Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi altılıq ölkələri (ABŞ, Almaniya, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Çin, Fransa, Rusiya Federasiyası) və İran İslam Respublikası arasında Avropa İttifaqının iştirakı ilə 2015-ci il iyulun 14-də imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsini alqışlayır.
Xarici İşlər Nazirliyinin bununla bağlı bəyanatında deyilir: “Bu irəliləyişin əldə olunmasında bütün tərəflərin nümayiş etdirdikləri qətiyyət və əzmi təqdir edirik. Biz, həmçinin bu nailiyyət münasibətilə dost və qonşu İran xalqını təbrik edir və bu müsbət prosesin Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da inkişafına əlavə təkan verəcəyinə əminliyimizi bildiririk”.