Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatı 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar silsilə tədbirlər keçirir. Növbəti belə tədbir rayon təşkilatının Qadınlar Şurası tərəfindən təşkil edilib.
Tədbiri giriş sözü ilə açan YAP Goranboy rayon təşkilatının sədr müavini, aparat rəhbəri Əzra Həşimova qeyd edib ki, 15 iyun - Milli Qurtuluş Günü dövlətçilik tariximizdə mühüm yerə malikdir. Ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycanın təməlini qoyduğunu deyən Ə.Həşimova əlavə edib ki, ölkəmiz bu gün Ümummilli liderin ideyaları əsasında inkişaf edir.
YAP Goranboy rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Yeganə Məmmədova isə deyib ki, iyunun 9-da Naxçıvandan Bakıya gələn, iyunun 15-də isə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilən Heydər Əliyev Azərbaycanın xilasına nail oldu. Ümummilli lider Heydər Əliyev ölkəni məhv olmaq təhlükəsindən qurtardı və inkişaf yoluna çıxardı.
Tədbir Heydər Əliyev parkında rayon Mədəniyyət evinin təşkil etdiyi konsert proqramı ilə davam edib.