Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, energetika, tikinti və daşınmaz əmlak, rəqəmsal texnologiyalar və süni intellekt, əczaçılıq, nəqliyyat və logistika, kənd təsərrüfatı və qida sənayesi, turizm, maliyyə, ətraf mühitin mühafizəsi və digər sahələrdə fəaliyyət göstərən 250-dən çox şirkətin nümayəndəsi iştirak edib. Bu sayda geniş və ixtisaslaşmış sahibkarlıq subyektlərinin təmsil olunduğu nümayəndə heyətinin tədbirdə iştirakı Azərbaycan-İtaliya əlaqələrinin möhkəmləndirilməsinə olan xüsusi önəmi təsdiqləyir. Forum çərçivəsində tərəflar arasında iqtisadi əməkdaşlıq və investisiyaların yeni imkanları ətrafında fikir mübadiləsi aparılıb, birgə layihələrin icrası sahəsində anlaşmalar əldə olunub.
12 milyard dollara yaxın ticarət dövriyyəsi
İqtisadiyyat nazirinin müavini Anar Axundov bildirib ki, cari il yanvarın 13-də Bakıda keçirilən Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının 6-cı iclası və Komissiyanın 70-dən çox təşəbbüsü əhatə edən 2026-2027-ci illər üzrə Fəaliyyət Planı iqtisadi tərəfdaşlığın daha da genişləndirilməsi üçün mühüm imkanlar yaradır. İki ölkə arasında iqtisadi-ticarı münasibətlər davamlı olaraq dinamika nümayiş etdirir, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı və əsas ixrac bazarıdır. 2025-ci ildə ikitərəfli ticarət dövriyyəmizin həcmi 12 milyard dollara yaxın olub. 2026-cı ilin ötən doqquz ayında isə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9 milyard dollardan çoxdur. Qeyri-neft ticarətinin genişlənməsi sahibkarlara Avropa bazarına çıxmağa, sənaye müəssisələrimizə isə istehsalı müasirləşdirməyə imkan verir. Azərbaycanda sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat, ticarət və xidmət sahələrində İtaliya sərmayəli 124 şirkət fəaliyyət göstərir. Azərbaycan İtaliya iqtisadiyyatına uzunmüddətli sərmayə yatırır.
İtaliyanın neft tələbatının 40 faizini ölkəmiz təmin edir
Enerji sektoru ikitərəfli münasibətlərin əsas aparıcı xəttini təşkil edir. İtaliyanın aparıcı şirkətləri uzun illərdir ki, Azərbaycanın enerji bazarında fəal iştirak edir. Bu gün İtaliya Azərbaycanın Avropada ən iri enerji tərəfdaşlarından biridir və bu əməkdaşlıq bütövlükdə qitənin enerji təhlükəsizliyi üçün xüsusi əhəmiyyət daşıyır. İtaliya Sənaye Konfederasiyasının kiçik sənaye üzrə vitse-prezidenti Fausto Mazzali qeyd edib ki, TAP və mərkəzi enerji infrastrukturu eləcə də “Ansaldo” ilə “AzərEnerji” arasında əməkdaşlıq İtaliyanın sənaye potensialı ilə Azərbaycanın yerli tərəfdaşlarını bir araya gətirən uğurlu nümunələrdir. Hazırda İtaliyada istehlak olunan neftin təxminən 40 faizi Azərbaycan hesabına təmin edilir. Ümumilikdə, Azərbaycan İtaliyanın neft və qaz təchizatında ikinci yerdə dayanır. 2025-ci ildə Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına tədarük olunub. Yeri gəlmişkən, TAP layihəsinin genişləndirilməsi və Avropaya daha çox qaz nəqli planında da İtaliya fəal iştirak edir. Bu prosesin başa çatmasından sonra bu ölkənin Mərkəzi Avropa bazarında enerji ötürücülüyündə strateji körpü funksiyası daha da artacaq.
Fausto Mazzalinin sözlərinə görə, institusional əlaqələrin möhkəmləndirilməsi sahibkarlıq subyektlərinin bu prosesə daha fəal cəlb olunması ilə müşayiət edilməlidir. Əsas məqsəd yaranmış yaxınlığı yeni sənaye tərəfdaşlıqlarına, investisiyalara və konkret layihələrə çevirməkdir. Bu istiqamətdə İtaliya müəssisələrinin istifadəsində olan maliyyə və sığorta dəstəyi alətləri də mühüm rol oynayır. O, Azərbaycan və İtaliya arasında iqtisadi tərəfdaşlığın daha da genişləndirilməsi üçün kiçik və orta müəssisələrin də bu prosesə cəlb edilməsinin vacibliyini qeyd edib.
İtaliya İqtisadiyyatının Milli Təşviqi Təşkilatı “Cassa Depositi Prestiti SpA”nın beynəlxalq bazarların inkişafı üzrə rəhbəri Laurent Franciosi isə bildirib ki, ticarət əlaqələrinin genişləndirilməsi ilə yanaşı, məhsuldar investisiyaların artırılması, texnologiya transferi və müəssisələr arasında əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur və bu amillər nəzərə alınacaq. Bu prosesdə CDP mühüm rol oynaya bilər. Sənaye və maliyyə sahələrində Azərbaycan İnvestisiya Holdinqi və onun törəmə qurumları, o cümlədən SOCAR kimi iri şirkətlərlə dialoq yeni ixrac və əməkdaşlıq imkanlarını daha da artırcaq.
İtaliya regional bağlantıların inkişafına, xüsusilə Orta Dəhliz infrastrukturu, Qara dəniz və Xəzər dənizi arasında enerji əlaqələrinin genişləndirilməsinə də böyük maraq göstərir, bu istiqamətlərdə əməkdaşlıq imkanları nəzərdən keçirilir.
İtaliya şirkətləri yeni layihələrə böyük maraq göstərir
Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov iki ölkənin biznes qurumları arasında faydalı əməkdaşlığını qurulduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan ilə İtaliya arasında əməkdaşlığın genişləndirilməsi və İtaliya şirkətlərinin ölkəmizdəki layihələrdə iştirakı üçün böyük potensial var. Birgə müəssisələrin yaradılması, istehsal müəssisələrinin qurulması, qabaqcıl texnologiyaların tətbiqi nəzərdə tutan innovativ və perspektivli təşəbbüsləri yeni gündəliyə daxildir. İtaliyanın SACE və CDP ilə əməkdaşlıq çərçivəsində iki ölkənin biznes dairələrinin təşəbbüslərinə hökumət səviyyəsində dəstəyin göstərilməsi nəzərdə tutulur ki, bu da İtaliya şirkətlərinin Azərbaycana investisiya yatırmaq marağını artıracaq.
Biznes-forum çərçivəsində Azərbaycan və İtaliyanın müvafiq qurumları və şirkətləri arasında 9 sənəd imzalanıb. Bu sənədlər Azərbaycan-İtaliya iqtisadi münasibətlərinin diversifikasiyasını gücləndirməklə, əsaslı layihələrlə, o cümlədən qeyri neft-qaz sahəsində prioritet istiqamətlərlə genişlənəcəyinə dərin zəmin yaradır.
E.CƏFƏRLİ