Erməni silahlı birləşmələri Tərtər rayonunun təmas xəttinə yaxın ərazilərdəki yaşayış məntəqələrinə artilleriya zərbələri endirməkdə davam edir.
Tərtər rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, erməni silahlıları tərəfindən aprelin 26-dan 27-nə keçən gecə yaşayış məntəqələrinə atılan mərmilər nəticəsində rayonun Yuxarı Qapanlı və Əskipara kəndlərində 4 fərdi yaşayış evinə ziyan dəyib.
Düşmənin atəşi nəticəsində 35 kilovoltluq İsmayılbəyli elektrik hava xətti sıradan çıxıb, rayonun 11 kəndində elektrik enerjisi kəsilib. Hazırda elektrik xəttinin bərpası istiqamətində işlər görülür.