IDEA İctimai Birliyi ətraf mühit və davamlı inkişaf sahələri üzrə təhsil alan gənclər üçün növbəti tədbirini Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirib.
AZƏRTAC xəbər verir ki, 200 nəfərədək tələbənin iştirak etdiyi tədbirdə IDEA İctimai Birliyinin Gəncə Resurs Mərkəzinin koordinatoru Könül Zeynalova çıxış edərək, IDEA-nın indiyədək ekologiyanın qorunması istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən və qarşıda duran vəzifələrdən danışıb.
ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, universitetin prorektoru Aidə Qasımova IDEA İctimai Birliyinin həyata keçirdiyi ekoloji layihələrin əhəmiyyətini vurğulayıb, ümumrespublika yaşıllaşdırma marafonu çərçivəsində görülən işlərdən söhbət açıblar.
Tədbirin sonunda interaktiv müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.