YAP-ın yaranmasından 34 il ötür
Qısa müstəqillik tarixində Azərbaycan bir sıra mərhələlərdən keçib. Bu gün isə ölkəmiz dünyadakı kataklizmlər, siyasi və iqtisadi böhranlar şəraitində sabitlik və inkişaf adası kimi diqqət çəkir. Ümummilli məqsədlərinə doğru inamlı addımlar atan və hər sahədə böyük uğurlar qazanan respublikamızın artıq dünya üzrə orta güc dövləti səviyyəsinə yüksəlməsi, regional liderlikdən qlobal proseslərə təsir imkanları artan, müxtəlif qütblər arasında körpülər yaradan dövlət kimi qəbul edilməsi son dərəcə qürurvericidir. Ən böyük uğurumuz isə, heç şübhəsiz ki, 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında parlaq zəfərlər qazanmaqla ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin etyməyimizdir. Bu qələbələr xalqımızın qürur mənbəyi kimi tariximizdə əbədi qalacaq.
Təbii ki, müstəqil Azərbaycan öz inkişafının indiki səviyyəsinə birdən-birə çatmayıb. Yüksəliş yolunun təməli respublikamızda 21 noyabr 1992-ci ildə yeni bir siyasi qüvvənin - Yeni Azərbaycan Partiyasının (YAP) yaranması və cəmi altı aydan sonra bu partiyanın Lideri, bütün varlığı ilə Vətəninə bağlı olan böyük siyasətçi Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın rəhbərliyinə gəlməsi ilə qoyulub. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında bu məqama xüsusi diqqət çəkib. Müstəqil Azərbaycanın uğurlu yol keçməsindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı vurğulayıb ki, bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi.
Bu gün Yeni Azərbaycan Partiyasının 21 noyabr 1992-ci ildə ulu diyar Naxçıvanda təsis konfransının keçirilməsindən 34 il ötür. “Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var”, - deyə Prezident İlham Əliyev qurultaydakı çıxışında qeyd edib.
İctimai sifariş və xalqın tələbi..
YAP Azərbaycan tarixinin çox çətin dönəmində yaranan partiyadır. Prezident, YAP Sədri İlham Əliyevin bildirdiyi kimi, ölkəmizdə gedən xoşagəlməz proseslər faktiki olaraq Azərbaycanı uğursuz dövlətə çevirirdi.
Ötən əsrin doxsanıncı illərinin əvvəllərində XX yüzillikdə ikinci dəfə öz müstəqilliyini elan edən Azərbaycan həyatın bütün sahələrində böhran kimi səciyyələndirliən ağır çətinliklərlə üz-üzə qalmışdı. Dövlət idarəçiliyi iflic olmuşdu. İqtisadiyyat tamam çökmüşdü. Sosial sfera, əhalinin gün-güzəranı dözülməsz dərəcədə ağır idi. Qeyri-legitim yolla 1992-ci ilin yazında hakimiyyətə gələn AXC - “Müsavat” iqtidarı cəmi bir il ərzində apardığı naşı siyasəti ilə ölkəni xaos, hərc-mərclik girdabına salmışdı. Ermənistanın işğalının genişlənməsi ilə yanaşı, həm də respublikada vətəndaş qarşıdurması təhlükəsi yaranmışdı. Müstəqilliyimizin itirilməsi tam real idi.
Vəziyyət sağlam qüvvələri, ziyalıları narahat edirdi. Onlar çıxış yolunu görkəmli siyasətçi Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə gəlməsində görürdülər. Beləliklə, 91 nəfər ziyalı siyasi fəaliyyət meydanına atılacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün 1992-ci il oktyabrın 16-da o dövrdə Naxçıvanda yaşayıb çalışan Heydər Əliyevə müraciət etdi. Həmin müraciət, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” - deyə Heydər Əliyev ziyalıların tarixli müraciətinə cavabında vurğulayıb.
Yeni Azərbaycan Partiyasının təsis konfransı yuxarıda qeyd olunan tarixdə Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilib. Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsi və Proqramı qəbul edilib. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçilib. Prezident İlham Əliyev partiyanın təsis konfransının keçirilməsini və YAP-ın Heydər Əliyevin liderliyi ilə Azərbaycanın siyasi səhnəsinə daxil olmasını bir ictimai sifariş kimi dəyərləndirib. “Yeni Azərbaycan Partiyasının yaradılması, yenə də deyirəm, xalqın tələbi idi. Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi”, - deyə dövlətimizin başçısı vurğulayıb.
YAP-ın təsis konfransından cəmi 6 ay sonra hakimiyyət partiyasına çevrilməsinin alternativi yox idi
YAP-ın Naxçıvanda təsis konfransının keçirilməsindən cəmi 6 ay sonra dünyanın siyasi mübarizə tarixində analoqu olmayan hadisə yaşanıb. Söhbət Yeni Azərbaycan Partiyasının ölkədə iqtidar partiyasına çevrilməsindən gedir. Bunun sirri nədə idi? Axı indiyədək beynəlxalq praktikada belə bir presedent yaşanmamışdı. Ayrı-ayrı ölkələrdə bu və ya digər siyasi qüvvənin hakimiyyət olimpinə yüksəlişi üçün bəzən onilliklər lazım gəlmişdi. YAP-ın təsis konfransından cəmi 6 ay sonra iqtidara gəlməsi özlüyündə bir göstərici idi.
Partiyanın qısa müddətdə təşkilatlanması, yerlərdə yaradılan özək təşkilatları vasitəsilə genişlənməsi və hakim partiyaya çevrilməsi ilk nöbvədə xalqın partiyanın qururcusu Heydər Əliyevə böyük rəğbəti və inamı ilə şərtlənirdi. Xalqın Heydər Əliyevə dərin inamı isə Onun keçdiyi həyat yolundan və xalq, Vətən naminə göstərdiyi fədəkarlıqlardan qaynaqlanırdı. Heydər Əliyev bacarıqlı və milli ruhlu bir lider olduğunu hələ keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə təsdiqləmişdi. O dövrdə Heydər Əliyev sovet rejiminin ideoloji qadağalarını məharətlə aşaraq milli mədəniyyətin, ədəbiyyatın inkişafına, Azərbaycan dilinin statusunun yüksəldilməsinə, azərbaycanlı gənclərin ittifaqın qabaqcıl ali məktəblərində nadir ixtisaslara yiyələnmələrinə böyük qayğı göstərirdi. Bütün bunlar, eyni zamanda, Heydər Əliyevin şəxsiyyəti, nümunəvi rəhbər obrazı xalqın özünəinam hissini gücləndirirdi. Deyə bilərik ki, o illərdə Heydər Əliyevin fəaliyyəti Azərbaycan xalqının oyanışına, milli dərkinə güclü təkan verdi. Böyük siyasətçinin səpdiyi toxumlar ötən əsrin səksəninci illərinin sonu - doxsanıncı illərinin əvvəlində şərait yarandıqda sağlam cücərtilər verdi. Bir neçə gün bundan əvvəl respublikamızda Milli Dirçəliş Günü qeyd olundu. 1988-ci il noyabrın 17-də xalq keçmiş ittifaq rəhbərliyinin Azərbaycana münasibətdə ədalətsiz siyasət aparmasına etiraz əlaməti olaraq indiki Azadlıq meydanında izdihamlı mitinqə toplaşdı. Dirçəliş Günü də həmi tarixi simvolizə edir. Azadlıq meydanında başlayan etiraz mitinqi sonradan müstəqillik uğrunda dönməz bir xalq hərəkatına çevrildi. Bunun ideya əsaslarını isə Heydər Əliyev qoymuşdu. Eyni zamanda, Heydər Əliyev YAP yaranmazdan öncə Naxçıvandakı fəaliyyəti ilə insanların azadlıq istəyini daha da gücləndirmişdi. Xatırlayaq ki, məhz Onun təşəbbüsü və cəsarəti sayəsində Naxçıvan keçmiş sovet bayrağından imtina etdi, muxtar respublikanın Ali Sovetində Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırıldı. Yenə də
Heydər Əliyev böyük cəsarət nümayiş etdirməklə keçmiş ittifaqın bərpası ilə bağlı referendumun Naxçıvan ərazisində keçirilməsinə imkan vermədi. O dövrdə böyük siyasətci daim Azərbaycanın müstəqilliyinin bəyan olunması təklifləri ilə çıxış edirdi.
Bütün bunlar Azərbaycan xalqının qəlbində Heydər Əliyevə sarsılmaz bir inam yaratmışdı. Buna görə də xalqına, Vətəninə bağlı olan belə bir parlaq şəxsiyyətin qurucusu olduğu partiyanın yarandığı vaxtdan cəmi 6 ay sonra hakimiyyət partiyasına çevrilməsinin alternativi yox idi.
Heydər Əliyev böyük tarixi missiya yerinə yetirdi
AXC-”Müsavat” iqtidarının yarıtmaz siyasətindən cana doyan xalq artıq 1993-cü ilin yayında bir nəfər kimi YAP Sədri Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə qayıtmasını tələb edirdi. Başqası olsaydı, həmin xaotik vəziyyətdə həyatını və karyerasını təhlükəyə atmaqdan çəkinərək suların durlmasını gözləyərdi. Ancaq söhbət Heydər Əliyevdən gedirdi. Çətinliklərlə üzləşən xalqı Ona üz tutmuşdu, güvənmişdi. O, xalqın güvənini, inamını qırmağı Özünə rəva görə bilməzdi və bilmədi də. Bakıya gəlib respublikanın idarəçilik sükanının arxasına keçməyə razılıq verdi. Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bir qədər sonra isə O, Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Və nəhayət, 1993-cü il 3 oktyabr tarixində ölkədə keçirilən prezident seçkilərində inamlı qələbə qazandı. YAP Sədri, Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək dövlət başçısı kimi fəaliyyətə başladı. Beləliklə də, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqı öz taleyini öz liderinə əmanət etdi.
Heydər Əliyev bütün varlığı ilə andına sadiq qaldı. Onun hakimiyyətə gəldiyi dövr çox çətin idi və sınaqlarla dolu idi. Həm separatçılıq, həm parçalanma təhlükələri, dövlət çevrilişinə iki cəhd, iqtisadi çətinliklər - bütün bunlar o vaxt reallıq idi. 8 milyon əhalinin 1 milyonu qaçqın-köçkün idi - onlar evsiz-eşiksiz qalmışdılar, çadırlara sığınmışdılar. Bu bir humanitar fəlakət idi və Azərbaycan meydanda tək qalmışdı. Bu kimi çətinliklərin öhdəsindən yalnız Heydər Əliyev kimi dahi siyasətçi gələ bilərdi və gəldi də!
Xalqın yekdil dəstəyi ilə hakimiyyətə gələn Heydər Əliyev vaxt itirmədən Azərbaycanın sabahı, müstəqilliyimizin əbədiyaşarlığı üçün müstəsna önəm daşıyan böyük işlərin təməlini qoydu. O, müstəqilliyimizi qorumaqla, ölkəni sabitliyə və inkişafa istiqamətləndirməklə böyük tarixi missiya yerinə yetirmiş oldu. “Ancaq Heydər Əliyev kimi qətiyyətli, cəsarətli dahi şəxsiyyət bütün bunların qabağında dura bilmişdi və Azərbaycanın ərazi bütövlüyünün qorunmasında, Azərbaycanın parçalanmaqdan xilas edilməsində onun amili aparıcı rol oynamışdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır
Dünya tarixinə nəzər saldıqda görürük ki, siyasi kursunu tez-tez dəyişən ölkələr bir qayda olaraq inkişafla bağlı problemlərlə üzləşirlər. Belə ki, onların siyasətində geridönüş baş verir və təbəddülatlar qaçılmaz olur. Azərbaycan Heydər Əliyev dönəmindən sonra bu problemdən yan keçən və inkişafın ardıcıllığını təmin edən bir dövlətdir. Ulu Öndərin tarixi müraciətini nəzərə alan Azərbaycan xalqı 2003-cü ildə Onun siyasi kursunun layiqli davamçısı İlham Əliyevi ölkə Prezidenti seçib. Azərbaycanın idarəçilik sükanının arxasına keçən İlham Əliyev ilk andiçmə mərasimində söylədiyi nitqində Heydər
Əliyev siyasi xəttinə sadiq qalacağına vəd verdi və ötən dövrdə biz bu vədin tam həyata keçirildiyinin şahidi olmuşuq. Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı çıxışında da bir daha qətiyyətlə vurğulayıb ki, Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır.
YAP 2005-ci ildən İlham Əliyevin liderliyi ilə fəaliyyət göstərir. Partiyanın 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında YAP-ın yeni Sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev seçilib. Siyasi kursun varisliyinin təmin edilməsinin nəticəsidir ki, ölkəmiz hədəflərinə doğru inamlı addımlar atır və zirvələrdən-zirvələrə yüksəlir. Dayanıqlı inkişafın təmin olunması Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioritetidir. Ölkə boyunca yaradılan müasir infrastruktur Azərbaycanın mənzərəsini dəyişib. Bu infrastruktur obyektləri həm iqtisadi inkişafa güclü təkan verir, həm də əhalinin həyat səviyyəsinin yüksəlməsində mühüm rol oynayır. İqtisadi müstəqilliyin tam təmin olunması ölkəmizin böyük uğurudur. Qürurverici haldılr ki, bu gün Azərbaycan öz problemlərini özü həll edən güclü bir dövlət səviyyəsinə yüksəlib. Eyni zamanda, iqtisadi müstəqillik zəminində siyasi müstəqilliyimiz təmin olunub. Bu gün Azərbaycan sırf milli maraqlara və suverenlik prinsiplərinə əsaslanan siyasət həyata keçirir. Ölkəmiz hansısa bir güc mərkəzindən asılı olmadan mühüm qərərlar verir və bu qərarlar məhz paytaxt Bakıda Prezident İlham Əliyev tərəfindən imzalanır. Bizimlə diktat dili ilə danışmırlar və danışa da bilməzlər.
Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Paralel şəkildə, dünyada Azərbaycan söz sahibi kimi qəbul olunur. Lider həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Prezident İlham Əliyevin bu keyfiyyətlərinin sayəsində ölkəmizdə uzunmüddətli siyasi sabitlik və həmrəylik mühiti təmin olunub və gələcək inkişaf üçün fundamental zəmin formalaşıb.
Cəmiyyətdə nüfuzu getdikcə artan partiya
Yeni Azərbaycan Partiyasının cari il oktyabrın 2-də keçirilən VIII Qurultayında aparılan müzakirələrə və alınan qərarlara, müəyyənləşdirilən hədəflərə əsaslanaraq YAP-ın keyfiyyətcə yeni bir inkişaf mərhələsinə yüksəldiyini deyə bilərik. Pezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı çıxışı proqram xarakteri daşıyır. Dövlətimizin başçısı keçilən yola istinad etməklə qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə kimi dəyərləndirib.
Son 23 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafı naminə məqsədyönlü fəaliyyəti, xüsusilə də xalqımızın əsas ümummilli ideyasının gerçəkləşməsi - ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması cəmiyyətdə YAP-a böyük nüfuz qazandırıb. Yenə də beynəlxalq təcrübəyə istinad etdikdə görürük ki, iqtidar partiyasının xalq arasında öz nüfuzunu getdikcə yüksəltməsi dünya təcrübəsində az rast gəlinən haldır. Bir sıra ölkələrin təcrübəsindən bəllidir ki, vədlərlə hakimiyyətə gələn partiyalar çox az vaxtdan sonra eniş dövrünə qədəm qoyurlar. Belə hallar iqtidarın yarıtmaz fəaliyyətinin bilavasitə nəticəsidir. YAP-ın timsalında isə fərqli nümunə ortadadır. Yeni Azərbaycan Partiyasnın banisi Heydər Əliyev müstəqilliyimizin əldən getməsinin qarşısını aldı, ölkəni inkişaf və sabitlik yoluna çıxartdı. Hazırda isə Ulu Öndərin yolunu davam etdirən Prezident İlham Əliyevin rəhbərrliyi ilə YAP ölkəmizin inkişafında mühüm rol oynayır ki, bu da cəmiyyətdə ona olan inamı getdikcə daha da artırır. YAP davamlı olaraq həmrəylik təşəbbüslərindən çıxış etməklə ölkəmizdə siyasi konfiqurasiyanın, sarsılmaz iqtidar-xalq birliyinin formalaşmasının mərkəzində dayanır. Partiya öz nümunəsi ilə ölkəmizdə milli birlik uğrunda yeni səhifə açıb və siyasi mübarizə mədəniyyəti formalaşdırırb. YAP qələbələr partiyasıdır. Qatıldığı bütün seçkilərdə böyük üstünlüklə rəqiblərinə qalib gəlməsi cəmiyyətin Yeni Azərbaycan Partiyasına artan inamının əyani göstəricisidir.
Mübariz ABDULLAYEV