Bakı-Hanoy: tarixə əsaslanan dostluq və strateji tərəfdaşlıq

Bakı-Hanoy: tarixə əsaslanan dostluq və strateji tərəfdaşlıq

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama noyabrın 19-da baş tutan rəsmi səfəri ərəfəsində Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi geniş və məzmunlu müsahibə təkcə iki ölkə arasındakı diplomatik gündəliyin təqdimatı deyil, həm də yetmiş ilə yaxın bir dövrü əhatə edən möhkəm dostluq salnaməsinin və yeni geostrateji baxışın konseptual ifadəsidir. Cənub-Şərqi Asiyanın dinamik iqtisadi gücü olan Vyetnam ilə Cənubi Qafqazın aparıcı energetika və logistika mərkəzi olan Azərbaycan arasındakı əlaqələr bu gün keyfiyyətcə yeni – strateji tərəfdaşlıq müstəvisinə yüksəlmişdir.

Azərbaycan-Vyetnam münasibətlərinin təməlində sınaqlardan çıxmış səmimi dostluq və iki görkəmli dövlət xadiminin – Vyetnam Demokratik Respublikasınınqurucu lideri və ilk Prezidenti Ho Şi Minin və müstəqil Azərbaycan dövlətinin memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən iradəsi dayanır. 1959-cu ildə Ho Şi Minin Bakıya tarixi səfəri ilə atılan ilk addımlar, 1983-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnama səkkizgünlük səfəri ilə əsl sıçrayışa çevrilmişdir. Həmin səfər zamanı əldə olunan razılaşmalar Vyetnamın müharibədən sonrakı iqtisadi dirçəlişinə güclü təkan vermiş və çoxillik əməkdaşlığın strateji konturlarını müəyyənləşdirmişdir.

Əlbəttə, ilk baxışda münasibətlərin XX əsrdəki tarixi ərzində, özü də keçmiş sovet sosialist sistemində cəmi iki qarşılıqlı səfər çox da zəngin təəssüratı əhatə etməyə bilər. Lakin həmin səfərlərin mahiyyət və məzmununu öyrəndikdə, aydın olur ki, sözün əsl mənasında Azərbaycan-Vyetnam münasibətlərinin qarşılıqlı hörmətə, rəğbətə və etimada əsaslanan ciddi tarixi vardır. Belə ki, 1959-cu il iyulun 23-də Vyetnam liderinin Bakı, Ulu Öndər Heydər Əliyevin 1983-cü ildəki səfərindən sonra bu ölkədə neft sənayesi yaradılıb. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Kommunist Partiyası Siyasi Bürosunun üzvü kimi çox nüfuzlu şəxs olan Heydər Əliyev Sovet-Vyetnam dostluğuna, o cümlədən Vyetnamın neft sənayesinin inkişafına xüsusi diqqət göstərib. Məhz Onun tapşırığı və nəzarəti altında keçmiş SSRİ-dən Vyetnama göndərilən mütəxəssislərin və texnikanın sayı artırılıb və elə bu dəstəyin sayəsində 1981-ci ildə Vyetnamın neft yataqlarının kəşfiyyatı və işlənməsi məqsədilə yaradılan “Vietsovpetro” Sovet-Vyetnam birgə müəssisəsi dənizdə ilk nefti proqnozlaşdırıldığından xeyli əvvəl – 1986-cı ilin iyununda hasil etdi.

“Vietsovpetro” şirkətinin 1981-1984-cü illərdə ilk baş direktoru azərbaycanlı mütəxəssis Cəlal Məmmədov, şirkətin ilk bölmələrindən olan geologiya bölməsinin ilk rəhbəri Müslüm Vəliyev olub. Bütövlükdə 2 minə yaxın azərbaycanlı neftçi mütəxəssis həmin şirkət vasitəsilə Vyetnamın neft sənayesinin qurulmasında əvəzsiz xidmətlər göstəriblər. Lakin Azərbaycanın Vyetnama dəstəyi təkcə neft sənayesi mütəxəssisləri və avadanlıq göndərməklə məhdudlaşmayıb. Sovet dövründə minlərlə vyetnamlı Neft və Kimya İnstititu başda olmaqla Azərbaycanda müxtəlif sahələr üzrə təhsil alıblar və ölkələrinə qayıtdıqdan sonra Vyetnamın inkişafına töhfələr veriblər.

Müasir dövrdə Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama, Vyetnam Prezidenti Çıonq Tan Şanqın isə 2015-ci ildə Azərbaycana dövlət səfərləri bu ənənəni davam etdirmişdir. Ötən ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri və bu səfər çərçivəsində Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması isə ikitərəfli münasibətlərdə tamamilə yeni səhifə açmışdır. Dövlət başçıları səviyyəsindəki təmaslarla yanaşı, parlamentlərarası dostluq qrupları, hakim partiyalar (Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyası), eləcə də BMT və Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalar çərçivəsindəki sıx koordinasiya Bakı-Hanoy siyasi dialoqunun ciddi qarşılıqlı etimad əsasında qurulduğunu və dayanıqlı olduğunu təsdiqləyir.

Azərbaycan Prezidentinin müsahibəsində diqqət çəkən əsas məqamlardan biri iqtisadi-ticari münasibətlərin mövcud dinamikası və gələcək potensialıdır. 2025-ci ilin yekunlarına görə 150 milyon dolları ötən ticarət dövriyyəsi tərəflərin real imkanlarının yalnız başlanğıc nöqtəsidir. Tarixən əməkdaşlığın onurğa sütununu təşkil edən neft-qaz sektoru bu gün də SOCAR və “PetroVietnam” arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu əsasında kəşfiyyat, texniki xidmətlər və kadr hazırlığı istiqamətlərində dərinləşir.

Bununla yanaşı, əməkdaşlıq artıq ənənəvi enerji çərçivəsini aşaraq yeni sektorları əhatə edir. 2026-cı ilin sentyabrında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Vyetnamın “ROX Group” şirkəti ilə tikinti, infrastruktur, Günəş və külək enerjisi layihələri üzrə sənədlərin imzalanması “yaşıl enerji” sahəsində də qarşılıqlı investisiya mühitinin cəlbediciliyini göstərir.

Bundan başqa, 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcminin ötən ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu keçməsi də mühüm göstəricidir. Azərbaycanın müasir logistika infrastrukturu, xüsusilə Orta Dəhliz və “Şimal-Cənub” nəqliyyat dəhlizi Vyetnam məhsullarının Avropa bazarlarına və əks istiqamətə ən qısa və təhlükəsiz marşrutla çatdırılması üçün unikal imkanlar yaradır.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərəd baş tutan son səfəriədək iki ölkə arasında energetika, nəqliyyat və investisiyalar, müdafiə, elm və təhsilə qədər geniş sahələri əhatə edən 30-dan çox sənəd imzalanıb. Bu sənədlər arasında iki ölkənin iqtidar partiyaları – Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında 2013-cü il Anlaşma Memorandumu və 2023-cü il Əməkdaşlıq Sazişi bağlanıb və qarşılıqlı səfərlər həyata keçirilir.

Aydındır ki, dövlətlərarası münasibətlərə ruh verən əsas amil xalqlar arasındakı mədəni və humanitar bağlardır. Sovet dövründə Azərbaycanda təhsil almış 5 minə yaxın vyetnamlı mütəxəssis iki ölkə arasında canlı dostluq körpüsü yaratmışdır. 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin 135 illiyi münasibətilə onun Memorial otağının açılması bu tarixi yaddaşa ehtiramın bariz nümunəsidir.

Bu gün həmin missiyanı Heydər Əliyev Fondu uğurla davam etdirir. Fondun Vyetnamın Ha Giang əyalətində ibtidai məktəb inşa etməsi, Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri və Hanoy Ticarət və Turizm Kollecinə göstərilən dəstək humanitar əməkdaşlığın miqyasını genişləndirir. Mədəni müstəvidə isə Qara Qarayevin “Vyetnam süitası”ndan və rejissor Əjdər İbrahimovun Vyetnam kino məktəbinin qurulmasındakı tarixi xidmətlərindən başlanan yol, 2026-cı ildə Bakı və Qəbələni əhatə edən dördüncü Vyetnam Günləri festivalı və vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” kitabının nəşri ilə zənginləşir.

Ən mühümü isə dostluğun çətin anlarda özünü göstərməsidir. 2024-cü ildə baş vermiş dağıdıcı “Yaqi” fırtınasının və 2025-ci ildəki genişmiqyaslı daşqınların nəticələrinin aradan qaldırılması üçün Azərbaycanın Vyetnama göstərdiyi maliyyə yardımı iki ölkə arasındakı münasibətlərin səmimi humanizm prinsiplərinə söykəndiyini sübut edir.

Qeyd edək ki, “Vietsovpetro” şirkətinin Vyetnam neft sənayesinin məkəzi olan Vunq Tau şəhərindəki baş ofisində şirkətin fəaliyyətinə və ölkənin neft-qaz sənayesinə dair muzeydəki eksponatlar arasında Ulu Öndər Heydər Əliyevin bu şəhərə 1983-cü ildəki səfərinə, neftçilərlə görüşlərinə, habelə Azərbaycan mütəxəssislərinin Vyetnamdakı fəaliyyətinə dair şəkillər saxlanılır. Muzeyin girişində isə Ho Şi Minin Bakıda neft mədənlərinə səfərinə aid fotoşəkil və Azərbaycan paytaxtı haqqında məşhur kəlamı əks olunub.

Hər iki ölkənin neft sənaye mərkəzi olan Bakı və Vunq Tau şəhərlərinin qardaşlaşması da iki ölkə arasındakı münasibətlərin əhəmiyyətli göstəricisi hesab oluna bilər. Bu şəhərlərarası qardaşlıq münasibətlərinin nəticəsidir ki, Bakıda Vunq Tau küçəsi, Vunq Tauda isə Bakı küçəsi və həmin küçədə “D'Baku” adlı geyim brendi mağazası mövcuddur.

Prezident İlham Əliyevin VNA-ya müsahibəsi və Vyetnama rəsmi səfəri göstərir ki, Azərbaycan və Vyetnam Avrasiyanın iki fərqli, lakin strateji baxımdan bir-birini tamamlayan coğrafiyasında ortaq maraqlar əsasında vahid quruculuq platforması formalaşdırır. Qarşıdakı rəsmi səfər Cənub-Şərqi Asiyanın dinamik bazarı ilə Cənubi Qafqazın logistika və enerji habı arasındakı əməkdaşlığı daha da dərinləşdirərək, hər iki xalqın rifahına xidmət edən yeni birgə layihələrə yol açacaqdır.

 

Elman Cəfərli

YAP Naxçıvan şəhər təşkilatının sədri,

tarix üzrə fəlsəfə doktoru, dosent