Azərbaycanın taleyini düşünən insanlar 1992-ci ilin oktyabr ayında ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Hər zaman ölkəmizdə gedən proseslərin mərkəzində olan Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.
Yeni Azərbaycan Partiyası hər zaman öz fəaliyyətini günün tələblərinə uyğun quran siyasi təşkilatdır. 2026-ci il oktyabr ayının 2-də keçirilən Partiyanın VIII qurultayı Yeni Azərbaycan Partiyasının, həmçinin ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə oldu. Düzdür, bu günə qədər keçirilmiş olan hər bir qurultay Yeni Azərbaycan Partiyasının həyatında əlamətdar hadisə olaraq qalmışdır. Lakin VIII qurultay bir çox özəllikləri ilə əvvəlki qurultaylardan fərqlənir və bu qurultay Yeni Azərbaycan Partiyasının həyatında yeni dönüş nöqtəsi hesab edilir.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edərək partiyanın keçdiyi tarixi inkişaf yolunu, Azərbaycanın əldə etdiyi möhtəşəm nailiyyətləri və qarşıda duran strateji vəzifələri geniş şəkildə diqqətə çatdırmışdır. Dövlət başçısı vurğulamışdır ki, bu qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay olması ilə xüsusi tarixi əhəmiyyət daşıyır. Cənab Prezident Yeni Azərbaycan Partiyasının yalnız ölkəmizin deyil, bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olduğunu qeyd edərək partiyanın dövlətçilik ənənələrinin möhkəmləndirilməsindəki rolunu yüksək qiymətləndirmişdir. Çıxışda Azərbaycanın beynəlxalq nüfuzunun artırılması, milli maraqların qorunması, hərbi qüdrətin daha da gücləndirilməsi və iqtisadi müstəqilliyin təmin olunması prioritet istiqamətlər kimi önə çəkilmişdir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin davam etdirilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin olunması mühüm vəzifələr sırasında qeyd edilmişdir. Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursuna sadiqliyin, milli birliyin və dövlət maraqlarının qorunmasının Azərbaycanın gələcək inkişafının əsas təminatları olduğunu bir daha vurğulamışdır. Dövlət başçısının qurultaydakı proqram xarakterli çıxışı Yeni Azərbaycan Partiyasının qarşıdakı fəaliyyət istiqamətlərini müəyyənləşdirməklə yanaşı, Azərbaycanın yeni tarixi mərhələdə strateji hədəflərinə də aydın istiqamət vermişdir.
Banisi ulu öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş partiyadır. Azərbaycan xalqının ən böyük milli sərvəti olan dövlət müstəqilliyini qoruyub saxlayan ümummilli lider Heydər Əliyev 20-ci əsrin sonu - 21-ci əsrin əvvəllərində Azərbaycanı qloballaşan dünyada suveren dövlət kimi formalaşdırmış, milli mənafelərinin reallaşmasının fundamental əsasını qoymuş, mənəvi dəyərlərinin qorunması, mədəniyyətinin inkişafı üçün hər cür şərait yaratmışdır.
Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş uğurlu siyasət nəticəsində ərazi bütövlüyümüz bərpa edilmiş, suverenliyimiz təmin edilmiş, xalqın milli qüruru özünə qaytarılmış, dünyada yeni reallıqlar yaradılmışdır. Yeni Azərbaycan Partiyasının qarşısında duran əsas vəzifə bu nailiyyətləri göz bəbəyi kimi qorumaq, ümummilli lider Heydər Əliyev ideyasına sədaqətlə xidmət etməkdir.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri