Cinayəti iqtisadiyyatı

Cinayəti iqtisadiyyatı

 

İnternetdən milyardlar qazanan gizli şəbəkələr

Bu gün dünyanın istənilən ölkəsində yaşayan insan bir neçə dəqiqə ərzində cinayətkarların hədəfinə çevrilə bilər. Telefonuna gələn saxta bank mesajı, sosial şəbəkədə qarşılaşdığı investisiya təklifi, internetdə tanış olduğu şəxsin sevgi etirafı və ya yüksək maaş vəd edən iş elanı bəzən böyük maliyyə itkilərinin başlanğıcı olur. Maraqlısı budur ki, bu cinayətlərin arxasında çox vaxt tək bir şəxs dayanmır, müxtəlif ölkələrdə fəaliyyət göstərən, öz aralarında vəzifə bölgüsü aparan, pul köçürmələrini təşkil edən və qazancı gizlədən böyük şəbəkələr durur.

Beynəlxalq təşkilatların son hesabatları göstərir ki, internet üzərindən həyata keçirilən maliyyə fırıldaqları artıq qlobal təhlükəyə çevrilib. İnterpolun 2026-cı ilin martında açıqladığı hesabatda maliyyə fırıldaqçılığının mütəşəkkil cinayətkarlıq, insan alveri və kibercinayətkarlıqla birləşdiyi bildirilir. Noyabrın 5-də isə çirkli pulların yuyulmasına qarşı mübarizə aparan Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (Financial Action Task Force - FATF) internet fırıldaqlarından əldə edilən pulların beynəlxalq şəbəkələr vasitəsilə necə gizlədildiyini açıqlayan yeni hesabat yayıb. Bütün bunlar bir həqiqəti ortaya qoyur: cinayətkarlıq dəyişir, müasir texnologiyalardan istifadə edir və getdikcə daha mürəkkəb iqtisadi sistemə çevrilir.

Cinayət iqtisadiyyatı nədir?

İlk növbədə “cinayət iqtisadiyyatı” anlayışını izah edək. Sadə dillə desək, bu, qanunsuz yollarla pul qazanmaq, həmin pulu başqa şəxslərə və şirkətlərə ötürmək, gizlətmək və yenidən dövriyyəyə buraxmaq üçün qurulan fəaliyyət sistemidir. Adi iqtisadiyyatda insanlar məhsul istehsal edir, xidmət göstərir, ticarətlə məşğul olur və qanuni gəlir əldə edirlər; cinayət iqtisadiyyatında isə gəlir oğurluq, dələduzluq, narkotik ticarəti, insan alveri, qanunsuz qumar, saxta investisiya və digər cinayətlər hesabına formalaşır. Burada əsas məsələ yalnız cinayətin törədilməsi deyil; cinayətkarlar əldə etdikləri pulları necə gizlətməyi, başqa ölkələrə köçürməyi və qanuni gəlir kimi göstərməyi də əvvəlcədən planlaşdırırlar. Buna görə də belə şəbəkələrdə təkcə fırıldaqçılar yox, pul köçürmələrini təşkil edən vasitəçilər, saxta şirkətlər yaradan şəxslər və qanunsuz gəlirləri gizlədən maliyyə iştirakçıları da rol oynayır. Bu fəaliyyətin ən təhlükəli tərəfi onun sərhəd tanımamasıdır. Bir ölkədə yaşayan şəxs başqa ölkədəki cinayətkar tərəfindən aldadıla, onun pulu üçüncü ölkədəki hesaba köçürülə, daha sonra müxtəlif maliyyə əməliyyatları vasitəsilə gizlədilə bilər.

Bir telefon zəngiylə başlayan milyonluq fırıldaq

Müasir cinayət iqtisadiyyatının ən geniş yayılmış istiqamətlərindən biri internet üzərindən həyata keçirilən maliyyə fırıldaqlarıdır. Cinayətkarlar insanları aldatmaq üçün müxtəlif üsullardan istifadə edirlər: bəzən özlərini bank əməkdaşı, dövlət qurumunun nümayəndəsi və ya tanınmış şirkətin işçisi kimi qələmə verirlər, bəzən də sosial şəbəkələrdə yüksək qazanc vəd edən reklamlar yerləşdirirlər. Xüsusilə saxta investisiya təklifləri geniş yayılıb - insanlara az məbləğdə pul yatırmaqla qısa müddətdə böyük gəlir əldə edəcəkləri bildirilir. İlk mərhələdə onlara saxta qazanc göstərilir. Bu görüntü qurbanın etibarını artırır və onu daha çox pul yatırmağa həvəsləndirir. Şəxs böyük məbləğ köçürəndən sonra isə hesabına daxil ola bilmir, pulunu geri ala bilmir və onunla əlaqə kəsilir.

Avropa Polis Təşkilatının (Europol) 3 noyabr 2026-cı il tarixli məlumatı belə cinayətlərin beynəlxalq miqyasını göstərir. Almaniya və digər ölkələrin hüquq-mühafizə orqanlarının iştirak etdiyi əməliyyat zamanı saxta investisiya platformalarının fəaliyyətinə xidmət göstərməkdə şübhəli bilinən infrastruktur hədəfə alınıb. 100-dən çox server ələ keçirilib, yeddi nəfər saxlanıb. Araşdırmaya görə, şəbəkənin potensial qurbanları 50-dən çox ölkədə olub, müəyyən edilmiş zərər isə 4 milyon avronu keçib.

Cinayətkarlar saxta internet səhifələri vasitəsilə insanları kriptovalyuta, xarici valyuta və səhmlərə investisiya yatırmağa çağırıblar. Onlar əvvəlcə kiçik məbləğdə pul qəbul edib, sonra qurbanlara ekranda uydurma qazanc göstərərək daha çox pul köçürmələrinə nail olublar. İnsanlar vəsaitlərini geri istəyəndə isə müxtəlif bəhanələrlə prosesi uzadıblar. Bu hadisə göstərir ki, internetdə peşəkar görünən hər bir şirkət və investisiya platforması etibarlı olmaya bilər.

Sevgi və etimaddan istifadə edən cinayətkarlar

Cinayətkarların başqa bir üsulu insanların hisslərindən və etibarından istifadə etməkdir. Sosial şəbəkələrdə və tanışlıq platformalarında saxta profillər yaradan şəxslər əvvəlcə qurbanla uzun müddət ünsiyyət qurur, özlərini mehriban, qayğıkeş və etibarlı insan kimi təqdim edirlər. Münasibət müəyyən səviyyəyə çatandan sonra isə müxtəlif bəhanələrlə pul istəyirlər. Bəzən guya xaricdə çətin vəziyyətə düşdüklərini, bəzən təcili əməliyyata ehtiyacları olduğunu, bəzən də birlikdə gələcək qurmaq üçün maliyyə vəsaitinə ehtiyac duyduqlarını bildirirlər. Qarşı tərəf isə artıq həmin şəxsə emosional bağlılıq hiss etdiyi üçün pul göndərir. Bu cür cinayətlərə romantik fırıldaqçılıq deyilir. Onun təhlükəsi ondadır ki, qurban yalnız pulunu itirmir, eyni zamanda ciddi psixoloji zərbə alır.

İnterpolun 2026-cı il üzrə hesabatında romantik fırıldaqçılıq, saxta investisiya təklifləri və şəxsi görüntülərlə şantajın bir-biriylə əlaqəli şəkildə həyata keçirildiyi qeyd olunur. Cinayətkarlar süni intellekt vasitəsilə saxta şəkillər, videolar və səslər hazırlayaraq insanları daha asan aldada bilirlər.

Süni intellekt cinayətkarların işini asanlaşdırır

Əvvəllər saxta video hazırlamaq, başqa şəxsin səsini təqlid etmək və ya inandırıcı saxta sənəd yaratmaq üçün xüsusi texniki biliklər tələb olunurdu. Bu günsə süni intellekt alətləri həmin işləri xeyli asanlaşdırıb. Məsələn, cinayətkar internetdə yayımlanmış bir neçə video və səs yazısından istifadə edərək insanın danışıq tərzini və səsini təqlid edə bilər. Daha sonra onun yaxınlarına zəng edərək özünü həmin şəxs kimi qələmə verib təcili pul istəyə bilər. Bəzən saxta videozənglər vasitəsilə də insanları aldatmağa çalışırlar. Ekranda görünən şəxsin üzü tanış olsa da, həmin görüntü həqiqi olmaya bilər. Belə saxtalaşdırılmış görüntülər “deepfake” adlanır. Bu termin süni intellekt vasitəsilə yaradılan və ya dəyişdirilən saxta video və səs materiallarını ifadə edir.

İnterpol 19 oktyabr 2026-cı ildə bu təhlükəylə bağlı xüsusi maarifləndirmə kampaniyasına başlayıb. Təşkilat bildirir ki, süni intellektlə yaradılan saxta görüntülər artıq yalnız tanınmış şəxsləri yox, adi vətəndaşları da hədəf alır. Bu səbəbdən yaxın adamınızdan təcili pul istəyən zəng və ya mesaj alanda həmin şəxslə əvvəlcədən məlum olan başqa əlaqə vasitəsilə danışıb məlumatı yoxlamaq vacibdir.

Qurbanlar yenidən cinayətə cəlb edilir

Cinayət iqtisadiyyatının ən ağır tərəflərindən biri də insan alveriylə əlaqəsidir.

Beynəlxalq təşkilatların məlumatlarına görə, bəzi ölkələrdə cinayətkar qruplar insanları yüksək maaşlı iş vədiylə xaricə aparır, sonra da onları qapalı obyektlərdə saxlayaraq internet fırıldaqları törətməyə məcbur edirlər. Belə obyektlərdə insanlar gün ərzində müxtəlif ölkələrdə yaşayan şəxslərə zəng edir, saxta investisiya təklifləri göndərir, sosial şəbəkələrdə saxta profillər yaradır və pul köçürmələri təşkil edirlər. İşləməkdən imtina edənlərsə çox vaxt təhdid və zorakılıqla üzləşirlər.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) 2026-cı ilin sentyabrında bu məsələylə bağlı yaydığı məlumatda Cənub-Şərqi Asiyada 80-dən çox ölkədən olan insanların belə cinayət mərkəzlərində müəyyən edildiyini bildirib. Bəzi şəxslər aldadılaraq həmin mərkəzlərə gətirilir və cinayət törətməyə məcbur edilirlər. Bu vəziyyət çox ciddi hüquqi və humanitar problem yaradır, çünki internetdə insanları aldadan hər bir şəxs cinayətkar olmaya bilər. Onların arasında insan alverinin qurbanı olan, hədə-qorxu altında işlədilən şəxslər də var. Hüquq-mühafizə orqanları belə hallarda cinayətin təşkilatçılarını və məcbur edilən insanları bir-birindən ayırmalıdır.

Çirkli pullar necə gizlədilir?

Cinayət nəticəsində əldə edilən pulun gizlədilməsi “çirkli pulların yuyulması” adlanır. Bu ifadə qanunsuz yolla qazanılmış vəsaitin mənbəyini gizlədərək onu qanuni gəlir kimi göstərmək deməkdir. Məsələn, cinayətkarlar dələduzluq yoluyla ələ keçirdikləri pulu birbaşa öz hesablarında saxlamaq əvəzinə müxtəlif şəxslərin bank hesablarından, saxta şirkətlərdən və rəqəmsal pul kisələrindən istifadə edə bilərlər: pul bir neçə dəfə başqa hesablara köçürülür, müxtəlif ölkələrə göndərilir və bəzən kriptovalyutaya çevrilir. Məqsəd pulun ilkin mənbəyini müəyyənləşdirməyi çətinləşdirməkdir. Bu prosesdə cinayətkarlar bəzən heç bir cinayətdə birbaşa iştirak etməyən adi insanlardan da yararlanırlar. Onlara bank hesablarını müəyyən məbləğ qarşılığında başqasına vermək və ya daxil olan pulu başqa hesaba köçürmək təklif olunur. Belə şəxslər beynəlxalq təcrübədə “pul qatırları” adlandırılır. Onlar cinayətkarların qanunsuz vəsaitləri hərəkət etdirməsinə kömək olurlar. Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (Financial Action Task Force - FATF) 5 noyabr 2026-cı il tarixli yeni hesabatında belə şəbəkələrin bank xidmətlərindən, mobil ödəniş sistemlərindən, kriptovalyutalardan və müxtəlif texnoloji vasitələrdən istifadə etdiyi göstərilir. Təşkilat üzvlərinin fikrincə, cinayətlə mübarizə yalnız fırıldaqçının tutulmasıyla bitməməlidir, onun ələ keçirdiyi pulun kimə çatdığını, hansı hesablardan keçdiyini və arxasında hansı təşkilatçıların dayandığını da müəyyənləşdirmək lazımdır.

Bu təhlükə Azərbaycana nə dərəcədə aiddir?

İnternet fırıldaqları və maliyyə cinayətləri coğrafi sərhəd tanımır. Cinayətkarın başqa ölkədə yerləşməsi onun Azərbaycandakı vətəndaşı aldatmasına mane olmur. Əksinə, internet vasitəsilə müxtəlif ölkələrdə yaşayan insanları eyni vaxtda hədəfə almaq mümkündür. Azərbaycan vətəndaşları üçün də saxta investisiya reklamları, sosial şəbəkələrdə yayılan şübhəli qazanc vədləri, bank əməkdaşı adıyla vurulan zənglər, saxta iş elanları və şəxsi məlumatların ələ keçirilməsi kimi risklər var. Xüsusilə yüksək gəlir vəd verən, lakin fəaliyyətinin hüquqi əsasları aydın olmayan internet platformalarına ehtiyatla yanaşmaq lazımdır. Heç kimə bank kartının məlumatlarını, şifrələri və birdəfəlik təsdiq kodlarını vermək olmaz. Bank əməkdaşı olduğunu iddia edən şəxs belə bu məlumatları istəməməlidir. Digər mühüm məsələ insanların öz bank hesablarını başqasına verməməsidir. Sadə bir köçürmə kimi görünən əməliyyat əslində cinayət yoluyla ələ keçirilmiş pulun gizlədilməsinə xidmət edə bilər. Belə hallarda hesab yiyəsi özü də hüquqi məsuliyyətlə üzləşə bilər. Azərbaycan üçün bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, banklarla hüquq-mühafizə orqanları arasında məlumat mübadiləsinin sürətləndirilməsi, kibercinayətlərin araşdırılması üçün mütəxəssislərin hazırlanması və əhalinin maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Cinayətlə mübarizə yalnız cinayətkarı tutmaqdan ibarət deyil

Müasir cinayət şəbəkələri bir ölkədə yaradılıb başqa ölkədə fəaliyyət göstərə, üçüncü ölkədəki bank hesablarından istifadə edə və ələ keçirdiyi pulu dünyanın müxtəlif yerlərində gizlədə bilər. Buna görə də belə cinayətlərlə yalnız bir dövlətin mübarizə aparması yetmir. İnterpolun 2026-cı ilin iyulunda açıqladığı məlumat bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini göstərir. 97 ölkə və ərazinin iştirak etdiyi “First Light 2026” əməliyyatı zamanı 5811 nəfər saxlanıb, 293 milyon ABŞ dolları dəyərində qanunsuz aktivin hərəkəti dayandırılıb. Əməliyyat nəticəsində dünyada 142 mindən çox mümkün qurban müəyyən edilib. Bu rəqəmlər problemin miqyasını göstərir. Ancaq əsas məsələ tutulan cinayətkarların sayını artırmaq deyil, onların fəaliyyət göstərdiyi maliyyə və texnoloji sistemi dağıtmaqdır. Saxta internet səhifələri, qanunsuz pul köçürmələri, saxta şirkətlər və insanları aldadan çağrı mərkəzləri fəaliyyətini davam etdirdikcə yeni cinayətkarlar da meydana çıxacaq.

Cinayət iqtisadiyyatının qarşısını almaq üçün banklar, texnologiya şirkətləri, dövlət qurumları və beynəlxalq təşkilatlar birlikdə işləməlidir. Eyni zamanda hər bir insan internetdə qarşılaşdığı təkliflərə tənqidi yanaşmalı, asan və sürətli qazanc vədlərinə inanmamalı, şübhəli halları aidiyyəti qurumlara bildirməlidir. Müasir dövrdə cinayətkarlar yalnız küçələrdə və gizli məkanlarda fəaliyyət göstərmirlər, onlar bəzən ofislərdə, internet platformalarında, saxta şirkətlərin arxasında və beynəlxalq maliyyə əməliyyatlarının içində gizlənirlər. Onların əsas məqsədi insanların etibarını qazanmaq, sonra da pullarını ələ keçirib izini itirməkdir. Ən təhlükəli məqam isə budur ki, cinayət artıq ayrı-ayrı şəxslərin qanunsuz fəaliyyəti olmaqdan çıxaraq böyük gəlir gətirən və beynəlxalq əlaqələrə malik bir sistemə çevrilir. Bu sistemlə mübarizə aparmaq üçün cinayətin nəticələrini aradan qaldırmaq azdır, onun pul mənbəyini, təşkilatçılarını və fəaliyyətini təmin edən bütün əlaqələri üzə çıxarmaq lazımdır. Çünki cinayətkarın qazanc yolu bağlanmadıqca yeni qurbanların aldadılması da davam edəcək.

Kəramət QƏNBƏROV

Beynəlxaq hüquq üzrə ekspert