Mövsümi viruslardan necə qorunaq?
Payızın son günləri, qışın astanasındayıq. Küçələrdə havanın soyuqluğu hiss olunur, insanlar isti geyimlərə üstünlük verir, qapalı məkanlarda keçirilən vaxt artır. Elə bu dövrdə ətrafımızda tez-tez rastlaşdığımız mənzərə də dəyişir, kiminsə boğazı ağrıyır, kimsə öskürür, digəri isə yüksək hərarətdən şikayətlənir. Məktəblərdə, iş yerlərində, ictimai nəqliyyatda mövsümi xəstəliklərin yayılması daha çox nəzərə çarpır.
İlk növbədə, bir məqamı nəzərə almaq lazımdır - soyuq hava özü virus yaratmır. Lakin payız-qış mövsümündə insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi, otaqların kifayət qədər havalandırılmaması və yoluxmuş şəxslərlə yaxın təmas virusların yayılması üçün əlverişli şərait yaradır. Bu aylarda ən çox rast gəlinən xəstəliklər arasında kəskin respirator virus infeksiyaları, mövsümi qrip, rinovirus, adenovirus və respirator-sinsitial virus (RSV) infeksiyaları yer alır.
Bir neçə sadə vərdiş, böyük qorunma
Mövzu barədə “Yeni Azərbaycan”a danışan həkim-infeksionist İbrahim Rəfiyev bildirib ki, mövsümi viruslardan qorunmaq üçün mürəkkəb tədbirlərə ehtiyac yoxdur. Əksər hallarda gündəlik gigiyena qaydalarına düzgün əməl etmək yoluxma ehtimalını azaltmağa kömək edir: “Digər mühüm məsələ xəstə olduğu halda gündəlik həyat ritmini davam etdirməməkdir. Bəzən insanlar yüngül öskürək və boğaz ağrısına əhəmiyyət vermədən işə, məktəbə və digər ictimai məkanlara üz tuturlar. Halbuki bu davranış ətrafdakı insanların, xüsusilə, risk qrupuna daxil olanların yoluxmasına səbəb ola bilər”.
Peyvənd olunmaq...
Həkimin sözlərinə görə, mövsümi xəstəliklərdən qorunma haqqında danışarkən peyvəndlənmənin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır: “Çünki bəzi virus infeksiyalarından qorunmaq üçün ən effektiv profilaktik vasitə məhz vaksinasiyadır. Bu baxımdan ilk növbədə mövsümi qrip peyvəndi diqqət çəkir. Qrip virusları daim dəyişdiyindən peyvəndin tərkibi hər il yenilənir və vaksinasiya hər mövsüm təkrarlanmalıdır. Peyvənd yoluxma ehtimalını azalda, xəstəlik baş verdikdə isə onun ağır keçməsi və ciddi fəsadlarla nəticələnməsi riskini aşağı sala bilər.
Bu il oktyabrın 21-də 2026-2027-ci illərin payız-qış mövsümü üçün ölkəyə qripə qarşı vaksinlər gətirilib. Vaksinasiya kampaniyasına oktyabrın 21-dən başlanılıb. Peyvəndlənmə dövlət tibb müəssisələrində ödənişsiz həyata keçirilir. Xüsusilə səhiyyə işçilərinin, hamilə qadınların və altı aydan yuxarı, xroniki tənəffüs sistemi xəstəlikləri olan şəxslərin qripə qarşı peyvənd olunması tövsiyə edilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da yaşlıları, xroniki xəstəlikləri olanları və beş yaşdan kiçik uşaqları ağır qrip riski yüksək olan qruplar sırasında göstərir”.
Hansı vaksinlər vacibdir?
İnfeksionist qeyd edib ki, bir məqamı unutmaq olmaz, bütün respirator viruslara qarşı vahid peyvənd mövcud deyil: “Məsələn, adi soyuqdəyməyə səbəb olan çoxsaylı virusların hamısından qoruyan ümumi vaksin yoxdur. Respirator-sinsitial viruslara qarşı vaksinasiya və profilaktik vasitələr müəyyən ölkələrdə, konkret yaş və risk qrupları üçün tətbiq olunur. Onların Azərbaycanda mövcudluğu və tətbiq imkanları barədə müvafiq tibb müəssisəsindən məlumat almaq lazımdır.
Peyvənd mövzusunda uşaqların milli immunizasiya təqviminə uyğun vaksinasiyası da diqqətdən kənarda qalmamalıdır. Azərbaycanda uşaqlara pnevmokok infeksiyasına qarşı peyvənd 2, 4 və 6 aylıqda tətbiq edilir. Həmçinin difteriya, göyöskürək, tetanus, hepatit B, B tipli hemofil infeksiya və poliomielitə qarşı kombinə edilmiş peyvəndlər təqvimə daxildir.
Pnevmokok infeksiyası pnevmoniya, meningit və digər ağır xəstəliklərə səbəb ola bildiyindən uşaqların vaxtında peyvəndlənməsi xüsusi əhəmiyyət daşıyır. Valideynlər övladlarının peyvənd kartını yoxlamalı, gecikmiş dozalar varsa, ailə həkimi ilə məsləhətləşməlidirlər”.
İmmunitetin güclənməsində qidalanmanın rolu
İ.Rəfiyev bildirib ki, mövsümi xəstəliklərdən qorunmaq üçün yalnız gigiyena və peyvəndlənmə kifayət etmir. Orqanizmin normal fəaliyyətini təmin edən düzgün qidalanma da mühüm rol oynayır: “Xüsusilə payız-qış aylarında gündəlik qida rasionunda meyvə və tərəvəzlərin, zülalla zəngin məhsulların, süd məhsullarının, paxlalıların və tam taxılların olması vacibdir. Portağal, naringi, limon, kivi, alma, nar, kök, çuğundur, kələm və göyərti kimi məhsullar vitamin və minerallarla zəngindir”.
İnfeksionist qeyd edib ki, bəzən insanlar immuniteti gücləndirmək məqsədilə həkim məsləhəti olmadan müxtəlif vitaminlər, qida əlavələri və preparatlar qəbul edirlər. Lakin vitaminlərin normadan artıq qəbulu sağlamlıq üçün faydalı deyil: “Xüsusilə D vitamini, C vitamini və sink preparatları ehtiyac müəyyən edilmədən və mütəxəssis məsləhəti olmadan istifadə edilməməlidir. Unutmaq olmaz ki, heç bir meyvə, çay, bal və ya vitamin preparatı peyvəndi və digər profilaktik tədbirləri əvəz etmir”.
Bu səhv baha başa gələ bilər...
Həkimin sözlərinə görə, mövsümi xəstəliklər zamanı yol verilən ən geniş yayılmış səhvlərdən biri antibiotiklərin həkim təyinatı olmadan qəbul edilməsidir: “İnsanlar bəzən hərarət, öskürək və boğaz ağrısı başlayan kimi antibiotik istifadəsinə üstünlük verirlər. Halbuki antibiotiklər bakterial infeksiyalara qarşı təsirlidir, virusları məhv etmir. Onların lazımsız istifadəsi antibiotiklərə davamlılığın yaranmasına və gələcəkdə bakterial infeksiyaların müalicəsinin çətinləşməsinə səbəb ola bilər. Eyni zamanda hərarəti olan şəxsin özbaşına müxtəlif dərmanları qarışdırması, uşaqlara böyüklər üçün nəzərdə tutulan preparatların verilməsi də təhlükəlidir”.
Yeganə BAYRAMOVA