Almaniyada gənclərin etiraz aksiyalarında 87 minə yaxın insan iştirak edib

Almaniyada gənclərin etiraz aksiyalarında 87 minə yaxın insan iştirak edib

Almaniyanın 70-dən çox şəhərində keçirilən gənclərin etiraz aksiyalarında təxminən 87 min nəfər iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu barədə DPA agentliyi aksiya təşkilatçısı olan “Gen Z regelt” təşəbbüsünə istinadla məlumat yayıb.

Etirazçılar iqlim siyasəti, təhsilin keyfiyyəti və hərbi xidmətə çağırışla bağlı narazılıqlarını ifadə ediblər. Təşkilatçıların sözlərinə görə, gənc nəsil iqlim böhranı, hərbi xidmətə çağırış perspektivi, məktəb infrastrukturunun vəziyyəti və psixoterapevtik xidmətlərin maliyyələşdirilməsinin azaldılması kimi problemlərlə üzləşir.

Aksiyaların keçirilməsinə Almaniyada hərbi xidmət sisteminin modernləşdirilməsini nəzərdə tutan və 2026-cı il yanvarın 1-dən qüvvəyə minən qanun da səbəb olub. İslahat 18 yaşlılar üçün məcburi hərbi qeydiyyat və tibbi müayinə prosedurlarını bərpa edir.

Etirazçılar hərbi xidmətə çağırışın ləğvini, təhsil və gənclərə psixoloji yardım sahələrinə dövlət dəstəyinin artırılmasını, eləcə də iqlimin qorunması istiqamətində tədbirlərin gücləndirilməsini tələb edirlər.