Çin hekayələri

Çin hekayələri

Yüz il sonrakı insanın ruhunu “kəşf etməyə” çalışıb.

On bir Çin yazıçısı “COVID-19”un yayılmağa başladığı vaxtdan yüz il sonranı qələmə alıb. Ortaya çıxan mənzərə qəribə, maraqlı, bir az acınacaqlı, bir az da təəccüblü, hətta ümidvericidir. Axı Ədəbiyyatın hissetmə sensorları uzaqgörəndir...

On bir yazıçının arasından cəmi bir neçə müəllif yüz il sonranı təsəvvür etməyə çalışarkən yeni bir virusun yarada biləcəyi vəziyyəti hiss etməyə üstünlük verib. Qalanlar iqlim dəyişikliyi, yeni ixtiralar və kəşflərin insanların həyat tərzini necə dəyişdirə biləcəyinə diqqət yetirib.

Çinin qorxu janrında (horror writer. ing.) yazan ən məşhur müəllifi Çjou Dedunun “Mən fərqli bir dünya istəyirəm” əsəri isə xüsusi diqqət çəkib. Əsərin qəhrəmanı Sü Çjı yaşlı bir kişidir. Şanxayda yaşayan bu kişi 2019-cu ildə, karantinin ilk günlərindəcə öz mənzilindən çıxır və bir daha geri dönmür. Müəllif isə öz qəhrəmanını 2119-cu ildə, yeni ixtiraların köməyi ilə tapmağa çalışır. Belə ki, alimlər yüz il əvvəl mövcud olmuş bioloji insan növünün bədən istiliyinin izlərinə düşərək, hərarət vasitəsilə Sü Çjını tapmağa və onun hərəkət trayektoriyası barədə məlumat toplamağa səy göstərirlər. Sən demə, qoca Sü Çjı yüz il əvvəl, 2019-cu ildə, pandemiyanın ilk günlərindəcə xəstəxanaya yerləşdirilən həyat yoldaşının yanına gedib çatmaq üçün çanfəşanlıq göstərib və bu zaman güclü emosional zərbələr alıb. Yazıçı demək istəyib ki, dünyada çox şey dəyişəcək, güclü tərəqqi olacaq, amma nə olursa olsun, yüz il sonra da yaxınlarınızdan, sevdiyiniz insanlardan, xatirələrinizdən ayrılmağın ağrısı dəyişməyəcək. 

Görəsən, nə üçün əksər Çin müəllifləri iqlim dəyişikliyi problemlərinə, yeni ixtira və kəşflərin insanların həyat tərzini necə dəyişdirə biləcəyinə diqqət yetiriblər? Qoca Sü Çjının mənəvi əzabları niyə digər mətnlərdən fərqli olaraq daha çox diqqət çəkib? Bəlkə ondan ötrü ki, gələcəyi tamam başqa cür təsəvvür etmək belə, insanı xoflandırır? Bəlkə ədəbiyyata müraciət edib demək istəyirik ki, bizə kömək et, elə et ki, olub-qalanlarımızı itirməyək? Bəlkə də yeni yaranan hər ümidverici mətn bir duadır? Görəsən, hissetmə sensorlarımız itirə biləcəklərimizi Ədəbiyyatın gözü ilə görmək istəyərkən, həm də bu böyük itkinin növbəti, “daha maraqlı”seriyasına baxmaq həvəsi ilə alışıb yanmır ki?

Yeri gəlmişkən, qlobal əhəmiyyətli, tarixi görüşün keçirildiyi Şençjen şəhərinin ən nüfuzlu yazıçısı da elmi fantastika üzrə dünyaca məşhur müəllif Hai Yadır...

Məqsəd Nur