Oktyabrın 5-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib. Ümummilli lider Heydər Əliyevin “Mən dünyada müəllimdən yüksək ad tanımıram” fikri ilə çıxışına başlayan UNEC-in rektoru, professor Ədalət Muradov ölkəmizin milli təhsil sistemində həyata keçirilən islahatlardan və əldə olunan nailiyyətlərdən danışıb. UNEC-in müəllimlərini təbrik edən rektor bildirib ki, müəllim peşəsinə hər zaman göstərilən xüsusi dövlət qayğısı və diqqəti bu sahədə çalışanlara əvəzolunmaz ruh yüksəkliyi bəxş edir.
Tədbirdə çıxış edən digər natiqlər də ölkəmizdə təhsil sahəsinə, həmçinin müəllimlərə göstərilən diqqət və qayğıdan söhbət açıblar. Cəmiyyətin davamlı inkişafını şərtləndirən əsas amillərdən birinin təhsil olduğunu qeyd edən tədbir iştirakçıları bu istiqamətdə ən şərəfli və müqəddəs vəzifəni müəllimlərin daşıdığını vurğulayıblar. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində müasir Azərbaycan elmi və təhsili beynəlxalq təcrübəyə əsaslanaraq sürətlə inkişaf edir.
Sonda elmi-pedaqoji fəaliyyətlərinə və universitetin ictimai həyatındakı fəal iştiraklarına görə UNEC-in 45 müəllimi fəxri fərman, təşəkkürnamə və mükafatlarla təltif edilib.