İpoteka kreditləri ilə bağlı yeni qaydalar

İpoteka kreditləri ilə bağlı yeni qaydalar

Dövlətdən kirayəyə mənzil götürmüş şəxs ipoteka krediti ala bilməyəcək

İpoteka və Kredit Zəmanət Fondu dövlət xətti ilə ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edib. Dəyişikliklər ipoteka kreditlərindən mənzilə ehtiyacı olan daha çox vətəndaşın faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısının alınması məqsədilə edilib. Dəyişikliyə əsasən, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi çərçivəsində Fondla bağlanmış qüvvədə olan kirayə müqaviləsi üzrə kirayəçi olmayan şəxs əsas borcalan qismində ipoteka kreditindən faydalana bilər. Yəni, bundan sonra ipoteka kreditləşməsində kirayə üsulu ilə satış imkanı mümkün olmayacaq.

Burada söhbət hazırda qüvvədə olan kirayə müqaviləsindən gedir. Əgər kirayə müqaviləsi davam edirsə, həmin şəxs ipoteka krediti götürə bilməyəcək. Yox, əgər vətəndaş kirayə üsulu ilə mənzil alıbsa, daha sonra onu başqasına ötürübsə və Fondla əlaqəli krediti və ya kirayə müqaviləsi yoxdursa, həmin şəxslər ipoteka krediti götürə biləcəklər.

Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 6 ildir ki, şəxsi yığımları kifayət etməyən vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması üçün satmaq öhdəliyi ilə kirayə mexanizmi tətbiq edilməkdədir. Bu mexanizm daxilində 2020-2026-cı illər ərzində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 17 fərqli ünvanda yerləşən yaşayış komplekslərində tam təmirli mənzillər vətəndaşlara təhvil verilib və bugünədək 10 mindən çox kirayə müqaviləsi bağlanıb.

“SİMA İmza”nın üztanıma texnologiyası tətbiq ediləcək

İpoteka kreditləri ilə əlaqədar digər yenilik kreditlərə müraciət zamanı SİMA rəqəmsal imzanın üztanıma texnologiyasının tətbiqidir. Yeni həll sayəsində vətəndaşlar müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksionallığı ilə təsdiqləyə biləcəklər. Bu cümləni sadələşdirsək, yəni hazırda yarış formasında olan limit götürmə prosesi başlayanda vətəndaş hökmən “SİMA İmza”nı işə salmalı və üz tanınma prosesindən keçməli olacaq. İndiyədək bu tələb olmadığına görə, limit götürlərkən müxtəlif üsullardan istifadə olunurdu. Bəzi hallarda prosesi tez aparmaq və hamını qabaqlamaq üçün xüsusi proqramlardan istifadə edilirdi. Bəzi hallarda isə sistemə vətəndaşın özü yox, xüsusi hazırlıqlı İT mütəxəssisləri - “hakerlər” qoşulub limiti götürürdülər. Nəticədə 20-30 milyon manatlıq kreditlər bir neçə dəqiqəyə götürülürdü. Bu da kredit limiti götürmə prosesində haqsızlığa səbəb olurdu. İndi isə yeni qaydaya əsasən prosesi yalnız vətəndaşın özü apara bilər.

İpoteka Fondu belə problemlərin olduğunu və dəyişikliyin məhz bunun qarşısını almağa yönəldiyini bildirir. Bu yanaşma, prosesin təhlükəsizliyinin və şəffaflığının təmin olunmasına, ipoteka kreditlərinə müraciət zamanı yarana biləcək sui-istifadə hallarının, prosesə kənar müdaxilə riskinin, xüsusi proqram təminatlarından istifadə edilməsinin qarşısının alınmasına imkan verəcək.

56 mindən çox ipoteka krediti verilib

Hazırda nizamnamə kapitalı 1 milyard 153 milyon manata bərabər olan İpoteka və Kredit Zəmanət Fondu (İKZF) həm biznes, həm də vətəndaşların güzəştli kreditlərə əlçatanlığı üçün mühüm maliyyə mənbəyi rolunu oynayır. Davamlı olaraq nizamnamə kapitalını artıran bu təsisat daha çox ipoteka kreditlərini təklif etməklə, güzəştli şərtlərlə kredit təminatını icra edərək daha çox vətəndaşın güzəştli ipoteka kreditindən faydalanmasına imkan yaradır.

İpoteka Fondu tərəfindən 2026-cı ilin ötən 9 ayı ərzində 370,7 milyon manat kredit verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz çoxdur. Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 5,6 faiz azalaraq 289,3 milyon manat olub. Ümumilikdə, indiyə qədər Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 4 milyard 185 milyon manat məbləğində 61 minə yaxın ipoteka krediti verilib. Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 faizini gənclər və gənc ailələr təşkil edib.

“Fitch Ratings” Agentliyi bir müddət əvvəl Fondun fəaliyyətinin növbəti qiymətləndirilməsini həyata keçirib və qiymətləndirməyə əsasən, İKZF-nin uzunmüddətli xarici və yerli valyutada reytinqi ölkə reytinqinə bərabər “BBB-/Stabil” səviyyəsində təsdiq edilib. Bu, Fond ilə dövlət arasında möhkəm əlaqələrin olması, habelə Fondun əhalinin əlverişli şərtlərlə mənzil təminatında mühüm dövlət siyasəti funksiyasını yerinə yetirməsi ilə bağlıdır.

E.CƏFƏRLİ