YAP dünənin, bu günün və gələcəyin partiyasıdır

YAP dünənin, bu günün və gələcəyin partiyasıdır

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

21 noyabr 1992-ci il – Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirildiyi, Azərbaycan siyasi tarixində yeni mərhələnin əsasının qoyulduğu əlamətdar gündür.

“YAP dünənin, bu günün və gələcəyin partiyasıdır”.

Ulu Öndər Heydər Əliyevin bu müdrik kəlamı Yeni Azərbaycan Partiyasının yarandığı gündən bu günədək keçdiyi tarixi yolun, qazandığı siyasi nüfuzun və gələcəyə hesablanmış fəaliyyətinin mahiyyətini özündə əks etdirir.

1990-cı illərin əvvəllərində Azərbaycan olduqca mürəkkəb siyasi, iqtisadi və sosial böhranla üz-üzə qalmışdı. Dövlət müstəqilliyimizin taleyinin sual altında olduğu, ölkədə siyasi hərc-mərcliyin hökm sürdüyü, xalqın gələcəyə inamının sarsıldığı bir zamanda cəmiyyət güclü siyasi liderə, müdrik dövlət xadiminə və xalqı öz ətrafında birləşdirə biləcək qüvvəyə ehtiyac duyurdu. Məhz belə bir tarixi şəraitdə Azərbaycanın ziyalıları, tanınmış ictimai-siyasi xadimləri və vətənpərvər insanları Ulu Öndər Heydər Əliyevə müraciət edərək yeni siyasi təşkilatın yaradılmasını təklif etdilər.

Tarixə “91-lərin müraciəti” kimi düşən bu çağırış Azərbaycan xalqının gələcək taleyi ilə bağlı böyük siyasi məsuliyyətin ifadəsi idi. Bu müraciət təkcə yeni partiyanın yaradılması təşəbbüsü deyil, həm də ölkənin xilasına, milli dövlətçiliyin qorunmasına və siyasi sabitliyin təmin edilməsinə yönəlmiş ümumxalq istəyinin təzahürü idi.

Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Ulu Öndər Heydər Əliyev partiyanın sədri seçildi. Bu hadisə Azərbaycanın siyasi tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Yeni Azərbaycan Partiyası qısa müddətdə xalqın böyük etimadını qazandı, cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi.

Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi və xalqına sonsuz bağlılığı Yeni Azərbaycan Partiyasının ideoloji və təşkilati əsaslarını müəyyənləşdirdi. Partiyanın yaranması ilə Azərbaycanda milli maraqlara, dövlətçilik ənənələrinə və müstəqilliyin qorunmasına əsaslanan yeni siyasi düşüncə formalaşdı.

Yeni Azərbaycan Partiyasının tarixində mühüm mərhələ olan bu prosesin əhəmiyyətini Prezident İlham Əliyevin partiyanın VIII qurultayındakı çıxışı da bir daha təsdiqləyir. Dövlətimizin başçısı həmin çıxışında vurğulamışdır: “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi”.

Bu fikirlər partiyanın yaradılmasının yalnız siyasi təşkilatlanma hadisəsi olmadığını, həm də Azərbaycanın gələcək uğurlarının, dövlətçilik qələbələrinin və milli inkişaf strategiyasının başlanğıc nöqtəsi olduğunu ifadə edir.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini itirmək təhlükəsindən xilas etdi, ölkədə sabitliyin və inkişafın əsasını qoydu. Məhz Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyimizin möhkəm təməlləri yaradıldı, siyasi və iqtisadi islahatlara start verildi, Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmağa başladı.

Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan son illərdə bütün sahələrdə böyük inkişaf yolu keçib, beynəlxalq nüfuzu yüksəlib, iqtisadi və hərbi qüdrəti artıb. Ən əsası, xalqımızın milli arzusu olan ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası təmin edilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər Azərbaycanın yeni tarixinin ən möhtəşəm hadisəsidir. Bu qələbə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, güclü ordumuzun və xalqımızın birliyinin təntənəsidir.

Bu baxımdan, Yeni Azərbaycan Partiyası yalnız ölkənin siyasi həyatında iştirak edən təşkilat deyil, həm də dövlətimizin inkişaf strategiyasının həyata keçirilməsində, milli maraqların qorunmasında və cəmiyyətin səfərbər edilməsində mühüm rol oynayan aparıcı siyasi qüvvədir.

Prezident İlham Əliyevin YAP-ın VIII qurultayında səsləndirdiyi “Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var” fikri partiya üzvlərinin dövlət və cəmiyyət qarşısındakı məsuliyyətinə verilən yüksək qiymətin ifadəsidir.

Bu qiymət hər bir partiya fəalının üzərinə daha böyük vəzifələr qoyur. Çünki Yeni Azərbaycan Partiyasının gücü yalnız üzvlərinin sayında deyil, onun ideoloji bütövlüyündə, təşkilati intizamında, dövlətə və xalqa xidmət prinsipinə sadiqliyindədir.

Bu gün 769 811 üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla, geniş ictimai dayağa, güclü təşkilati struktura və zəngin siyasi təcrübəyə malikdir. Partiyanın sıralarında müxtəlif nəsillərin, peşə və ixtisas sahiblərinin təmsil olunması onun cəmiyyətin bütün təbəqələri ilə sıx bağlılığının göstəricisidir. Xüsusilə gənclərin partiya sıralarında fəal təmsil olunması YAP-ın gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin qurultaydakı çıxışında səsləndirdiyi “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır” fikri partiyanın ideoloji fəaliyyətinin əsas istiqamətini müəyyən edir. Bu siyasi xətt müstəqil Azərbaycanın qorunması, milli maraqların üstün tutulması, xalq-iqtidar birliyinin möhkəmləndirilməsi, sosial rifahın yüksəldilməsi və dövlətimizin beynəlxalq mövqelərinin daha da gücləndirilməsi kimi fundamental prinsiplərə söykənir.

Bu gün Yeni Azərbaycan Partiyası özünün tarixi missiyasını yeni reallıqlar şəraitində uğurla davam etdirir. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış Proqramının həyata keçirilməsi, ölkəmizin iqtisadi potensialının artırılması və beynəlxalq əlaqələrinin genişləndirilməsi Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açır. Bu proseslərdə partiya fəallarının üzərinə düşən vəzifə dövlət başçısının müəyyən etdiyi məqsədlərin həyata keçirilməsinə öz töhfəsini vermək, cəmiyyətlə daim təmasda olmaq və dövlətçilik ideyalarını təbliğ etməkdir.

21 noyabr – Yeni Azərbaycan Partiyasının təsis konfransının ildönümü sadəcə bir siyasi təşkilatın yaranma tarixinin qeyd edilməsi deyil. Bu tarix Azərbaycanın müstəqillik salnaməsində mühüm yer tutan, xalqımızın siyasi iradəsini, milli birliyini və gələcəyə inamını təcəssüm etdirən əlamətdar gündür.

Bu gün əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı və Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Yeni Azərbaycan Partiyası qarşıdakı illərdə də ölkəmizin siyasi həyatında aparıcı mövqeyini qoruyacaq, dövlətimizin tərəqqisinə, milli maraqlarımızın müdafiəsinə və yeni nailiyyətlərə öz töhfəsini verəcəkdir.

Yeni Azərbaycan Partiyasının 34 illik şərəfli tarixi bir daha sübut edir ki, bu siyasi təşkilat dünənin tarixi irsinə, bu günün güclü reallıqlarına və gələcəyin aydın hədəflərinə söykənən ümumxalq partiyasıdır.

Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sədaqət, Prezident İlham Əliyevin ətrafında sıx birləşmək, dövlətçiliyimizi qorumaq və Azərbaycanın daha qüdrətli gələcəyi naminə çalışmaq hər bir YAP üzvünün şərəfli və məsuliyyətli vəzifəsidir.

Yeni Azərbaycan Partiyası dünənin sınaqlarından şərəflə çıxmış, bu günün siyasi liderinə çevrilmiş və gələcəyin Azərbaycanını qurmaq əzmində olan partiyadır!