Səbrinin azaldığı, emosiyalarının önə keçdiyi nəsil...

Səbrinin azaldığı, emosiyalarının önə keçdiyi nəsil...

Gənclik enerjisi niyə aqressiyaya çevrilir?

İnsan bəzən ən böyük mübahisəni qarşısındakı ilə deyil, öz daxilində yaşayır. Deyə bilmədiyi sözlər, ifadə edə bilmədiyi narazılıqlar, qarşılaşdığı uğursuzluqlar və topladığı emosional gərginlik zaman keçdikcə davranışlarına təsir göstərir. Bu gərginlik bəzi hallarda səbirsizlik, kobud münasibət, dözümsüzlük və aqressiya şəklində üzə çıxır. Xüsusilə, gənclər arasında müşahidə olunan belə davranışlar düşündürücü mənzərə yaradır.

Əslində, gənclik insanın özünü təsdiq etməyə, müstəqil qərarlar verməyə, ətrafındakı dünyada yerini müəyyənləşdirməyə çalışdığı mühüm həyat mərhələsidir. Bu dövrdə emosiyaların daha kəskin yaşanması, haqsızlığa qarşı həssaslıq, öz fikrini qəbul etdirmək istəyi təbii haldır. Lakin etirazla aqressiya, özünümüdafiə ilə zorakı davranış arasındakı sərhəd pozulduqda vəziyyət dəyişir. Bəs gəncləri bu həddə gətirən nədir? Niyə bəzi gənclər narazılıqlarını sakit söhbətlə deyil, qəzəb, aqressiya və qarşıdurma ilə ifadə etməyə üstünlük verirlər?

Aqressiyanın arxasında hansı səbəblər dayanır?

Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən psixoloq Aytən Ələkbərova bildirib ki, gənclərdə aqressiv davranışın yaranmasını yalnız bir səbəblə izah etmək düzgün olmazdı: “Bu, çox zaman psixoloji, sosial, ailəvi və iqtisadi amillərin bir-birinə təsiri nəticəsində formalaşır. İnsanın böyüdüyü mühit, qarşılaşdığı münasibətlər, yaşadığı uğursuzluqlar və emosional ehtiyacları onun davranışlarına birbaşa təsir göstərə bilər.

Aqressiyanın əsas səbəblərindən biri emosiyaları idarə etmək bacarığının kifayət qədər inkişaf etməməsidir. Bəzi gənclər qəzəbləndikləri zaman hisslərini necə ifadə etməli olduqlarını bilmirlər. Onlar üçün narazılıq bildirməyin, mübahisə zamanı qarşı tərəfi dinləməyin və kompromisə gəlməyin əvəzinə, səsini yüksəltmək daha asan görünür. Nəticədə, kiçik anlaşılmazlıqlar belə böyük münaqişələrə çevrilir.

Digər mühüm amil isə özünəinamın zəifliyi və daxili narahatlıqlardır. Bəzən aqressiv görünən davranışın arxasında əslində özünü müdafiə etmək, zəif görünməmək və başqalarının hörmətini qazanmaq istəyi dayanır. Belə gənclər tənqidi şəxsi təhqir kimi qəbul edə, adi fikir ayrılığını özlərinə qarşı münasibət kimi qiymətləndirə bilirlər”.

Virtual mübahisələr real həyata keçir

Psixoloq qeyd edib ki, müasir gənclərin gündəlik həyatında sosial şəbəkələrin xüsusi yeri var: “Burada insanlar fikirlərini bölüşür, müzakirələrə qoşulur, müxtəlif hadisələrə münasibət bildirirlər. Lakin virtual ünsiyyətin yaratdığı sərbəstlik bəzən məsuliyyətsiz davranışlara da şərait yaradır. Şərhlərdə təhqir, lağ, alçaltma, aqressiv ifadələr və kiberzorakılıq halları xüsusilə narahatedicidir. Ekranın arxasında olmağın yaratdığı məsafə bəzi istifadəçiləri real həyatda deməyə cəsarət etməyəcəkləri sözləri yazmağa sövq edir. Üstəlik, sosial platformalarda qarşıdurma yaradan məzmunların geniş yayılması aqressiv davranışın adi və hətta qəbuledilən görünməsinə səbəb ola bilər.

Digər tərəfdən, sosial şəbəkələrdə nümayiş etdirilən süni uğur, dəbdəbəli həyat tərzi və zahiri mükəmməllik obrazları gənclərdə özünü başqaları ilə müqayisə etmək meylini gücləndirir. Bu müqayisələr bəzən narazılıq, özünü dəyərsiz hiss etmək, paxıllıq və daxili gərginlik yaradır. Həmin hisslər isə müəyyən hallarda ətrafdakılara qarşı aqressiv münasibətdə özünü büruzə verir”.

Sosial təzyiq və gələcəklə bağlı narahatlıqlar

A.Ələkbərovanın sözlərinə görə, gənclərin davranışlarına təsir edən amillər sırasında sosial və iqtisadi çətinlikləri də xüsusi qeyd etmək lazımdır: “Təhsilini başa vurduqdan sonra iş tapa bilməmək, maddi müstəqillik qazana bilməmək, gələcək planlarının reallaşmaması və cəmiyyətin gözləntilərinə cavab vermək təzyiqi gənclərdə ciddi psixoloji gərginlik yarada bilər. Bəzən gənc özünü yaşıdlarından geri qalmış hesab edir, qarşısına qoyduğu məqsədlərə çata bilmədikdə məyusluq yaşayır. Bu narazılıq düzgün istiqamətləndirilmədikdə ətrafındakı insanlarla münasibətlərə mənfi təsir göstərir.

Burada bir məqamı da unutmaq olmaz: aqressiv davranışı yalnız maddi çətinliklərlə əlaqələndirmək doğru deyil. Sosial təminatı yaxşı olan, təhsil alan və geniş imkanlara malik gənclər arasında da aqressiya müşahidə edilə bilər. Çünki emosional yetkinlik, empatiya və özünənəzarət insanın maddi vəziyyətindən asılı olmayan keyfiyyətlərdir”.

Zorakılığın adi davranış kimi qəbul edilməsi təhlükəlidir

Mütəxəssis qeyd edib ki, aqressiyanın daha ciddi formalarından biri onun tədricən normallaşmasıdır: “Bəzi mühitlərdə kobud danışmaq, qarşı tərəfi qorxutmaq, mübahisədə üstünlük qazanmaq üçün fiziki gücə əl atmaq zəiflik deyil, güc nümayişi kimi təqdim edilir. Xüsusilə, yeniyetməlik dövründə dost çevrəsinin təsiri güclü olduğundan, gənclər bəzən qrup tərəfindən qəbul edilmək üçün öz davranışlarını dəyişirlər. Belə şəraitdə aqressiv davranış təqlid yolu ilə yayıla bilər. Bir gəncin qarşıdurma zamanı zorakı üsulla istədiyinə nail olduğunu görən digəri də eyni davranışın nəticə verəcəyini düşünə bilər. Halbuki bu yanaşma həm fərdi münasibətləri zədələyir, həm də cəmiyyətdə qarşılıqlı etimadı zəiflədir.

Aqressiyanın nəticələri yalnız mübahisə edən iki insanla məhdudlaşmır. Məktəblərdə zorakılıq, küçə qarşıdurmaları, ailədaxili gərginlik, dostluq münasibətlərinin pozulması və hüquq pozuntuları daha geniş sosial problemlərin yaranmasına səbəb ola bilər”.

Aqressiyanın qarşısını almaq üçün nə etmək lazımdır?

Psixoloqun fikrincə, problemin həlli üçün ilk növbədə gənclərə yalnız qadağalar qoymaq deyil, onlara düzgün davranış alternativləri öyrətmək vacibdir: “Qəzəbi hiss etmək insan təbiətinin bir hissəsidir. Əsas məsələ həmin hissin hansı formada ifadə olunmasıdır. Ailələrdə uşaqların fikirlərinə diqqətlə yanaşmaq, onları dinləmək, hisslərini ifadə etmələrinə şərait yaratmaq mühüm əhəmiyyət daşıyır. Məktəblərdə isə psixoloji maarifləndirmə, münaqişələrin dinc yolla həlli, empatiya və ünsiyyət bacarıqlarının inkişafına yönəlmiş fəaliyyətlər genişləndirilməlidir.

İdman, yaradıcılıq, könüllülük fəaliyyəti və ictimai layihələr də gənclərin enerjisini müsbət istiqamətə yönəltmək üçün faydalı imkanlardır. Eyni zamanda, aqressiv davranış davamlı xarakter aldıqda və insanın gündəlik münasibətlərinə ciddi zərər vurduqda psixoloq və ya digər müvafiq mütəxəssisə müraciət etmək məqsədəuyğundur”.

Yeganə BAYRAMOVA