçivənin formalaşdırılması bankların qeyd edilən islam maliyyəsi məhsullarını daha aydın qaydalar əsasında inkişaf etdirməsinə şərait yaradacaq.

İslam İnkişaf Bankı İnstitutu və ITFC-dən sahibkarlara dəstək

Azərbaycan Banklar Assosiasiyasının Alternativ Bankçılıq Şurası və Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi də islam bank məhsullarının maliyyə bazarında tətbiqi üçün maarifləndirici fəaliyyətini artırıb. Bu çərçivəyə əsasən, banklar arasında təcrübə mübadiləsinin genişləndirilməsi, təlimlərin praktik məhsullar üzərində qurulması və rəqəmsal xidmətlərdə şərtlərin aydın təqdim edilməsi istiqamətində faydalı məsləhətləşmələr davam etdirilməkdədir. Həmçinin Türkiyə, Malayziya və Körfəz ölkələrinin təcrübəsinin yerli hüquqi və iqtisadi şəraitə uyğunlaşdırılması da fəaliyyə istiqamətlərindən biridir. Eləcə də İslam İnkişaf Bankı İnstitutu və ITFC-nin Azərbaycanda maliyyələşmə imkanlarına xüsusi diqqət yetirməsi  bu sahədə imkanları böyüdəcək. Maliyyələşmədə istehsal və emal biznesinin, o cümlədən halal istehsal və ticarətinə uyğun maliyyələşmə alətlərinin dəstəklənməsi sahibkarların regional bazarlara çıxışına töhfə verə bilər.

İslam İnkişaf Bankı Qrupunun Azərbaycandakı maliyyə yatırımları

İslam dövlətlərinin maliyyə sektorunda aparıcı institut kimi liderlik edəm İslam İnkişaf Bankı Qrupu da iqtisadi inkişafa təkan verməkdədir. Bank tanınmış xarici investorları və maliyyə institutları ilə səmərəli əməkdaşlıq çərçivəsində regional layihələrin icrasında xüsusi rol oynayır. Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında 30 ildən artıq yaxın tərəfdaşlıq münasibətlərinin olması isə ölkəmizə maliyyə resurslarının cəlbi və bir çox sektorlar üzrə ölkə iqtisadiyyatını şaxələndirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Bank Qrupu ötən illərdə ölkəmizdə infrastruktur, enerji, kənd təsərrüfatı və sosial xidmətlər sahələrinə sərmayədar kimi çıxış edib. 2016-cı ildə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında imzalanmış Anlaşma Memorandumu regional nəqliyyat infrastrukturlarının modernləşdirilməsində mühüm rol oynayıb. Eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Azad İqtisadi Zonası kimi layihələrin maliyyə təchizatçısı olub.  Ümumilikdə, İslam Bankı Qrupu indiyə qədər 84 layihə üzrə təxminən 1,8 milyard dollar həcmində maliyyələşdirməni təmin edərək böyük investorlar ailəsində yer alıb.

İslam Maliyyə Forumunda çıxış edən natiqlərin qənaətinə görə, islam bankçılığı alətlərini tətbiq edən maliyyə təşkilatları yeni çağırışlar dövründə regional inteqrasiya və ortaq rifah naminə hədəflərə uyğun olaraq, fəaliyyətini artırmaq niyyətindədir. Ələlxüsus da, qlobal mühitdə artan inflyasiya, münaqişələr və təchizat zəncirlərindəki pozuntular şəraitində qlobal iqtisadiyyatın maliyyə sıxıntılarını təmin etmək üçün dayanıqlı sərmayələrin axını zəruri hesab edilir. Bu baxımdan islam bank institutlarının iqtisadi artımın təmin edilməsi üçün maliyyə dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Bank ekspertlərinin proqnozlarına görə, qarşıdakı beş il ərzində islam maliyyəsi üzrə verilən kreditlərin və cəlb olunan depozitlərin həcmində ciddi artım müşahidə edilə bilər.

Ümumilikdə, İslam Maliyyə Forumu islam bankçılığı və kapital bazarı alətləri əlavə maliyyələşmə kanalı yarada, investor dairəsini genişləndirə bilər.

E.CƏFƏRLİ