8 Noyabr – Şuşa Şəhəri Günü

8 Noyabr – Şuşa Şəhəri Günü

Səbinə Tağıyeva

ADNSU nəzdində Sənaye və Texnologiya Kollecinin əməkdaşı, YAP Nərimanov rayon təşkilatının fəal üzvü

Şuşa Azərbaycanın ən qədim, gözəl şəhərlərindən biri olması ilə yanaşı, eyni zamanda tariximizin yaddaşında mühüm yer tutur. Şəhər özünəməxsus tikililəri, tarixi abidələri, zəngin musiqisi və mədəniyyəti ilə seçilir. Elə buna görə də Şuşanı Azərbaycanın mədəniyyət beşiyi adlandırırlar. Qarabağın gözəl təbiəti qoynunda yerləşən bu şəhər əsrlər boyu özünəməxsusluğu ilə seçilmiş, bir çox görkəmli şəxsiyyətlərin yetişməsinə səbəb olmuşdur. Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül kimi dəyərli şəxsiyyətlərin adları Şuşa ilə bağlıdır.

Uzun illər işğal altında olan Şuşa 8 noyabr 2020-ci ildə Azərbaycan ordusunun şücaəti nəticəsində azad edildi. Şəhərin strateji mövqeyi nəzərə alındıqda, bu qələbənin nə qədər çətin və əhəmiyyətli olduğu daha yaxşı anlaşılır. Lakin buna yalnız ordumuzun igid oğullarının göstərdiyi qəhrəmanlıq deyil, eyni zamanda 44 günlük müharibədə xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik vəsilə oldu.

Həmin günlərdə hər bir azərbaycanlının ürəyində eyni arzu var idi: doğma torpaqlarımıza yenidən qovuşmaq. İçimizdə olan, o torpaqlara yenidən ayaq basmaq arzusu bizə güc verirdi. O gün, illər öncə ürəyimizdə açılan Şuşa yarası köz bağladı.

Şuşanın azad edilməsi Vətən müharibəsinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, xalqımızın iradəsinin və Vətən sevgisinin göstəricisidir. Bu qələbə ilə yalnız bir şəhər geri qaytarılmadı, həm də illərlə davam edən həsrətə son qoyuldu. 8 Noyabr tarixinin Zəfər Günü kimi qeyd edilməsi həmin tarixi hadisənin xalqımız üçün nə qədər böyük əhəmiyyət daşıdığını göstərir.

Bu gün Şuşada bərpa və quruculuq işləri aparılır. Küçələr, məscidlər və tarixi abidələr yenidən bərpa olunur, şəhərin əvvəlki görkəminə qovuşması üçün mühüm addımlar atılır. İllər sonra doğma yurdlarına qayıdan sakinlərin sevincini və həyəcanını təsəvvür etmək belə insana xoş hisslər yaşadır. Çünki insan üçün uşaqlığının keçdiyi, xatirələrinin olduğu torpağa qayıtmaqdan daha dəyərli bir hiss yoxdur.

Keçirilən musiqi festivalları və milli tədbirlər şəhərin mədəni həyatını yenidən canlandırır. Xüsusilə Xarıbülbül Musiqi Festivalının yenidən keçirilməsi Şuşanın musiqi ənənələrinin yaşadılmasında mühüm rol oynayır. Yenidən Azərbaycan musiqiləri Şuşanın dağlarında əks-səda verir. Sanki illər sonra Şuşamıza yenidən can gəlib.

Məncə, Şuşa yalnız xəritədə bir nöqtə deyil, xalqımızın yaddaşında həkk olunmuş bir xatirə, qürur və qələbə rəmzidir. Onun hər küçəsi, hər daşı tariximizin bir parçasıdır. Bu şəhəri qorumaq və gələcək nəsillərə tanıtmaq bizim borcumuzdur. Arzu edirəm ki, Şuşada hər zaman sülh, sevinc və musiqi səsləri olsun.