Yarımçıq qalan həyatların ağrısı...

Müharibə dedikdə göz önündə insanlıq əleyhinə dəhşətli cinayətlər canlanır. Azərbaycan da müstəqilliyinin ilk illərindən qonşu Ermənistanın respublikamıza qarşı başladığı təcəvüzkarlıq siyasətinin nəticəsi olaraq belə dəhşətləri yaşayan ölkələr sırasında yer alır. Dağıdılmış şəhərlər, kəndlər, təhqir edilmiş qəbiristanlıqlar, talançılığa məruz qalmış təbii sərvətlər, oğurlanmış tarixi-mədəni irs nümunələri... Bunlar Ermənistanın havadarlarının dəstəyi ilə üç onillik ərzində davam etdirdiyi müharibənin kədərli miraslarıdır.

Lakin Azərbaycan xalqının üzləşdiyi amansız müharibənin son dərəcə ağır fəsadları yalnız sadalananlarla bitmir. Ədalətsiz müharibənin ən ağır mirası həyatları yarımçıq kəsilən və taleləri naməlum qalan insanların yaxınlarının çəkdikləri əzab-əziyyətdir. Gecə-gündüz onların gözləri qapı-pəncərədədir, gəlib-gedəndən soraq, təsəlli gözləyirlər.

Azərbaycan dövlətinin həssas yanaşması

Rəsmi məlumatlara əsasən, Birinci və İkinci Qarabağ müharibələrində, ümumilikdə, 4010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 4004 nəfəri Birinci Qarabağ müharibəsi, 6 nəfəri isə 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı itkin düşüb.

Təqdim olunan rəqəmlər özlüyündə əyani göstəricidir. Görün, nə qədər ailə, ana, ata, bacı, qardaş yaxınlarının həsrəti ilə yaşayır. Tarix boyunca Azərbaycan xalqının özünəməxsus həyat tərzi, mentaliteti formalaşıb. İnsanlar yaxın adamını itirdikdə “ölüm haqdır” deyib  onu torpağa tapşırır və bununla da müəyyən qədər təsəlli tapırlar. Birinci və İkinci Qarabağ müharibələrində igid oğul və qızlarımız uca şəhidlik zirvəsinə ucalıblar. İndi  Azərbaycanın, demək olar ki, hər bölgəsində şəhidlərimizin uyuduqları qəbiristanlıqlar var. Onlar bizim müqəddəs ziyarətgahlarımıza çevriliblər. Ancaq müharibələr başa çatsa da, taleləri hələ də bəlli olmayan insanların ağrı-acısı bitib-tükənmək bilmir, hər an qəlbimizi sızladır.

Taleləri hələ də bəlli olmayan insanlarla bağlı məsələ yalnız ailələrin, cəmiyyətin problemi deyil. Eyni zamanda, daim öz vətəndaşlarının yanında olmaq nümunəsi sərgiləyən Azərbaycan dövləti Prezident İlham Əliyevin son dərəcə həssas yanaşmasına uyğun olaraq bu məsələni daim ölkə gündəliyində saxlayır. Prezident İlham Əliyev bir qədər bundan əvvəl Bakıda əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə itkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində keçirilən “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV Beynəlxalq Konfransın iştirakçılarına ünvanladığı müraciətində bir daha vurğulayıb ki, münaqişənin bitməsinə baxmayaraq, itkin düşmüş şəxslərin taleyinin araşdırılması Azərbaycan dövləti üçün ən vacib məsələlərdən biri olaraq qalmaqdadır.

Azad ərazilərdə aşkarlanan 32 məzarlıq

Eyni zamanda, dövlət başçısının tapşırıqlarına uyğun olaraq müvafiq qurumlar itkin düşmüş şəxslər barəsində məlumatların toplanması istiqamətində fəaliyyətlərini ara vermədən davam etdirirlər. O cümlədən işğaldan azad edilmiş ərazilərdə aparılan axtarış və qazıntı işləri taleyi naməlum qalan şəxslərin müəyyənləşdirilməsi üçün mühüm zəmin yaradıb. Rəsmi məlumatlara əsasən, indiyədək 32 kütləvi məzarlıq aşkarlanıb və 910 nəfərə aid insan qalıqları çıxarılıb. DNT və məhkəmə-tibbi ekspertizalar sayəsində 328 şəxsin kimliyi təsdiqlənib, onlardan 267 nəfərin qalıqları ailələrinə təhvil verilərək dəfn edilib.

Görülən işlər yalnız kriminalistik və texniki prosedurlardan ibarət deyil. Kütləvi məzarlıqların aşkarlanması baş vermiş hadisələrin, şahid ifadələrinin dəqiqləşdirilməsi, faktların sənədləşdirilməsi və beynəlxalq humanitar hüquq pozuntularının araşdırılması baxımından da mühüm rol oynayır.

Bununla yanaşı, identifikasiya prosesi mürəkkəb və uzunmüddətli mərhələlər tələb edir. Qalıqların saxlanma vəziyyəti, bioloji materialların zamanla parçalanması, dəlillərin itməsi, şahidlərin azalması və məlumat qıtlığı işi çətinləşdirən əsas maneələrdir. Odur ki, müasir DNT üsullarının, antropoloji analizlərin, arxiv sənədlərinin və kriminalistik vasitələrin ardıcıl tətbiqi, eləcə də yerli mütəxəssislər və beynəlxalq ekspertlərin cəlb olunması xüsusi əhəmiyyət daşıyır.

Ermənistanın beynəlxalq humanitar hüquqa və etimad quruculuğuna zidd olan davranışları

Minlərlə ailənin iztirabına səbəb olan məsələnin həlli beynəlxalq əməkdaşlıq, koordinasiyalı fəaliyyət tələb edir. Bu baxımdan Prezident İlham Əliyevin itkin düşmüş şəxslər probleminin həlli məqsədilə BMT çərçivəsində xüsusi mexanizmin yaradılması barədə irəli sürdüyü təşəbbüs böyük aktuallıq daşıyır.  Beynəlxalq humanitar hüquq bu sahədə aydın hüquqi çərçivə müəyyənləşdirir. 1949-cu il 12 avqust tarixli dörd Cenevrə Konvensiyası və 1977-ci il Əlavə Protokolları silahlı münaqişələr zamanı həlak olmuş şəxslərin qalıqlarının müəyyənləşdirilməsi və dəfn yerlərinə hörmətlə yanaşılması ilə bağlı mühüm hüquqi normaları ehtiva edir. Münaqişə tərəfləri həlak olmuş şəxslərin mümkün olduğu hallarda dini adət-ənənələrinə uyğun dəfn olunmasını təmin etməli, məzarların qorunmasına, müvafiq qaydada işarələnməsinə və gələcəkdə müəyyənləşdirilə bilməsinə şərait yaratmalıdırlar. Bundan başqa, ailələrin və rəsmi komissiyaların nümayəndələrinin dəfn yerlərinə çıxışı, habelə insan qalıqlarının mənşə dövlətinin və ya yaxınlarının müraciəti əsasında geri qaytarılmasının asanlaşdırılması da beynəlxalq humanitar hüququn mühüm istiqamətlərindəndir.

Azərbaycan və Ermənistan arasında informasiya mübadiləsinin genişləndirilməsi, mümkün dəfn yerləri barədə məlumatların paylaşılması, arxiv materiallarının araşdırılması və DNT nəticələrinin qarşılıqlı müqayisəsi itkin düşmüş şəxslərin identifikasiyası prosesində real nəticələrin əldə olunmasına şərait yarada bilər. Otuz illik işğal dövründə Azərbaycan müxtəlif beynəlxalq platformalarda itkin düşmüş şəxslərlə bağlı problemi gündəmə gətirib və Ermənistandan bununla bağlı səhih məlumatları ölkəmizə təqdim etməsini istəyib. Rəsmi İrəvan isə müxtəlif bəhanələr gətirməklə məlumatları verməkdən yayınıb. Təəssüf doğuran haldır  ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin bu illər ərzində fəaliyyəti də nəticə verməyib.

Ermənistanın bu kimi davranışları beynəlxalq hüquqa və sülh, etimad quruculuğu prosesinə uyğun deyil. İtkin düşmüş şəxslərin axtarışlarının səmərəliliyi dəqiq məlumatların əldə olunmasından bilavasitə asılıdır. Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu, hüquqi öhdəlik və humanitar məsuliyyət olmaqla yanaşı, sülhə sadiqliyin əməli ifadəsi, qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə olardı. İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır.

Mübariz FEYİZLİ