Aİ-nin Azərbaycan qazına olan ehtiyacı daha da artmaqdadır
Avropa İttifaqı (Aİ) ölkələrində qaz anbarları 2026-2027-ci illərin qış mövsümünə 2013-cü ildən bəri ən aşağı ehtiyat səviyyəsi ilə daxil olmaqdadır. Bu, mövsümi pik tələbatın ödənilməsi üçün regionun qlobal mayeləşdiirilmiş təbii qaz (LNG) tədarükündən asılılığını daha da artırır. Beynəlxalq Enerji Agentliyinin (BEA) “Qlobal qaz təhlükəsizliyinin icmalı 2026” hesabatında qeyd olunur ki, qarşıdan gələn qışın gözləniləndən daha soyuq keçəcəyi, texniki nasazlıqların və ya digər təchizat fasilələrinin yaranacağı təqdirdə Avropa xüsusilə həssas vəziyyətə düşə bilər. Hesabata əsasən, Avropada qaz anbarlarının doluluq səviyyəsinin aşağı olması, Asiya və Cənubi Amerikada LNG idxal edən ölkələrin məhdud saxlama imkanları ilə birlikdə qarşıdakı aylarda çevik şəkildə başqa istiqamətlərə yönləndirilə bilən məhdud sayda LNG yükləri uğrunda rəqabəti gücləndirə və xüsusilə tələbatın yüksək olduğu dövrlərdə spot qiymətlərə (nağd bazar qiymətləri) artım təzyiqi göstərə bilər.
TAP Avropanın etibarlı enerji körpüsüdür
Avropada qaz ehtiyatlarının aşağı səviyyədə olması bu qitənin yanacağa olan tələbatını əhəmiyyətli dərəcədə artırmaqla, qazın nəql edildiyi ölkələrdən asılılığını da daha aktuallaşdırır. Mövcud proseslər Aİ-nin qaz təchizatında mühüm rol oynayan dövlətlərdən biri kimi Azərbaycandan yanacaq nəqli ehtiyaclarını da artırır.
Azərbaycan 6 ildir ki, Avropa İttifaqı regionunun qaz bazarında tədarükçü kimi iştirak edir. Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP istifadəyə verildikdən sonra ölkəmiz 2021-ci ildə Avropa regionuna 8 milyard kubmetr qaz ixrac edib. 2022-ci ildə bu rəqəm 3 milyard kubmetr artırılaraq 11 milyard kubmetrə çatdırılıb. 2023-cü ildə isə ixrac 12 milyard kubmetrdən çox olub. 2024-cü ildə qaz ixracı isə 0,5 milyard kubmetr artıb və 12,5 milyard kubmetr təşkil edib. Ötən il bu göstərici 13 milyard kubmetrə yaxınlaşıb.
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 37,9 milyard kubmetr təbii qaz hasil edilib ki, onun 8,6 milyard kubmetri Avropanın, 7 milyard kubmetri Türkiyənin, 1,6 milyard kubmetri Gürcüstanın, 1,2 milyard kubmetri isə Suriyanın payına düşüb.
Mövcud ixrac statistikasına əsasən, TAP-la hər ay 1,05 milyard kubmetr qaz nəql edilir və həmin nəql imkanı nəzərə alındıqda ilin sonunda Aİ-yə ixracın həcmi 13 milyardı ötmüş olacaq. Qaz ixracının artması sözsüz ki, Azərbaycandan yanacaq əldə etmək ölkələrin ixrac coğrafiyasını da böyütməkdədir. İlk ildə Avropanın cəmi 4 ölkəsinə qaz ixrac edən Azərbaycandan hazırda qaz alan Avropa dövlətlərinin sayı 10-u ötüb. Eyni zamanda, növbəti illərdə ixracın daha da artırılması gözlənilir və Xəzərin Azərbaycana aid sektorlardakı yeni qaz yataqlarında hasilatın artırılması işləri davam etdirilir. Proqnozlara əsasən, 2027-2030-cu illərdə ölkəmizin qaz istehsalı 40 faiz artacaq və Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20 milyard kubmetrədək artırılacaq.
Xəzər-Mərkəzi Asiya regionu Aİ üçün zəngin mənbədir
Xəzər regionuna zəngin yanacaq mənbəyi kimi xüsusi önəm verən Avropa İttifaqı məhz Azərbaycanın liderliyi sayəsində bölgənin digər ölkələrini - Türkmənistan, Özbəkistan, Qazaxıstanın da Cənub Qaz Dəhlizinə qoşulmasnı və bununla da təkcə bu mənbədən Avropaya illik 100 milyard kubmetrə yaxın qaz nəqlinin əldə olunmasına çalışır. Bunun üçün Cənub Qaz Dəhlizinin yeni xətti - Transxəzər layihəsinin çəkilişi reallığa çevrilir. Transxəzər qaz dəhlizi Mərkəzi Asiya ölkələrinin, xüsusilə də Türkmənistan və Qazaxıstanın zəngin təbii qaz resurslarını Xəzər dənizinin dibi ilə Azərbaycana, buradan isə Cənub Qaz Dəhlizi vasitəsilə birbaşa Avropaya çatdırmağı nəzərdə tutan strateji enerji marşrutudur. Layihənin əsas məqsədi Rusiya və İrandan yan keçməklə Avropanın enerji təhlükəsizliyini təmin etmək və tədarük coğrafiyasını diversifikasiya etməkdir.
Beynəlxalq Enerji Agentliyinin analitikləri hesab edirlər ki, Avropa İttifaqı təbii qaz hasilatına və nəqlinə daha çox sərmayə yatırmalıdır. Əks halda, Avropanı təbii qaz ilə təhlükəsiz şəkildə təmin etmək mümkün olmayacaq. Məsələyə bu kontekstdə yanaşdıqda Transxəzər qaz kəmərinin çəkilişi daha da aktuallaşır.
Transxəzər qaz layihəsi 2026-cı ilin mart ayında Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 4-cü iclasında da geniş müzakirə predmeti olub. Aİ-nin enerji komissarlığı Azərbaycanın qaz tədarükünə xüsusi önəm verib. Müzakirələrdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi və Transxəzər qaz kəmərinin çəkilişi üçün irihəcmli sərmayələrin cəlb olunması barədə ilkin anlaşma əldə olunub.
Beləliklə, Aİ-də yanacaq sıxıntılarının artması fonunda Azərbaycan regionda etibarlı və sadiq enerji təminatçısı kimi həm TAP-ın nəql ötürücülüyünü gücləndirərək imkanlarını artıracaq, həm də Transxəzər dəhlizinin tranzit xəttini müəyyən edərək geniş bir coğrafiyada iqtisadi aktora çevriləcək.
E. CƏFƏRLİ