Ağdamın dirçəlişi: Tarixi yaddaşdan müasir inkişafa gedən Zəfər Yolu

Ağdamın dirçəlişi: Tarixi yaddaşdan müasir inkişafa gedən Zəfər Yolu

 

Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan Ağdamın qurtuluşu və yenidən qurulması xalqımızın əyilməz iradəsinin, dövlətçilik ənənələrinin və uzaqgörən siyasi kursun parlaq təcəssümüdür. Hər il qeyd olunan 20 Noyabr – Ağdam Şəhəri Günü sadəcə bir təqvim hadisəsi deyil, həm də illər boyu davam edən ədalətsizliyə son qoyulmasının, doğma torpağa qayıdışın və böyük quruculuq salnaməsinin rəmzinə çevrilmişdir.

Ağdam rayonunun yaradılması tarixi kökən etibarilə bu diyarın zəngin iqtisadi, mədəni və ictimai həyatda tutduğu mövqeyi əks etdirir. Qədim yaşayış məskənləri, zəngin mədəni irsi, muğam sənəti və əməksevər insanları ilə tanınan Ağdam uzun illər regionun mühüm mərkəzlərindən biri olmuşdur. Lakin XX əsrin sonlarında baş verən işğal nəticəsində bu torpaqlar ağır dağıntılara məruz qalmış, şəhər və kəndlər viran edilmişdir. Ağdamın yaşadığı faciə bəzən "Qafqazın Xirosiması" kimi xarakterizə edilir ki, bu da işğalçı qüvvələrin törətdiyi vandalizmin miqyasını və dağıntıların dəhşətini aydın şəkildə ifadə edir.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursu xalqımızın gələcək qələbələrinin möhkəm təməlini qoymuşdur. Ulu Öndərin dövlətçilik fəlsəfəsi, milli həmrəyliyin möhkəmləndirilməsi, ordumuzun peşəkarlığının artırılması və Azərbaycanın beynəlxalq aləmdə haqq səsinin ucaldılması istiqamətində atdığı addımlar bu gün əldə edilən tarixi nailiyyətlərin əsasında dayanır. Onun uzaqgörən siyasəti sayəsində Azərbaycan öz iqtisadi gücünü artırmış, daxili sabitliyini qorumuş və suverenliyinin bərpası üçün zəruri olan bütün strateji dayaqları formalaşdırmışdır.

Bu siyasi irsin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət nəticəsində tarixi ədalət bərpa olunmuşdur. 10 noyabr 2020-ci il tarixli bəyanatın gücü ilə işğalçı Ermənistan qüvvələrinin Ağdamdan çıxarılması heç bir güllə atılmadan, siyasi-diplomatik və hərbi üstünlüyün vəhdəti sayəsində baş tutan mühüm tarixi hadisədir. Bu hadisə Azərbaycan dövlətinin gücünü, Müzəffər Ali Baş Komandanın strateji gedişlərinin uzaqgörənliyini bir daha bütün dünyaya nümayiş etdirdi.

Prezident İlham Əliyevin vurğuladığı kimi, dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir, lakin dövlətimiz Ağdam şəhərini və bütün kəndlərini bərpa edəcək və bu məsələdə heç kimdə şübhə olmamalıdır. İşğaldan azad edildikdən dərhal sonra, 23 noyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ağdam şəhərində Dövlət Bayrağını ucaltması və dağılmış Ağdam Cümə məscidini ziyarət etməsi xalqımızın yaddaşında silinməz iz buraxan qürurverici anlara çevrildi.

Ağdamın dirçəlişi sadəcə bərpa işləri deyil, həm də müasir, dayanıqlı və innovativ şəhərsalma modelinin tətbiqidir. Dövlət başçısının azad olunmuş Ağdama mütəmadi səfərləri və reallaşdırdığı yeni infrastruktur layihələri bu prosesin sürətini və miqyasını aydın göstərir. Ağdam-Füzuli avtomobil yolunun tikintisinin gedişi ilə tanışlıq, eləcə də Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlər regionun nəqliyyat-logistika əlaqələrinin bərpasına və inteqrasiyasına xidmət edir.

Mədəni irsin yaşadılması və gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin ayrılmaz hissəsidir. Bu baxımdan Ağdam Muğam Mərkəzinin yaradılması Qarabağın musiqi beşiyi olan bu torpaqda muğam sənətinin yenidən canlanmasına töhfə verir. Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışı və "İmarət" stadionunun təməlqoyma mərasimi tarixi yaddaşla müasir idman və ictimai həyatın uzlaşmasını nümayiş etdirir. Eyni zamanda, "Aghdam City Hotel"in açılışı şəhərin turizm və işgüzar həyatının canlanmasına yeni imkanlar açır.

Kəndlərin bərpası və əhalinin doğma yurduna qayıdışı istiqamətində ardıcıl addımlar atılır. Ağdam rayonunun Eyvazxanlı və Kəngərli kəndlərində aparılan bərpa işləri ilə tanışlıq, Xıdırlı kəndində görülən bərpa işləri və 3 iyul 2025-ci ildə Azərbaycan və Qırğızıstan prezidentlərinin iştirakı ilə Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışı Böyük Qayıdış proqramının uğurla icra olunduğunu təsdiqləyir. Həmin dövrdə ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdamdakı "İmarət" Kompleksində Qarabağ atlarının "Zəfər" şousunu izləmələri, eləcə də Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Ağdamda Şahbulaq qalasında olmaları regionun beynəlxalq əməkdaşlıq və dostluq məkanına çevrildiyini göstərir.

İqtisadi potensialın reallaşdırılması və yeni iş yerlərinin yaradılması məqsədilə Ağdam Sənaye Parkında görülən işlər və yeni zavodların açılışları xüsusi əhəmiyyət daşıyır. 7 noyabr 2026-cı ildə həyata keçirilən tədbirlər çərçivəsində Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanışlıq, Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı, Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışı və Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanışlıq şəhərin iqtisadi və sosial infrastrukturunun yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.

Bütün bu genişmiqyaslı işlər göstərir ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Ağdam özünün əvvəlki şöhrətini qazanmaqla yanaşı, müasir dövrün tələblərinə cavab verən inkişaf etmiş mərkəz kimi yenidən doğulur. Xarabalıqlardan yüksələn bu şəhər dövlətimizin qüdrətinin, xalqımızın birliyinin və əbədi qayıdışın canlı salnaməsidir.

 

Səltənət Möhsünlü

YAP Tərtər rayon təşkilatının məsləhətçisi