Parçalanma təhlükəsindən milli birliyə: Yeni Azərbaycan Partiyasının 34 illik tarixi

Parçalanma təhlükəsindən milli birliyə: Yeni Azərbaycan Partiyasının 34 illik tarixi

Sovet İttifaqının dağılmasından və Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra ölkəmiz son dərəcə mürəkkəb sınaqlarla üz-üzə qaldı. Müharibə, siyasi xaos, iqtisadi böhran və daxili parçalanma təhlükəsi respublikanın gələcəyini ciddi sual altına qoymuşdu. Belə bir şəraitdə ölkənin xilasına və sabitliyin bərpasına dair ümidlər getdikcə daha çox görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə əlaqələndirilirdi. O, hələ sovet dövründə Azərbaycanın maraqlarını ardıcıl şəkildə müdafiə etmiş, respublikanın inkişafına mühüm töhfələr vermişdi.

1992-ci il noyabrın 21-də Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası təsis edildi. Bu hadisə Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, milli birliyin möhkəmləndirilməsi, sabitliyin təmin olunması, müstəqil dövlətçiliyin qorunması və gələcək zəfərə aparan tarixi yolun əsasını qoydu.

Bu gün, partiyanın yaradılmasından 34 il sonra həmin tarixi yolun miqyasını daha aydın qiymətləndirmək mümkündür. 1990-cı illərin əvvəllərində dövlət müstəqilliyini qorumaq uğrunda mübarizə aparan Azərbaycan bu gün suverenliyini möhkəmləndirmiş, öz milli maraqlarına əsaslanan müstəqil siyasət həyata keçirən dövlətə çevrilib.

Həmin dövrün ən ciddi təhdidlərindən biri ölkənin daxildən parçalanması təhlükəsi idi. Siyasi qarşıdurmalar separatçılıq meyilləri və etnik fərqlərdən dövlətin zəiflədilməsi məqsədilə istifadə cəhdləri ilə müşayiət olunurdu. Çoxmillətli Azərbaycan üçün bu, xüsusi təhlükə yaradırdı. Əsrlər boyu azərbaycanlılar, ruslar, ləzgilər, talışlar, avarlar, yəhudilər və digər xalqların nümayəndələri bu torpaqlarda yanaşı yaşamış, Azərbaycanı öz vətənləri hesab etmişlər. Lakin siyasi qeyri-sabitlik şəraitində formalaşmış ictimai birliyin pozulması və etnik fərqlərin qarşıdurma amilinə çevrilməsi riski yaranmışdı.

1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Siyasi sabitliyin bərpası, dövlət institutlarının möhkəmləndirilməsi və separatçılıq meyillərinin qarşısının alınması ölkənin gələcək inkişafı üçün zəruri zəmin yaratdı.

Heydər Əliyevin siyasi irsində azərbaycançılıq ideologiyası xüsusi yer tuturdu. Bu ideologiyanın əsas mahiyyəti milli, etnik, dini və dil mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşları vahid vətən və ümumi dövlətçilik dəyərləri ətrafında birləşdirməkdən ibarət idi. Etnik fərqlərin siyasi parçalanma vasitəsinə çevrilməyə çalışıldığı bir dövrdə azərbaycançılıq milli həmrəyliyin və vətəndaş birliyinin mühüm ideoloji dayağı kimi çıxış edirdi.

Məhz həmin illərdə bu gün tanıdığımız Azərbaycanın təməli möhkəmləndirildi. Müstəqil qərarlar qəbul etmək, milli maraqları müdafiə etmək və davamlı inkişaf strategiyası həyata keçirmək imkanına malik dövlətin formalaşması prosesi sürətləndi.

Sonrakı onilliklər ərzində Azərbaycan böyük inkişaf yolu keçdi. İqtisadiyyat genişləndi, dövlət institutları gücləndirildi, Silahlı Qüvvələrin modernləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs davam etdirildi və yeni mərhələdə inkişaf etdirildi. Ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində uzun illər aparılan mübarizə 2020-ci ildə 44 günlük vətən müharibəsində tarixi qələbə ilə nəticələndi. 2023-cü ildə isə dövlət suverenliyinin bütün ölkə ərazisində tam bərpası təmin edildi.

Müharibə illərində Azərbaycanın müxtəlif xalqlarının nümayəndələri ümumi vətənin müdafiəsi naminə çiyin-çiyinə dayandılar. Ruslar, ləzgilər, talışlar, avarlar, yəhudilər və digər etnik qrupların nümayəndələri torpaqlarımızın azadlığı uğrunda mübarizə apardılar. Onların hər biri üçün Azərbaycan vahid və əzəli vətən olub və olaraq qalır.

Etnik mənşəyindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşları özlərini azərbaycanlı adlandırmaqdan qürur duyurlar. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında «dəmir yumruq» kimi birləşən xalq milli həmrəyliyin gücünü nümayiş etdirərək tarixi Qələbəyə nail oldu.

Məhz bu məqam Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasının cəmiyyətdəki birləşdirici rolunu bir daha nümayiş etdirdi. 1990-cı illərin əvvəllərində parçalanma təhlükəsinə cavab olaraq irəli sürülən milli birlik ideyası onilliklər sonra qələbənin mühüm ictimai-siyasi dayaqlarından birinə çevrildi.

2026-cı il noyabrın 8-də Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndi şəhərində Zəfər abidəsinin önündən Azərbaycan xalqına ünvanladığı təbrikində səsləndirdiyi fikirlər də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı azərbaycançılıq məfkurəsinin ölkənin bütün vətəndaşlarını birləşdirən fundamental ideya olduğunu vurğulayaraq bildirib:

"Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir. Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir. Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir. Azərbaycanda bütün etnik qruplar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bizi birləşdirən vətəndaşlıq, həmrəylik və azərbaycançılıq məfkurəsidir. Bu, bizim milli ideyamızdır".

Bu fikirlər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun İlham Əliyev tərəfindən davam etdirilməsinin mahiyyətini əks etdirir. Əgər 1990-cı illərin əvvəllərində xalqın birliyi dövlətçiliyin qorunması üçün həyati əhəmiyyət daşıyırdısa, 2020-ci ildə həmin birlik qələbənin əsas şərtlərindən birinə çevrildi. Bu gün isə milli həmrəylik Azərbaycanın gələcək inkişafının, suverenliyinin möhkəmləndirilməsinin və beynəlxalq mövqelərinin gücləndirilməsinin mühüm dayaqlarından biri kimi çıxış edir. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, ölkəmiz öz gələcəyini müstəqil şəkildə müəyyənləşdirir.

Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın müasir tarixində parçalanma və dövlətçiliyi itirmək təhlükəsindən milli birliyə, sabitliyə və tarixi qələbəyə doğru uzanan yeni mərhələnin başlanğıcı oldu.

Bu 34 ilin başlıca nəticəsi yalnız müstəqil və suveren Azərbaycanın möhkəmlənməsi deyil, həm də onun çoxmillətli xalqının birliyinin qorunub saxlanılmasıdır. Müxtəlif millətlər, fərqli dillər və dinlər, lakin vahid vətən, vahid bayraq və ortaq gələcək. Azərbaycanın gücü də məhz bu birlikdə, milli həmrəylikdə və ümumi dövlətçilik dəyərləri ətrafında birləşmək bacarığındadır.

 

Anastasiya Lavrina — siyasi analitik, YAP Qaradağ rayon təşkilatının fəalı, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun elmi işçisi