Səkkiz ayda özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 114,7 milyon manat olub

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 40 hərrac keçirilib.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 695 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu ilin yanvar-avqust ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 114,7 milyon manat təşkil edib.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 363-ü qeyri-yaşayış, 2590-nı torpaq sahələri üzrə olmaqla 2953 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 37,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, bu ilin yanvar-avqust ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 152,5 milyon manat vəsait daxil olub.