Azərbaycanın müasir liman, dəmir yolu və avtomobil yolu infrastrukturu

Azərbaycanın müasir liman, dəmir yolu və avtomobil yolu infrastrukturu

Elməddin Abbasov

YAP Ağdam rayon təşkilatının əməkdaşı 

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə Prezident İlham Əliyevin çıxışı ölkəmizin regional əməkdaşlığa verdiyi töhfələri və gələcək tərəfdaşlığın əsas istiqamətlərini əks etdirib. Dövlət başçısı Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi dialoqun, iqtisadi əlaqələrin və qarşılıqlı etimadın daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın 2025-ci ildə Məşvərət formatına tamhüquqlu üzv kimi qoşulması ölkəmizin regiondakı mövqeyinin güclənməsinin və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin inkişafının mühüm göstəricisidir. Bu əməkdaşlıq dövlətlər arasında iqtisadi, siyasi və humanitar münasibətlərin genişləndirilməsi üçün yeni imkanlar yaradır. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin uğurlu və ardıcıl regional siyasəti nəticəsində 2027-ci ildə Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə sədrlik edəcək. Ölkəmiz Mərkəzi Asiya dövlətləri üçün etibarlı siyasi tərəfdaş, beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirən tranzit ölkə kimi mövqeyini gücləndirib. Bu gün Mərkəzi Asiya və Azərbaycanı vahid geosiyasi və geoiqtisadi məkan kimi qiymətləndirmək üçün kifayət qədər əsas mövcuddur. Xüsusilə qlobal ticarət marşrutlarının dəyişdiyi, enerji təhlükəsizliyi məsələlərinin aktuallaşdığı və yeni nəqliyyat dəhlizlərinə tələbatın artdığı bir dövrdə C6 formatı daha geniş strateji əhəmiyyət qazanır.

Dövlət başçısı iqtisadi əlaqələrin genişləndirilməsi ilə yanaşı, birgə investisiyaların artırılmasının, istehsal müəssisələrinin yaradılmasının və sənaye kooperasiyasının inkişafının vacibliyini diqqətə çatdırdı. Bu yanaşma region ölkələrinin iqtisadi potensialından daha səmərəli istifadə etməyə, yeni iş yerləri yaratmağa və beynəlxalq bazarlarda rəqabət imkanlarını genişləndirməyə xidmət edir. Görüşdə nəqliyyat-logistika və enerji sahələrində əməkdaşlıq da əsas istiqamətlərdən biri kimi önə çıxdı. Azərbaycanın müasir liman, dəmir yolu və avtomobil yolu infrastrukturu, eləcə də Orta Dəhlizin inkişafına verdiyi töhfələr ölkəmizin Şərqlə Qərb arasında mühüm tranzit mərkəzi mövqeyini möhkəmləndirir. Xəzər dənizi vasitəsilə əlaqələrin genişləndirilməsi və rəqəmsal bağlantıların gücləndirilməsi də regional əməkdaşlığın perspektivlərini artırır.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, praqmatik və çoxvektorlu xarici siyasətin mühüm nəticələrindən biridir. Ölkəmiz son illərdə regional əməkdaşlıq təşəbbüslərində fəal iştirak etməklə, beynəlxalq nəqliyyat və enerji layihələrinin həyata keçirilməsində mühüm rol oynamaqla öz geosiyasi mövqeyini daha da gücləndirib.