Biznes üçün yeni imkan

Biznes üçün yeni imkan

 

Artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirilir

Dövlət Vergi Xidməti artıq ödənilmiş vergilərin geri qaytarılması prosesini sadələşdirib. Yeni mexanizmə əsasən, ixrac fəaliyyəti ilə məşğul olan sənaye və texnologiyalar parklarının rezidentləri olan vergi ödəyiciləri artıq ödəmə etdikdə həmin məbləğin vergi orqanı tərəfindən geri qaytarılmasında elektron alətlərin tətbiqi imkanlarından istifadə ediləcək. Belə ki, həmin ödəmə ilə bağlı məlumatların müəyyən edilməsi və sahibkarların ünvanladığı ərizələrin onların elektron kabinetlərində yerləşdirilməsi mümkün olacaq. Bununla da əlavə proseduarlara və sənədlərin hazırlanmasına, müraciətlərin tərtib edilməsinə və vergi orqanının informasiya sistemlərində mövcud olan məlumatların təkrar təqdim edilməsinə sərf edilən vaxt və resurslar azalacaq. Prosesin elektron mühitdə təşkili müraciətlərin daha operativ icrasına və vergi xidmətlərinin əlçatanlığının artırılmasına imkan yaradacaq.

Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin böyük dövlət vergi müfəttişi Fariz Salahov bildirib ki, yeni mexanizm ixrac fəaliyyəti ilə məşğul olan sənaye və texnologiyalar parklarının rezidentləri olan vergi ödəyicilərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə, dövriyyə vəsaitlərinin daha səmərəli idarə olunmasına və artıq ödənilmiş vergilərin geri qaytarılması ilə bağlı inzibati prosedurların sadələşdirilməsinə xidmət edir.

Vergi ödəyiciləri əlavə nəzarət tədbirlərinə cəlb edilməyəcək

Müəyyən edilmiş uyğunluq meyarlarına cavab verən ixrac fəaliyyəti ilə məşğul olan sənaye və texnologiyalar parklarının rezidentləri olan vergi ödəyiciləri elektron kabinetlərində yerləşdirilmiş ərizəni təsdiq etməklə əlavə nəzarət tədbirlərinə cəlb edilmədən artıq ödədikləri vergi məbləğlərinin geri qaytarılması prosesini başlada bilirlər. Bu yanaşma risk əsaslı vergi inzibatçılığı prinsiplərinə uyğun olaraq, vergi intizamına riayət edən və aşağı risk səviyyəsinə malik vergi ödəyiciləri üçün prosedurların sadələşdirilməsini, vergi orqanlarının inzibati resurslarının isə daha səmərəli və məqsədyönlü istifadəsini təmin etməyə yönəlib.

Yeni mexanizm dövlət və özəl sektor arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, ixrac fəaliyyəti ilə məşğul olan sənaye və texnologiyalar parklarının rezidentləri olan vergi ödəyicilərinin dəstəklənməsi, eləcə də ixrac və sənaye potensialının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Artıq ödənilmiş vergi məbləğlərinin daha çevik qaytarılması maliyyə planlaşdırmasını asanlaşdırır, dövriyyə vəsaitlərinin əlçatanlığını artırır, biznes fəaliyyətinin davamlılığına və investisiya imkanlarının genişlənməsinə müsbət təsir göstərir.

Vergi Xidməti vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, hesabatlılıqla bağlı inzibati yükün azaldılması və prosedurların sadələşdirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi ilə vergi inzibatçılığının rəqəmsallaşdırılması, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində də tədbirləri davam etdirmək niyyətindədir. Xüsusilə, vergi hesabatlarının təqdim edilməsi və vergi öhdəliklərinin yerinə yetirilməsi proseslərinin avtomatlaşdırılması, mövcud informasiya bazaları əsasında hesabat və müraciət formalarının əvvəlcədən hazırlanması yeni islahat tədbirlərinə daxildir.

Mikrosahibkarlar vergi bəyannamələrini mobil həllərlə təqdim edəcəklər

Bu istiqamətdə digər mühüm yenilik vergi bəyannaməsinin mövcud məlumatlar əsasında avtomatik təqdim edilməsidir. Həmin mexanizmə əsasən, ilk mərhələdə mikrosahibkarlar 2027-ci ildən etibarən, vergi bəyannamələrini mobil həllərlə avtomatik təqdim edə biləcəklər. Bu məqsədlə, “İnzibati icraat haqqında” qanunvericiliyin tətbiqi və inzibati proseslərin sadələşdirilməsi nəzərdə tutur. Bu proses biznesin təsdiqi üçün vergi və bank məlumatlarından istifadə edilməsini də nəzərdə tutulur. Belə ki, vergi orqanlarının və bankların elektron sistemlərə inteqrasiyası nəzərə alınaraq, artıq biznesin təsdiqi prosesinin avtomatik qaydada həyata keçirilməsi mümkün olacaq. Digər yenilik isə mikro və kiçik sahibkarlıq subyektlərinin mövcud zonadan daha geniş imkanlar əldə etməsi və daha çox məşğulluğun təmin olunmasıdır. Əsas hədəf inzibati araşdırmaların minimum səviyyədə aparılması və onların maksimum dərəcədə riskəsaslı olmasının təmin edilməsidir. Bu isə nəticədə vergi və digər qanunvericilik tələblərinin biznes üçün daha asan və əlçatan olmasını təmin edəcək.

Ümumilikdə, yeni mexanizmlər vergi xidmətlərinin rəqəmsallaşdırılması, risk əsaslı inzibatçılığın inkişaf etdirilməsi, könüllü vergi əməletməsinin təşviqi və sahibkarlar üçün daha əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən islahatların mühüm tərkib hissəsi hesab olunur.

E.CƏFƏRLİ