Optimallaşdırma, şəffaflıq və operativliyin artırılması...

Optimallaşdırma, şəffaflıq və operativliyin artırılması...

“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi xidmətlərin vahid məkanda toplanmasını təmin edəcək

Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən, “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib. Fərmanla “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin (DERKİS) sahibi funksiyalarını İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, operatoru funksiyalarını isə həmin Xidmətin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin həyata keçirməsi müəyyənləşib. İqtisadiyyat Nazirliyi DERKİS-in formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, 18 ay müddətində müvafiq qurumların informasiya ehtiyatlarında saxlanılan sənədlər və məlumatlar DERKİS-ə miqrasiya etdirilməli, torpaqların elektron kadastr uçotu informasiya sisteminin fəaliyyəti isə dayandırılmalıdır.

Qaydalara əsasən, ?istem Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə “Hökumət buludu”nda yerləşdirilməli və təkmilləşdirilməlidir.  Habelə “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görülməlidir.

Vaxt itkisinin qarşısının alınması

Daşınmaz əmlakın elektronlaşdırılması prosesi bir neçə ildir ki, təmin olunmaqdadır. Əmlak Məsələləri Dövlət Xidmətinin daşınmaz əmlakın qeydiyyatının rəsmiləşdirilməsini təmin edən elektron portalı 2024-cü ilin sonunda istifadəyə verilib ki, bu da torpaq, ev və mənzillərin həmin portal üzərindən rəsmiləşdirilməsi, yəni mülkiyyət hüququna dair çıxarışın (kupça) alınmasını mümkün edir. Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı informasiya sistemində qeydə alınan ev və mənzillərin çıxarışlarına dair müvafiq məlumatlar vətəndaşın şəxsi kabinetində öz əksini tapır, “Elektron Hökumət” portalının daşınmaz əmlak bölməsinə daxil olmaqla çıxarışları əldə etmək mümkün olur.

Elektron informasiya sisteminin yaradılmasında məqsəd daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahələrində idarəetmə sisteminin təkmilləşdirilməsi, şəffaflığın və operativliyin artırılması, əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin elektronlaşdırılması və keyfiyyətinin yüksəldilməsi, nəzarət mexanizmlərinin və elektron sənəd dövriyyəsinin genişləndirilməsidir. Beləliklə, vətəndaşlar fiziki ünvana getmədən öz elektron kabinetlərində topladıqları zəruri sənədləri Dövlət Xidmətinin portalına təqdim etməklə asan və rahat şəkildə mülkiyyət sənədinə sahib olurlar. Bu isə vaxt itkisinin qarşısının alınması, kağız dövriyyəsi və kargüzarlığın ləğvinə səbəb olmaqla, ölkəmizdə ətraf mühitin qorunması strategiyasının bir hissəsi kimi rəqəmsal dövlət quruculuğunun daha da genişlənməsinə töhfə verir.

Xidmətlərin elektronlaşdırılması və keyfiyyətin yüksəldilməsi

Növbəti mərhələdə isə daşınmaz əmlakın elektron reyestri və kadastrın?a informasiya sisteminin tam mərkəzləşdirilməsi, vahid məlumat bazasında inteqrasiyasının təmin edilməsidir. Daşınmaz əmlakın dövlət reyestri və kadastrı sahələrində dövlət idarəetməsinin optimallaşdırılması, şəffaflığın və operativliyin artırılması, biznes mühitinin yaxşılaşdırılması baxımından daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı xidmətlərin elektronlaşdırılmasından və keyfiyyətinin yüksəldilməsindən, nəzarət mexanizmlərinin, habelə elektron sənəd dövriyyəsinin genişləndirilməsindən, müvafiq sahə üzrə təhlil aparılmasından, proqnoz və hesabatların hazırlanmasından ibarətdir. Bu baxımdan DERKİS rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin, DERKİS-də saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edəcək. Qurumun ?sasnaməsinin təsdiq edilməsi əmlakla bağlı bütün məlumatların müvafiq qurumların informasiya ehtiyatlarından əldə edilməsinə və DERKİS-ə miqrasiya edilməsi sayəsində informasiyaların bir mərkəzdə cəmləşməsinə səbəb olacaq.

E.CƏFƏRLİ