Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində ötən ay əlavə olaraq 18 min 508 nəfərə fərdi şəxsi hesab açılıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, avqustun 1-nə olan məlumata görə Fondun fərdi uçot sistemində fərdi şəxsi hesabı olanların sayı ötən ilin müvafiq dövrü (3 512 261 nəfər) ilə müqayisədə 155 min 884 nəfər və ya 4,4 faiz artaraq 3 milyon 668 min 145 nəfərə çatıb.
Fərdi şəxsi hesabda məcburi dövlət sosial sığorta haqları formasında toplanan pensiya kapitalı vətəndaşın gələcək pensiya hüququnun formalaşmasına imkan verir. Bu kapitalın hər ilin əvvəlində indeksləşdirilərək artırılması təmin olunur.