Dünya Bankı Azərbaycana daha çox kapital yatırmağı planlaşdırır

Mərkəzi Bankın (MB) sədrinin birinci müavini Əliyar Məmmədyarov və maliyyə nazirinin birinci müavini Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Dünya Bankının (DB) vitse-prezidenti Antonella Bassani ilə keçirilən görüşdə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin perspektivlərinə diqqət yetirilib. DB Azərbaycanda iqtisadi artıma töhfə vermək üçün əməkdaşlıq strategiyası çərçivəsində bir sıra sahələrə maliyyə yatırımları edəcəyini, xüsusilə də kiçik və orta biznesə dəstək verəcəyini bəyan edib. Yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinə əsasən, bölgələrdə kiçik ailə təsərrüfatlarına yardım, iş yerlərinin yaradılması üçün mikrokreditlərin ayrılması, “yaşıl iqtisadiyyat”a keçid prosesində maliyyə donorluğunun təmin edilməsi nəzərdə tutulur.

“Yaşamaq üçün əlverişli Bakı” layihəsinə 500 milyon dollar yönəldiləcək

Dünya Bankı Qrupu 2026-cı maliyyə ilində əvvəlki illərə nisbətdə daha çox özəl kapital səfərbər etməyi planlaşdırır. Təkcə, irimiqyaslı “Yaşamaq üçün əlverişli Bakı” (Livable Baku) layihəsinə 500 milyon dollar yönəldilməsi nəzərdə tutulur. Maliyyə vəsaiti DB-nin struktur bölməsi olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı vasitəsilə təqdim ediləcək. Layihə çərçivəsində Azərbaycan paytaxtının şəhər mühitinin ən aktual ekoloji problemlərinin həlli məqsədilə razılaşdırılmış kapital qoyuluşu və institusional inkişaf tədbirlərinin maliyyələşdirilməsi təmin ediləcək. Layihəyə bir-birini tamamlayan üç investisiya komponenti daxildir. Layihənin birinci komponenti - “Bərk məişət tullantılarının kompleks idarə edilməsi” Bakı və Abşeron rayonu ərazisində bərk məişət tullantılarının idarə olunması infrastrukturunun yenilənməsi üçün tikinti işlərinin maliyyələşdirilməsini, malların və xidmətlərin alınmasını nəzərdə tutur. Əsas investisiyalar təbiəti mühafizə üzrə beynəlxalq standartlara cavab verən sanitar poliqonların inşası və istifadəyə verilməsi, tullantıların yüklənməsi stansiyalarının təşkili, həmçinin resursların çıxarılmasının səmərəliliyinin artırılması və tullantıların basdırılması həcmlərinin azaldılması məqsədilə materialların çeşidlənməsi və rekuperasiyası obyektlərinin yaradılması daxildir. Bu komponent həmçinin tullantıların əmələ gəldiyi mənbələrdə ayrı-ayrı toplanmasının təkmilləşdirilməsi, təkrar emalın inkişafı və qapalı dairəvi iqtisadiyyatın formalaşdırılması üzrə tədbirlərin dəstəklənməsini nəzərdə tutur.

“Çirklənmiş göllərin və ərazilərin rekultivasiyası” adlanan ikinci komponent ən genişmiqyaslı komponent hesab olunur və təbii su hövzələrinin və neftlə çirklənmiş torpaqların ekoloji reabilitasiyasına yönəlib. Komponent çərçivəsində onilliklər ərzində sənaye və məişət tullantıları ilə çirklənməyə məruz qalmış üç təbii gölün - Zığ, Xocəsən və Böyük Şorun qərb hissəsinin bərpası üçün maliyyə ayrılacaq. Bundan başqa, komponent Böyük Bakıda neftlə çirklənmiş müəyyən sahələrin rekultivasiyasına dəstək verəcək. Bərpa edilmiş ərazilərin yaşıl zonaların sahəsinin genişləndirilməsi, həmçinin şəhərsalma üçün torpaqların boşaldılması sayəsində mühüm ekoloji üstünlüklər təmin edəcəyi gözlənilir.

Üçüncü komponent olan “İnstitusional gücləndirmə” dövlət orqanlarının ekoloji cəhətdən əlverişli və dayanıqlı şəhər mühitinin planlaşdırılması, idarə edilməsi və qorunub saxlanması sahəsində potensialının inkişafına hədəflənib. Əsas tədbirlər inteqrasiya olunmuş şəhər planlaşdırılması və idarə edilməsi sahəsində imkanların gücləndirilməsini, torpaq resurslarının idarə edilməsi sistemlərinin yaradılması və tətbiqini, bərk məişət tullantılarının idarə edilməsi sektorunda islahatlara, o cümlədən normativ islahatlara, tarif tənzimlənməsi sahəsində islahatlara və normativ-hüquqi bazanın təkmilləşdirilməsinə köməklik göstərilməsini əhatə edir.

“FINGROW” - “İş yerləri və iqtisadi artım üçün maliyyə əlçatanlığı” layihəsi

DB-nin Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays yaxın günlərdə “İş yerləri və iqtisadi artım üçün maliyyə əlçatanlığı” (FINGROW) layihəsinə dəstək veriləcəyini qeyd edib. Vurğulanıb ki, “FINGROW” layihəsi üzrə nəzərdə tutulan qismən kredit zəmanəti və kapital maliyyələşdirilməsi komponentlərinin həyata keçirilməsi üçün müvafiq maliyyələşdirmə və hüquqi mexanizmlərin formalaşdırılması, eləcə də layihənin konseptual çərçivəsinin müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşmaqdadır. Eyni zamanda, DB digər infrastrukturların inkişafına yönəlmiş təşəbbüslərin həyata keçirilməsi istiqamətində dəstəyini davam etdirəcəyini bəyan edib.

Dünya Bankının Azərbaycan üzrə baş iqtisadçısı Stiv Loris Qi-Dibi isə bildirib ki, DB Azərbaycan hökuməti ilə birgə ölkədə iqtisadi artımın sürətləndirilməsinə yönəlmiş struktur islahatlarını üç əsas istiqamətdə prioritetləşdirib. Birinci istiqamət dövlət şirkətləri ilə özəl sektor üçün bərabər şəraitin yaradılmasını da dəstəkləyəcək. Bu, daxili rəqabətin gücləndirilməsində mühüm əhəmiyyət daşıyır. İkinci istiqamət xarici rəqabətqabiliyyətliliyin artırılmasıdır. Bu kontekstdə qeyri-neft sahələrinə birbaşa xarici investisiyaların cəlb edilməsi, ticarət siyasətinin təkmilləşdirilməsi, eləcə də xammal idxalı və yerli məhsulların hədəf bazarlarına çıxarılması zamanı xərclərin azaldılması məqsədilə qeyri-tarif tədbirlərinin sadələşdirilməsi nəzərdə tutulur. Üçüncü istiqamət isə qeyri-neft sahələrində məhsuldarlığın artırılmasıdır.

“Yaşıl” inkişaf üçün dəstək

DB ilə Azərbaycan arasında əməkdaşlığın gündəliyində iqlim dəyişikliklərinə qarşı mübarizə, “yaşıl iqtisadiyyat” və “yaşıl enerji”  sahəsində yeni layihələrin icrası da dayanır. Dünya Bankı Qrupunun əsas maliyyə strukturlarından biri olan Beynəlxalq Maliyyə Korporasiyası arasında imzalanmış Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafı məqsədi ilə dənizdə külək enerjisi resursundan istifadə üzrə əməkdaşlığa dair anlaşma memorandumu bu sahədə əhatəli sərmayə proqramı hesab edilə bilər.

Bank “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in 5-ci istiqaməti olan “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” hədəfinin reallaşmasına töhfə verəcəyini də bəyan edib. DB 2027-ci ilədək ölkəmizdə 8 külək və günəş elektrik stansiyalarının qurulması və enerji sisteminə inteqrasiyası məqsədilə maliyyə dəstəyini göstərəcək. Həmçinin, işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji mənbələrinə sərmayələrin yönəldilməsi, “ağıllı şəhər və ağıllı kənd” konsepsiyalarının tətbiqində “yaşıl texnologiyalar”ın və “yaşıl enerji zonası” layihələrinin icrasında da yaxından iştirakını etmək marağını ifadə edib.

E.CƏFƏRLİ