Media və Yayım Şurası Türkiyədəki bəzi dairələrin qərəzli iddialarını kəskin şəkildə pisləyib
Bu günlərdə Media və Yayım Şurası daha bir açıqlama yayaraq Türkiyənin ayrı-ayrı mətbu orqanlarında və sosial şəbəkələrin Türkiyə seqmentində Azərbaycanın ümumtəhsil məktəblərində vahid geyim formasına keçidlə bağlı yayılan manipulyativ xarakterli məqalə və paylaşımları növbəti dəfə pisləyib. Türkiyədəki iki ölkə arasında tarixən formalaşan qardaşlıq münasibətlərinə xələl vurmağa çalışan bəzi qüvvələr Azərbaycan hökumətinin təhsilalanların və təhsilverənlərin vahid geyim formasına keçidini hədəfləyən qərarlarını məqsədli şəkildə “hicaba qadağa” adı altında dini müstəvidə təqdim etməklə süni ajiotaj yaratmağa çalışırlar ki, bu da qəbuledilməzdir.
İctimai rəyin manipulyasiya edilməsi
Türkiyədəki bəlli dairələr Azərbaycanın rəsmi qurumlarının, ictimai təşkilatların, vətəndaş cəmiyyəti təmsilçilərinin mövzu ilə bağlı izahlarını sankı görmək və eşitmək istəmirlər. Əksinə, bəzi hətta hakimiyyəttə yaxın qurumların təmsilçiləri, ayrı-ayrı yazarlar və blogerlər məsələni bir qədər də tündləşdirərək guya ölkəmizdə bu xüsusda kütləvi həbslər aparıldığını, “hicab qadağası” İlə barışmayanların isə ölkədən köçdüklərini iddia edirlər. Media və Yayım Şurası açıqlamasında belə qərəzli iddiaları qəti şəkildə təkzib edərək bildirir ki, Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır. “Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlış təsəvvür formalaşdırmağa yönəlmiş açıq dezinformasiya nümunəsidir”, - deyə Media və Yayım Şurasının açıqlamasında vurğulanır.
Azərbaycanda keçid edilən yeni qaydalar məktəbli formasının tədris prosesinə, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu, rahat və praktik istifadə prinsipləri əsasında müəyyən edilib. Məktəb mühitində ən vacib prinsiplərdən biri bərabərlikdir. Sosial statusdan, ailənin maddi imkanlarından, etnik və ya dini mənşəyindən asılı olmayaraq hər bir uşağın eyni şərtlərdə təhsil alması, eyni fürsətlərə malik olması təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi nöqteyi-nəzərindən çox vacibdir. Heç bir halda yol vermək olmaz ki, məktəb şagirdin öz valideynlərinin imkanlarını və sərvətlərini nümayiş etdirdiyi bir məkana çevrilsin. Bu halda sosial bərabərsizlik yaranar ki, bu da mütləq qaydada şagirdlərin psixologiyasında özünü göstərər. Eyni zamanda, hansısa bir şagirdin məktəbə dəbdəbəli geyimdə gəlməsi və yaxud bahalı bəzək əşyaları taxması diqqəti əsas məqsəddən - təhsildən yayındırar.
Burada şagirdlərarası münasibətlər kimi vacib faktoru da diqqətdən qaçırmaq olmaz. Uşaqların eyni parta arxasında oturarkən bir-birindən seçilməməsi onların münasibətində də mühüm rol oynayır, eyni zamanda şagirdlər arasında sosial-iqtisadi fərqlərin qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmağa imkan yaradır.
Nazirlər Kabinetinin digər bir qərarı isə təhsilverənlərlə bağlıdır. Təhsil xüsusi bir sahədir və çox həssas yanaşma tələb edir. Buna görə də müvafiq qərara əsasən, təhsilverənlərin geyimi də təhsil prosesinə adekvat olmalıdır.
Azərbaycan müstəqil dövlətdir. Ölkədə təhsilin prioritetlərinin müəyyənləşdirlməsi dövlətin, hökumətin həm vəzifəsi, həm də müstəsna hüququdur. Burada kənardan müdaxilələrə yol verilə bilməz və kimlərinsə də məsləhət, tövsiyə verməsinə heç bir ehtiyac yoxdur. Bu qəbildən olan məsləhətlər, tövsiyələr və iddialar düşmən dəyirmanına su tökmək məqsədi daşıdıqda isə ikiqat ikrah hissi oyadır. Yuxarıda sadalanan cəhətlər Nazirlər Kabinetinin müvafiq qərarlarının gerçək mahiyyətini əks etdirir. Türkiyədəki qərəzli dairələr isə Azərbaycan hökumətinin qərarlarını əyri güzgüdən təqdim etməyə uğursuz cəhdlər göstərirlər. Media və Yayım Şurasının açıqlamasında bildirlir ki, ayrı-ayrı siyasi və ictimai şəxslərin bu cür saxta məlumatların yayılmasında iştirak etməsi, əsassız iddiaları təhqiramiz ifadələrlə təqdim etməsi onların daşıdıqları ictimai məsuliyyətə zidd olmaqla yanaşı, auditoriyaya təsir imkanlarından sui-istifadənin qəbuledilməz təzahürüdür.
Azərbaycan gənclərini elm, təhsil yolundan döndərmək istəyən bədxahlar
Nazirlər Kabinetinin qərarlarında ölkə miqyasında hansısa bir dini atributun qadağan olunmasından söhbət getmir. Hədəf ümumtəhsil məktəblərində vahid geyim formasına keçidi təmin etməkdir və buna da nail olunub. Türkiyə mətbuatında iddia edildiyi kimi, vahid məktəbli geyim formasına keçid edilməsinin ideoloji müstəviyə çıxarılmasının, bunun dinlə əlaqələndilməsinin, hicab mövzusuna xüsusi vurğu edilməsinin heç bir məntiqi əsası yoxdur. Əvvəla, XXI yüzillikdə - dünyanın elm və təhsillə dəyişdiyi bir dönəmdə din, hicab mövzusunun məktəbə daşınması nə dərəcədə düzgündür? Qarşımızda sual durur: Hicab, yoxsa təhsil? Əlbəttə ki, təhsil,elm! Təhsil övladlarımızın qarşısında gələcəyə gedən yolu açır. Zamanında Azərbaycanın Ü. Hacıbəyov, Ə, Haqverdiyev, M.F. Axundov, C.Məmmədquluzadə, M.Ə.Sabir kimi maarifpərvər ziyalılar pleyadası məhz bu məqsəd uğrunda mücadilə aparmışlar. İndi özgələrinin innovasiya, texnologiya rəqabətinə başladığı bir dövrdə bizlər nə etməliyik? Geriyə dönüb yüz il bundan qabaqkı vəziyyətəmi qayıtmalıyıq? Axı gözlərimizin önündə din pərdəsi altında məqsədlli şəkildə təhsildən uzaqlaşdırılan, cəhalətdə saxlanılan və sərvətləri də talan edilən Yaxın Şərqin bəzi ölkələrinin kədərli nümunəsi var. Yox, Azərbaycan bu yola heç vaxt qayıtmayacaq. Bakıda çadrasını atan qadına əzəmətli heykəl ucaldılıb. Bu, Azərbaycan qadınının azadlğını simvolizə edir. Gözəl Azərbaycan qadını ismətini qorumaqla, dininə hörmətlə yanaşmaqla müasirliyə can atır və dünyəvi dövlət quruluşuna malik olan Azərbaycanın ümummilli məqsədlərinin reallaşmasına öz töhfələrini verir. Bu gün Azərbaycan qadınının səsi beynəlxalq təşkilatların tribunalarından, universitetlərdən, Elmlər Akademiyasından, istehsalat müəssisələrindən gəlir. Onlar alimdirlər, həkimdirlər, mühəndisdirlər, idmançıdırlar. Azərbaycanın bu kimi müsbət reallıqları ortada ikən övladlarımız məktəb partaları arxasında innovativ layihələr barədə düşünmək əvəzinə, hicabı necə geyinmək, onun hansı ölçüdə və yaxud hansı rəngdə olması barədə mübahisələr açmalıdırlar? Sizlər Azərbaycanın xeyirxahları yox, bədxahlarısınız.
Azərbaycanın dövlət quruluşu dünyəvidir və bu, Konstitusiya ilə təsbit olunub. Təbii ki, Azərbaycan dünyəvi dövlətdirsə, ölkədə təhsil sistemi də dünyəvi xarakterli olmalıdır. Bu, təhsilin məzmununda olduğu kimi, şagirdlərin geyimində də öz əksini tapmalıdır. Burada heç bir halda vicdan azadlığının pozulmasından və yaxud dinlər arasında hansısa bir fərq qoyulmasından söhbət belə gedə bilməz. Azərbaycanda bütün insan və vətəndaş hüquq və azadlıqları təmin olunub. O cümlədən respublikamız tolerant mühiti ilə fərqlənir. Burada bütün xalqların və etiqadların nümayəndələri eyni hüquqlara malikdirlər. Həmçinin məktəbli geyiminə verilən tələblər digər icmaların nümayəndələrinə də aiddir. Söhbət ölkəmizdə təhsil müəssisələrinin dünyəvi xarakter daşımasından gedir və qaydalar da milli, dini, irqi mənsubiyyətindən asılı olmayaraq bütün şagirdlərə və müəllimlərə aiddir. Yeni qaydalara keçid edilməsi dövlət ümumi təhsil müəssisələrində vahid məktəb mühitinin təmin olunmasına xidmət edir. Yeri gəlmişkən, respublikamızda dini təhsil ocaqları da fəaliyyət göstərir. Həmin təhsil müəssisələrində hicabdan və digər dini atributlardan istifadə edilməsinə heç bir məhdudiyyət qoyulmur.
Təxribatçılar iş başında
Dünyada Azərbaycanofob qüvvələrin olduğu bəllidir. Qlobal səviyyədə gərginliklərin yaşandığı, ayrı-ayrı milli dövlətlərin təhdidlərlə üzləşdiyi bir dönəmdən keçirik. Belə bir şəraitdə Azərbaycan sabitlik və inkişaf adası kimi fərqlənir. Respublikamızda yenilməz həmrəylik mühiti var, milli güc lazımi məqamlarda ümummilli məqsədlər naminə səfərbər edilir. Ölkəmizin uğur formulunun sirri də məhz bundadır. Azərbaycanofob dairələr isə yaxşı başa düşürlər ki, respublikamızı inkişafdan döndərməyin yolu cəmiyyəti parcalamaqdan keçir. İndiki məqamda müxtəlif mərkəzlərdə, o cümlədən də Türkiyədə lövbər salan şər qüvvələr din pərdəsi altında gizlənirlər və özlərini İslam təəssübkeşləri qiyafəsində təqdim edirlər. Əlbəttə ki, ortada onların əlinə işləyəcək faktlar yoxdur.
Azərbaycan cəmiyyəti intellektual cəmiyyətdir və hökumətin qərarlarını da təqdirlə qarşılayıb. Kiçik istisnalar nəzərə alınmamaqla artıq ölkə miqyasında ümumtəhsil məktəblərində vahid geyimə keçid təmin edilib. İlk günlərdə ayrı-ayrı ünvanlarda süni şəkildə qızışdırılan ajiotaj cəhdlərinin qarşısı da qətiyyətlə alınıb və ictimai asayişi pozmağa çalışan bir neçə təxribatçı saxlanılıb. Ancaq Türkiyə mətbuatında iddia edildiyi kimi, kütləvi həbslər baş verməyib, həmçinin məqsədli şəkildə gündəmə daşınan “hicab qadağası”na görə kimlərinsə respublikamızı tərk etmələrinə dair məliumatlar yoxdur. “Media və Yayım Şurası ölkəmiz haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyir, media nümayəndələrini, siyasi və ictimai şəxsləri informasiya yayımında məsuliyyətli davranmağa, ictimaiyyəti isə belə paylaşımlara tənqidi yanaşmağa, məlumatları etibarlı mənbələrdən yoxlamağa və dezinformasiyanın yayılmasına vasitəçi olmamağa çağırır”,- deyə açıqlamada bildirilib.
Mübariz ABDULLAYEV