Bakıda keçirilən “X Beynəlxalq Bankçılıq Forumu 2026”da elektron bank xidmətlərinin yeni hədəfləri müəyyən edilib
Noyabrın 24-də Bakıda “Mastercard” ilə strateji tərəfdaşlıq çərçivəsində “X Beynəlxalq Bankçılıq Forumu 2026” (IBF 2026) keçirilib. “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusunda keçirilən forum Mərkəzi Bank, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Türk Dövlətləri Bank Assosiasiyaları Şurası (CBATS), Azərbaycan Banklar Assosiasiyası, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin bank assosiasiyaları və digər tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunub. Forum çərçivəsində bankçılıq sektorunun gələcəyi, rəqəmsal transformasiya, süni intellektin maliyyə xidmətlərində tətbiqi, ödəniş sistemlərinin inkişafı, kibertəhlükəsizlik, maliyyə texnologiyaları, “yaşıl bankçılıq”, alternativ maliyyələşmə mexanizmləri və dayanıqlı maliyyə kimi aktual mövzular müzakirə olunub.
IBF platforması regionun maliyyə və bankçılıq sektorunda aparıcı platformalarından biri olaraq hər il yüksəksəviyyəli iştirakçıları bir araya gətirir. Ötən illər ərzində təşkil olunan forum Bakı şəhərinin biznes və iqtisadi tədbirlər təqvimində flaqman tədbirlərdən biri kimi öz mövqeyini möhkəmləndirib.
Milli Ödəniş Sistemi ilə aparılan əməliyyatların həcmi 862,7 milyard manatı ötüb
Tədbirdə çıxış edən “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Zakir Nuriyev bildirib ki, son illərdə bank sektorunda institusional mühit daha da yaxşılaşdırılıb, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində qanaunvericilik bazası beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilib, bazara rəqabətə davamlı iştirakçıların daxil olması təmin edilib. Ödəniş xidmətləri həyata keçirən elektron pul və ödəniş təşkilatlarının, ödəniş sistemi operatorunun sayı artıb. İslahatlar nəticəsində milli ödəniş sistemi infrastrukturu, yəni AZİPS, XÖHKS və AÖS üzərindən emal edilən ödəniş əməliyyatlarının ümumi dövriyyəsi genişlənməkdə davam edir. 2026-cı ilin ötən 9 ayında Milli Ödəniş Sistemi vasitəsilə aparılan əməliyyatların həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz artaraq 862,7 milyard manata - tarixi rekord həddinə çatıb. Ölkə daxilində kartlarla həyata keçirilən nağdsız ödənişlərin həcmi isə 80,7 milyard manata çatıb. Kart əməliyyatlarının ümumi həcmində nağdsız ödənişlərin payı hazırda 70 faiz təşkil edir.
Bank sektorunun aktivləri 65 milyard manatdan çoxdur
Mərkəzi Bankın (MB) İdarə Heyəti sədrinin I müavini Əliyar Məmmədyarov bildirib ki, 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda bank sektorunun aktivləri 14 faizdən çox artaraq 65 milyard manatı ötüb. Bu dövrdə bankların kredit portfeli 14 faiz artaraq 34 milyard manatı üstələyib, bankların biznes kreditləri portfeli isə 17 faiz artaraq 19 milyard manata yaxınlaşıb. Əhalinin əmanətləri isə 15 faizə yaxın artaraq tarixi rekorda - 18,7 milyard manata çatıb. Son illərdə bank sektoru üzrə unikal əmanətçi sayında da artım müşahidə olunur. 2023-cü ilin sonu ilə müqayisədə unikal əmanətçi sayı 2,2 dəfə artaraq 235 min nəfəri üstələyib. Bank sisteminin dayanıqlıq göstəriciləri də yüksək olaraq qalır. Belə ki, sektorun məcmu kapitalı 7 milyard manat təşkil edir. Bank sisteminin əsas göstəricisi olan kapitalın adekvatlıq əmsalı 17 faizdən çoxdur. Bu da tənzimləyici tələblərimizi əhəmiyyətli dərəcədə üstələyir və gələcək texnoloji transformasiya üçün möhkəm təməl formalaşdırır.
Rəqəmsal transformasiya üzrə yeni Dövlət Proqramı hazırlanır
Son illərdə tənzimləmə və nəzarət istiqamətləri üzrə həyata keçirilən dayanıqlı tədbirlər ölkənin bank sektorunun beynəlxalq reytinqlərinin yaxşılaşmasına əhəmiyyətli töhfə verib.
Ə.Məmmədov bank sektorunun qarşısında duran yeni çağırışlardan bəhs edərək vurğulayıb ki, MB 2027-ci ilə yeni texnoloji reallıqlarla daxil olur. Sürətli rəqəmsallaşma, açıq bankçılığın inkişafı və süni intellektin geniş tətbiqi maliyyə bazarlarında oyun qaydalarını köklü şəkildə dəyişdirir. Bu baxımdan kapital tələbləri kimi klassik risk azaltma tədbirləri ilə yanaşı, texnoloji və kiberrisklərə yönəlik nəzarət mexanizmlərinin sürətli tətbiqi nəzərdə tutulur. Məhz bu kontekstən hazırda tənzimləyici qurumların qarşısında iki sistemli çağırış formalaşdırır. Birinci çağırış risklərin təbiətinin mürəkkəbləşməsi: belə ki, ənənəvi maliyyə risklərinə yüksək əməliyyat, texnoloji və hətta iqlim riskləri əlavə olunur. İkincisi, sosial mühitdə məlumatların sızma riskləri ilə bağlıdır.
Ə.Məmmədov qeyd edib ki, Mərkəzi Bank maliyyə sektorunun rəqəmsal transformasiyası üzrə yeni dövlət proqramı hazırlayır. 2027-2030-cu illəri əhatə edən proqramın əsas prioritetləri ölkəmizi regionun aparıcı rəqəmsal maliyyə mərkəzlərindən birinə çevirmək, innovativ maliyyə xidmətlərinin inkişafını dəstəkləmək və nağdsız ödənişləri genişləndirməkdir.
Elektron ticarət əməliyyatlarının həcmi yüksəlib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, etibarlı, təhlükəsiz və dayanıqlı bank sektorunun formalaşdırılması üçün müasir texnologiyaların və analitik yanaşmaların inteqrasiyası həyati əhəmiyyət daşıyır. Xüsusilə süni intellekt və böyük verilənlərin tətbiqi risklərin idarə olunmasında yeni imkanlar açır. Bu texnologiyalar banklara kredit, likvidlik, bazar və əməliyyat risklərini daha proaktiv və dəqiq qiymətləndirməyə, real vaxt rejimində analitik qərarlar qəbul etməyə, eləcə də dəyişən şəraitə operativ və çevik reaksiya verməyə imkan yaradır. Həmçinin, bank əməliyyatlarının kibertəhlükəsizlik tələblərinə uyğunlaşdırılması və rəqəmsal ödəniş risklərinin səmərəli idarə olunması da mühüm əhəmiyyət daşıyır. Elektron bankçılığın və nağdsız ödənişlərin genişlənməsi təhlükəsizlik mexanizmlərinin gücləndirilməsini, maliyyə əməliyyatlarının etibarlılığının təmin edilməsini zəruri edir. Bu infrastrukturun dayanıqlılığı sayəsində ölkədaxili nağdsız kart ödənişlərinin həcmi cari ilin ötən 9 ayında 25,6 faiz artaraq 99,1 milyard manata çatıb. Elektron ticarət əməliyyatlarının sayı və həcmi müvafiq olaraq 43,4 faiz və 29,8 faiz yüksəlib. İnternet və mobil bankçılıq vasitəsilə həyata keçirilən müştəri köçürmələrində də müvafiq olaraq 12,4 faiz və 14,3 faiz artım qeydə alınıb.
Azərbaycan nağdsız ödənişlər üzrə bir çox ölkələri geridə qoyub
Forumda çıxış edən “Mastercard Advisors & Consulting Services” şirkətinin nümayəndəsi Eren Özkan ölkəmizdə rəqəmsal bankçılığın inkişafına diqqət çəkərək vurğulayıb ki, Azərbaycan regionda rəqəmsallaşma baxımından ən sürətlə inkişaf edən, ən qabaqcıl mövqelərə yüksələn ölkələrdən biridir. Rəqəmsallaşmanın əsas göstəricilərindən biri kart əməliyyatlarının hansı hissəsinin nağdsız formada həyata keçirilməsidir. Təxminən 10 il əvvəl Azərbaycanda bu göstərici 10 faiz ətrafında idisə, hal-hazırda 68 faizə yüksəlib. Respublikamız bu göstərici üzrə bir çox ölkəni, o cümlədən ÜDM-i dəfələrlə çox olan dövlətləri geridə qoyur. Qeyd edilib ki, rəqəmsal arxitektura Azərbaycanda ödəniş kartları ilə həyata keçirilən nağdsız ödənişlərin illik dövriyyəsini daim artırır. Hazırda bu dövriyyənin məbləği 100 milyard manata, ümumi əməliyatlarda isə xüsusi çəkisi isə 70 faizə yaxınlaşıb ki, bu da bir çox ölkələrdən üstün göstəricidir.
“Mastercard”ın nümayəndəsi bildirib ki, Azərbaycan rəqəmsal ödəniş ekosistemində ciddi islahatları daha da inkişaf etdirir ki, bu da növbəti mərhələdə isə mobil cihazlar və smartfonların bazarda rolunu gücləndirəcək. Mobil ödənişlərin inkişafı, xüsusilə də, “Apple Pay” və “Google Pay” kimi texnologiyaların Azərbaycanda istifadəsinin artması təmassız əməliyyatlarda daha yüksək göstəriciyə çatmağa imkan verəcək.
Türk dövlətləri bank əməkdaşlığını gücləndirmək niyyətindədir
Türkiyə Banklar Birliyinin İcraçı direktoru Nurullah Bakır isə Türk dövlətləri arasında maliyyə və bank sahəsində əməkdaşlığın müasir vəziyyətinə toxunaraq yeni nəsil maliyyə alətlərində birgə layihələrin tətbiqinin vacib olduğunu bildirib.
Onun sözlərinə görə, etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq sisteminin inkişafı ölkələr arasında əməkdaşlığı da zəruri edir. Türk dövlətləri arasında mövcud olan güclü əlaqələr maliyyə və bankçılıq sahəsində mühüm imkanlar yaradır. Türk Dövlətləri Bank Birlikləri Şurası çərçivəsində həyata keçirilən fəaliyyət bank birlikləri arasında bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, ortaq layihələrin hazırlanması və institusional potensialın gücləndirilməsi baxımından mühüm platforma rolunu oynayır. Bankçılıq sektorunun gələcəyi etibarı qoruyan, texnoloji inkişaflardan səmərəli istifadə edən və dayanıqlı iqtisadi artımı dəstəkləyən maliyyə strukturunu qurmaqdan asılıdır. Buna görə də, Türk dövlətlərinin bank qurumları bir-birindən ayrı deyil, əksinə, bir-birini tamamlayan prioritetlərə fokuslanaraq texnoloji transformasiyaya diqqəti artırmalıdır. Həmçinin, texnoloji inkişafın tələblərinə adekvat cavab vermək üçün süni intellekt, açıq bankçılıq, rəqəmsal kimlik və yeni nəsil ödəniş sistemlərinə yönəlmiş maliyyə xidmətlərinin göstərilməsində yeni imkanları dəyərləndirmək lazımdır.
“X Beynəlxalq Bankçılıq Forumu 2026”da bir sıra sənədlər imzalanıb. Belə ki, Azərbaycan Banklar Assosiasiyası ilə Mərkəzi Asiya Fintex Assosiasiyası arasında əməkdaşlıq sazişi imzalanıb. Azərbaycan Banklar Assosiasiyası Tacikistan Banklar Assosiasiyası ilə anlaşma memorandumunu imzalayıb.
E.CƏFƏRLİ