"GMO (genetik modifikasiya olunmuş) məhsullar laboratoriya şəraitində genetik dəyişikliklərlə hazırlanır. Bu məhsullar bəzən daha dözümlü, iri və ideal görünüşlü olur, lakin təbii məhsullardan fərqlənə bilər".
Bu fikirləri Yeniazerbaycan.com-a açıqlamasında qida üzrə ekspert Asim Vəliyev deyib. Onun sözlərinə görə, bazarda GMO məhsullarını tanımaq üçün bir neçə sadə üsula diqqət etməz lazımdır: "GMO məhsullar əksər vaxt çox simmetrik, parlaq və iri olur. Məsələn, bir qutudakı pomidorların hamısı eyni ölçüdə və ləkəsizdirsə, GMO olma ehtimalı yüksəkdir. Təbii məhsullar daha qeyri-bərabər formada və bəzən ləkəli olur. Təbii meyvə-tərəvəz daha güclü qoxuya və daha dolğun dada malikdir. GMO məhsullar bəzən zahirən gözəl görünsə də, dadı zəif olur".
Ekspert onu da qeyd edib ki, əgər məhsul öz mövsümündə deyilsə, o ya istixana, ya da GMO ola bilər: "Məsələn, qışda təzə çiyələk satılırsa, bu məhsul GMO və ya xaricdən gəlmiş ola bilər. Supermarketlərdə "organic", "GMO-suz" (non-GMO) kimi etiketlərə baxmaq lazımdır. Qarğıdalı, soya, pambıq, şəkər çuğunduru və bəzi balqabaq növləri dünyada GMO-ya daha çox məruz qalan məhsullardır. Bunlara xüsusi diqqət yetirmək lazımdır".
Havar Şəfiyeva