Göyçayda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü münasibətilə tədbir təşkil edilib

 

Noyabrın 20-də YAP Göyçay rayon təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının  yaranmasının 34-cü ildönümü münasibətilə tədbir təşkil edilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsinə ehtiram ifadə edilib.

Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin, Vətən uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov açıq elan edərək bu əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib. Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, 34 il ərzində ölkəmizin inkişafında və tarixi Zəfərin qazanılmasında partiyanın mühüm rolundan bəhs edib. S.Şükürov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti ölkəmizin siyasi həyatında mühüm mərhələləri, dövlətçiliyimizin möhkəmləndirilməsi və Azərbaycanın hərtərəfli inkişafı istiqamətində həyata keçirilən ardıcıl fəaliyyəti özündə əks etdirir. O vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin yaratdığı siyasi təşkilat bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə öz fəaliyyətini uğurla davam etdirərək ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərdə mühüm rol oynayır.

Daha sonra çıxış edənlər, Partiya veteranları Firidun Xəlilov, Anar Əhmədov, Ərazi Partiya təşkilatlarının sədr müavinləri Nərmin Abışova, Firidun Hacıyev Yeni Azərbaycan Partiyasının ölkənin dövlət quruculuğu və iqtisadi inkişafında oynadığı mühüm rolu vurğulayıblar. Çıxışlarda həmçinin Ulu öndər Heydər Əliyevin siyasi irsinin bu gün də ölkəmizin inkişaf strategiyasının əsasını təşkil etdiyi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi Zəfərin, beynəlxalq nüfuzunun və sosial-iqtisadi nailiyyətlərinin partiyanın 34 illik fəaliyyət salnaməsində xüsusi yer tutduğu diqqətə çatdırılıb.

Tədbirin sonunda rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən partiya fəalları YAP Göyçay rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif edilib, həmçinin Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuş yeni üzvlərə partiya vəsiqələri təqdim olunub.