İnformasiya yalnız xəbər deyil, dəyişiklikdir

İnkişafın təməlində məlumat dayanır...

Bəzən bir rəqəm insanın taleyini, bir xəbər bütöv cəmiyyətin gələcəyini, vaxtında əldə edilən məlumat isə milyonlarla insanın həyatını dəyişə bilər. Dünyanın hansı bölgəsində nə qədər insanın təmiz suya ehtiyacı var? Hansı ölkələrdə uşaqlar təhsildən kənarda qalır? İqlim dəyişiklikləri kənd təsərrüfatına necə təsir göstərir? Bu sualların cavabı yalnız statistik göstəricilərdən ibarət deyil. Onlar bəşəriyyətin qarşısında dayanan problemləri anlamağa, düzgün qərarlar verməyə və daha ədalətli gələcək qurmağa kömək edən informasiya xəzinəsidir.

Məhz bu baxımdan Ümumdünya İnkişaf İnformasiyası Günü informasiyanın insan həyatında və cəmiyyətlərin inkişafında oynadığı əvəzsiz rolu xatırladan əlamətdar gündür. Əlamətdar gün hər il oktyabrın 24-də qeyd olunur.

BMT Ümumdünya İnkişaf İnformasiyası Gününün əhəmiyyətini aşağıdakı sahələr üzrə qeyd edib: “Bu əlamətdar gün yoxsulluq, bərabərsizlik, təhsil və səhiyyəyə qeyri-kafi çıxış kimi vacib inkişaf problemləri barədə dünya ictimaiyyətinin məlumatlılığını artırır, problemlərin həllində beynəlxalq əməkdaşlıq və həmrəyliyin rolunu qeyd edir. Eyni zamanda, davamlı inkişafa kömək etmək üçün məlumatların yayılmasını və ictimai rəyi təqdim edir, rəqəmsal uçurumu azaltmaq, inkişafı stimullaşdırmaq üçün informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin zəruriliyini vurğulayır. Qloballaşma kontekstində ticarət və inkişaf məsələlərinə yeni həllər tapmaqda ən müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi hazırkı şəraitdə ən aktual məsələlərdən biridir”.

İnternet dövrünün paradokslarından biri budur ki, informasiya heç vaxt olmadığı qədər çoxdur, lakin doğru məlumatı seçmək də bir o qədər çətinləşib. Sosial şəbəkələrdə yayılan hər xəbər, paylaşılan hər statistika və təqdim edilən hər iddia həqiqəti əks etdirmir. Yanlış məlumatlar bəzən həqiqətdən daha sürətlə yayılır, insanların qərarlarına, ictimai münasibətlərə və hətta sağlamlıqla bağlı seçimlərinə təsir göstərir.

Bu şəraitdə informasiyanın inkişaf üçün faydalı qüvvəyə çevrilməsi onun etibarlılığından asılıdır. Məlumatın hansı mənbədən əldə edildiyini araşdırmaq, müxtəlif mənbələri müqayisə etmək, rəqəmlərin hansı şəraitdə toplandığını öyrənmək və emosional başlıqlara tənqidi yanaşmaq vacib vərdişlərdir.

Süni intellektin sürətli inkişafı informasiyanın toplanması, təhlili və istifadəsi üçün yeni imkanlar açır. Böyük həcmli məlumatlar əsasında xəstəliklərin yayılma riskini qiymətləndirmək, kənd təsərrüfatında məhsuldarlığı proqnozlaşdırmaq, şəhərlərdə nəqliyyat axınını yaxşılaşdırmaq və təbii fəlakətlərin mümkün nəticələrini əvvəlcədən müəyyənləşdirmək mümkündür. Bu texnologiyalar düzgün tətbiq edildikdə inkişaf problemlərinin həllinə daha sürətli və səmərəli yanaşmağa kömək edə bilər. Məsələn, hava və torpaq göstəricilərini təhlil edən rəqəmsal sistemlər fermerlərə suvarma və əkin vaxtını daha düzgün planlaşdırmaq imkanı verir. Şəhər idarəetməsində məlumatların təhlili isə nəqliyyat sıxlığının azaldılması və enerji sərfiyyatının optimallaşdırılması üçün istifadə oluna bilər.

Azərbaycanın davamlı inkişafı, rəqəmsal iqtisadiyyatın genişlənməsi və dövlət xidmətlərinin müasirləşdirilməsi informasiya resurslarının əhəmiyyətini daha da artırır. Elektron xidmətlər, rəqəmsal təhsil imkanları, innovasiya təşəbbüsləri və informasiya texnologiyalarının müxtəlif sahələrdə tətbiqi insanların gündəlik həyatını asanlaşdırmaqla yanaşı, yeni bilik və bacarıqların mənimsənilməsinə də şərait yaradır.

Bu prosesdə gənclərin rolu xüsusilə böyükdür. Rəqəmsal bacarıqlara yiyələnən, xarici dillərdə məlumat əldə edə bilən, elmi mənbələrdən istifadə etməyi bacaran və yeniliklərə açıq olan gənclər ölkənin insan kapitalının güclənməsinə töhfə verirlər. Eyni zamanda, media savadlılığının artırılması və etibarlı informasiya mənbələrinə marağın təşviqi cəmiyyətin yanlış məlumatlara qarşı dayanıqlığını gücləndirir.

Göründüyü kimi, Ümumdünya İnkişaf İnformasiyası Günü bizə mühüm bir həqiqəti xatırladır: bəşəriyyətin gələcəyi yalnız sahib olduğu maddi sərvətlərlə deyil, bilikdən necə istifadə etməsi ilə də müəyyənləşir. İnformasiya insanları bir-birinə yaxınlaşdıran, problemləri görünən edən, imkanları üzə çıxaran və ortaq həll yollarına aparan vasitədir.

Yeganə BAYRAMOVA