Tərəfdaşlıqlar milli maraqlara əsaslanan çoxşaxəli əməkdaşlığı əhatə edir
Azərbaycanın geostrateji siyasi xəttində strateji tərəfdaşlıq münasibətlərinin qurulması və genişləndirilməsi mühüm istiqamətlərdən biridir. Bu siyasətin əsas mahiyyəti ölkəmizin milli maraqlarının beynəlxalq münasibətlər sistemində etibarlı şəkildə təmin olunması, siyasi mövqelərinin möhkəmləndirilməsi, iqtisadi imkanlarının genişləndirilməsi və yeni əməkdaşlıq platformalarının formalaşdırılmasıdır. Bu baxımdan, Avropa ilə münasibətlər Azərbaycanın xarici siyasət gündəliyində xüsusi yer tutur. Çünki Avropa həm qlobal iqtisadiyyatın, həm beynəlxalq siyasi proseslərin, həm də enerji və nəqliyyat-kommunikasiya sistemlərinin mühüm mərkəzlərindən biridir.
Bakı Avropa dövlətləri ilə əlaqələrini yalnız ənənəvi diplomatik münasibətlər çərçivəsində deyil, uzunmüddətli strateji maraqlar və qarşılıqlı fayda prinsipləri əsasında inkişaf etdirir. Bu gün Azərbaycanın Avropa İttifaqına üzv olan 10 dövlətlə strateji tərəfdaşlıq münasibətlərini təsbit edən sənədlər imzalaması həmin siyasətin miqyasını və ardıcıllığını göstərir. Almaniya, İtaliya, Macarıstan, Bolqarıstan, Rumıniya, Polşa, Çexiya, Slovakiya, Xorvatiya, Litva və Latviya ilə formalaşdırılan bu münasibətlər siyasi dialoqdan iqtisadiyyat, enerji, nəqliyyat, müdafiə sənayesi, təhlükəsizlik, rəqəmsal inkişaf və humanitar əməkdaşlığa qədər geniş sahələri əhatə edir.
Avropa İttifaqının özü ilə enerji sahəsində strateji tərəfdaşlıq haqqında memorandumun imzalanması da bu münasibətlərin mühüm istiqamətidir. Beləliklə, Azərbaycanın Avropa siyasəti ayrı-ayrı dövlətlərlə ikitərəfli əməkdaşlığı və Aİ ilə institusional dialoqu paralel şəkildə inkişaf etdirən çoxşaxəli strategiyaya əsaslanır. Burada əsas prinsip Azərbaycanın müstəqil siyasi iradəsinin, suveren hüquqlarının və iqtisadi potensialının qarşılıqlı əməkdaşlığın mərkəzində dayanmasıdır.
Almaniya və Avropa ilə münasibətlərdə yeni strateji mərhələ
Azərbaycanın Almaniya ilə münasibətlərinin strateji tərəfdaşlıq gündəliyi səviyyəsinə yüksəldilməsi Bakı-Berlin əlaqələrinin inkişafında yeni mərhələnin başlanğıcıdır. 2026-cı il iyulun 21-də Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində Almaniya Kansleri Fridrix Merts ilə imzaladığı “Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə” iki ölkənin əməkdaşlığının gələcək istiqamətlərini müəyyənləşdirən mühüm sənəddir. Bu sənəd Almaniyanın Azərbaycanın Avropa siyasətindəki yerinin daha da möhkəmlənməsinə, münasibətlərin yeni məzmun qazanmasına xidmət edir.
Almaniya Avropanın aparıcı iqtisadi və siyasi mərkəzlərindən biri olmaqla yanaşı, beynəlxalq qərarların formalaşmasında da mühüm mövqeyə malikdir. Bu ölkə ilə münasibətlərin inkişafı Azərbaycanın Avropa siyasi məkanında əlaqələrinin genişləndirilməsi, iqtisadi imkanlarının artırılması və regional mövqelərinin beynəlxalq səviyyədə daha yaxşı anlaşılması baxımından əhəmiyyətlidir. Təsadüfi deyil ki, imzalanmış sənəddə tərəflər dövlət suverenliyinə, müstəqilliyə və ərazi bütövlüyünə hörmət prinsiplərini bir daha təsdiqləyiblər. Almaniya, həmçinin 8 avqust 2025-ci il Vaşinqton sammitinin nəticələrini və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan addımları alqışlayaraq davamlı sülh səylərinə dəstəyini ifadə edib.
Birgə Bəyannamə əməkdaşlığın konkret istiqamətlərini də müəyyənləşdirir. Siyasi və diplomatik məsləhətləşmələrin intensivləşdirilməsi, ticarət və investisiyaların genişləndirilməsi, kənd təsərrüfatı, yaşıl enerji, aşağı karbonlu hidrogen, enerji səmərəliliyi, nəqliyyat-kommunikasiya, infrastruktur, müdafiə sənayesi, minatəmizləmə, təhsil, elm və rəqəmsal texnologiyalar bu gündəliyin əsas istiqamətləridir. Xüsusilə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyətinin davam etdirilməsi iqtisadi əlaqələrin institusional əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
Noyabrın 17-də Almaniyanın xarici işlər naziri Yohann Vadefulun Bakıya səfəri zamanı da tərəflər enerji, nəqliyyat, logistika, investisiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Almaniyaya Azərbaycan qazının ixracına başlanması isə münasibətlərin iqtisadi və enerji ölçüsünə yeni məzmun əlavə edir. Beləliklə, Berlinlə strateji gündəliyin formalaşdırılması Azərbaycanın Avropanın aparıcı dövlətləri ilə münasibətlərini qarşılıqlı maraqlar əsasında inkişaf etdirmək siyasətinin mühüm nəticəsidir.
Macarıstan - siyasi etimadın iqtisadi və enerji tərəfdaşlığına çevrilməsi
Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərində Macarıstan xüsusi yer tutur. Bakı ilə Budapeşt arasında əlaqələr uzun illərdir ki, qarşılıqlı siyasi etimad, beynəlxalq platformalarda əməkdaşlıq və iqtisadi maraqlar əsasında inkişaf edir. 2014-cü il noyabrın 11-də Prezident İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərin hüquqi-siyasi əsasını formalaşdırıb. 2023-cü il yanvarın 30-da isə tərəflər Genişləndirilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamaqla əməkdaşlığı daha yüksək səviyyəyə qaldırıblar.
Bu sənədin əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan-Macarıstan münasibətləri artıq yalnız ənənəvi siyasi dialoq və dostluq əlaqələri ilə məhdudlaşmır. Enerji təhlükəsizliyi, ticarət, investisiya, nəqliyyat, kənd təsərrüfatı, müdafiə sənayesi, təhsil, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq genişlənir. Macarıstanın Avropa İttifaqı daxilində Azərbaycanın maraqlarına həssas yanaşması, Bakı ilə Brüssel arasında dialoqun inkişafına verdiyi önəm də münasibətlərin siyasi məzmununu artırır.
Enerji əməkdaşlığı bu tərəfdaşlığın əsas istiqamətlərindəndir. Avropanın enerji təchizatının şaxələndirilməsi zərurəti Azərbaycanın strateji əhəmiyyətini artırdığı kimi, Macarıstan üçün də ölkəmizlə əməkdaşlığı mühüm edir. 2023-cü ildə imzalanmış təbii qaz sahəsində əməkdaşlıq haqqında memorandum bu istiqamətdə konkret addımlardan biridir. Azərbaycan qazının Avropa bazarlarına çıxarılması və Macarıstanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin iştirak imkanları ikitərəfli münasibətlərin praktiki əhəmiyyətini göstərir.
Bununla yanaşı, Şuşa şəhəri ilə Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin qurulması, şəhərsalma, turizm, elm və mədəniyyət sahələrində əməkdaşlıq haqqında memorandum imzalanması tərəfdaşlığın yalnız dövlətlərarası siyasi və iqtisadi münasibətlərdən ibarət olmadığını göstərir. Macarıstanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına verdiyi siyasi dəstək də xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Budapeşt Bakı üçün Avropada etibarlı tərəfdaşlardan biridir. Genişləndirilmiş Strateji Tərəfdaşlıq Bəyannaməsi isə qarşılıqlı maraqların daha geniş sahələrdə uzlaşdırılması və münasibətlərin uzunmüddətli perspektivdə inkişaf etdirilməsi üçün möhkəm zəmin yaradır.
Bolqarıstan, Rumıniya və Polşa - enerji təhlükəsizliyi, nəqliyyat və iqtisadi əməkdaşlığın Avropa istiqaməti
Azərbaycanın Bolqarıstan, Rumıniya və Polşa ilə strateji tərəfdaşlıq münasibətləri Avropanın müxtəlif coğrafi istiqamətlərində milli maraqlarımızın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu ölkələrlə əməkdaşlıqda enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya, ticarət, investisiya, sənaye və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət əsas yer tutur. Xüsusilə Bolqarıstan və Rumıniyanın Cənub-Şərqi Avropada, Polşanın isə Mərkəzi və Şərqi Avropada tutduğu mövqe Azərbaycanın Avropa ilə əlaqələrinin coğrafiyasını genişləndirir.
Bolqarıstanla strateji tərəfdaşlığın əsası 2015-ci il martın 4-də Prezident İlham Əliyev və Bolqarıstan Prezidenti Rosen Plevneliev tərəfindən imzalanmış Birgə Bəyannamə ilə qoyulub. 2024-cü il mayın 8-də isə Prezident İlham Əliyev və həmin dövrdə Bolqarıstanın prezidenti olmuş hazırki baş nazir Rumen Radev Strateji Tərəfdaşlığın Gücləndirilməsi haqqında Birgə Bəyannamə imzalayıblar. Bununla münasibətlər daha yüksək mərhələyə yüksəlib. Bolqarıstan Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında mühüm tərəfdaşlardan biridir. Cənub Qaz Dəhlizinin Avropa istiqamətində Bolqarıstanın iştirakı, Azərbaycan qazının bu ölkəyə tədarükü və SOCAR ilə Bolqarıstanın qaz şirkətləri arasında əməkdaşlıq enerji əlaqələrinin real iqtisadi nəticələrini göstərir. İkitərəfli münasibətlərdə rəqəmsal texnologiyalar, innovasiya, aviasiya, turizm və sənaye sahələri də mühüm yer tutur. 2024-cü ildə imzalanan sənədlər sırasında AZAL və “Bulgaria Air” arasında kod paylaşma sazişinin, texnoloji innovasiya sahəsində əməkdaşlıq memorandumunun olması bu istiqamətlərin genişləndirilməsinə xidmət edir.
Rumıniya Azərbaycanın Avropa İttifaqına üzv dövlətlər arasında strateji tərəfdaşlıq sənədi imzaladığı ilk ölkədir. 2009-cu il sentyabrın 28-də imzalanmış Birgə Bəyannamə iki ölkə arasında siyasi, iqtisadi, humanitar, enerji və nəqliyyat sahələrində uzunmüddətli əməkdaşlığın əsasını qoyub. Buxarestlə münasibətlərin əhəmiyyəti təkcə ikitərəfli əlaqələrlə məhdudlaşmır. Rumıniya Azərbaycanın Avropa bazarlarına çıxışında, Qara dəniz regionunda nəqliyyat və enerji bağlantılarının inkişafında mühüm tərəfdaşdır. Xüsusilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştirakı ilə Qara dənizin dibi ilə elektrik enerjisi kabelinin çəkilməsi layihəsi “yaşıl enerji” ixracı baxımından strateji perspektiv yaradır. Bu layihə Azərbaycanın bərpaolunan enerji potensialının Avropa bazarlarına çatdırılmasına, Cənubi Qafqazla Avropa arasında yeni enerji bağlantısının formalaşmasına imkan verə bilər. SOCAR-ın Rumıniyada fəaliyyət göstərməsi də iqtisadi əməkdaşlığın konkret göstəricilərindəndir.
Polşa ilə münasibətlər isə 2017-ci il iyunun 27-də Varşavada Prezident İlham Əliyev və Prezident Andjey Duda tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə ilə yeni mərhələyə qədəm qoyub. Sənədin adından da göründüyü kimi, burada siyasi münasibətlərlə yanaşı, iqtisadi əməkdaşlığın genişləndirilməsi xüsusi prioritet kimi müəyyənləşdirilib. Ticarət, investisiya, sənaye, kənd təsərrüfatı, nəqliyyat, müdafiə və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq iki ölkənin gündəliyində mühüm yer tutur. Polşa ilə tərəfdaşlıq Azərbaycanın Mərkəzi və Şərqi Avropada iqtisadi və siyasi əlaqələrinin genişləndirilməsi, Avropa bazarlarına inteqrasiya imkanlarının artırılması baxımından əhəmiyyətlidir.
Bu üç ölkə ilə münasibətlərin ortaq xüsusiyyəti Azərbaycanın enerji, nəqliyyat və iqtisadi potensialının Avropanın müxtəlif regional mərkəzləri ilə uzlaşdırılmasıdır. Bakı bu əlaqələri ayrı-ayrı ikitərəfli münasibətlər çərçivəsində deyil, daha geniş Avrasiya əməkdaşlıq sisteminin tərkib hissəsi kimi inkişaf etdirir.
Çexiya, Slovakiya və Xorvatiya - sənaye, müdafiə və regional bağlantılar üzrə tərəfdaşlıq
Azərbaycanın Çexiya, Slovakiya və Xorvatiya ilə strateji tərəfdaşlıq münasibətləri də Avropa İttifaqının Mərkəzi və Cənub-Şərqi Avropa istiqamətlərində əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bu dövlətlərlə münasibətlərin əsas xüsusiyyəti də siyasi dialoqun iqtisadi, sənaye, enerji, müdafiə və təhlükəsizlik sahələrində konkret əməkdaşlıq mexanizmləri ilə tamamlanmasıdır. Hər üç ölkə Azərbaycanın Avropa ilə əlaqələrinin şaxələndirilməsində, müxtəlif regional platformalarda qarşılıqlı fəaliyyətin gücləndirilməsində mühüm tərəfdaşlardır.
Çexiya ilə strateji tərəfdaşlığın əsası 2015-ci il sentyabrın 15-də Prezident İlham Əliyev və Çexiya Prezidenti Miloş Zeman tərəfindən imzalanmış Birgə Bəyannamə ilə qoyulub. Bu sənəd siyasi, iqtisadi və humanitar sahələrdə münasibətlərin inkişafı üçün yeni imkanlar açıb. Çexiya ilə iqtisadi əməkdaşlıqda enerji, sənaye, maşınqayırma, kənd təsərrüfatı, nəqliyyat infrastrukturu və texnologiyalar xüsusi yer tutur. Çexiya şirkətlərinin Azərbaycan iqtisadiyyatında iştirak imkanları, qarşılıqlı ticarətin genişləndirilməsi və investisiya əlaqələrinin inkişafı tərəfdaşlığın əsas istiqamətlərindəndir. Çexiya Avropa İttifaqı daxilində Azərbaycanın maraqlarının təqdim olunması və qarşılıqlı siyasi dialoqun inkişafı baxımından da əhəmiyyətli mövqeyə malikdir.
Slovakiya ilə münasibətlər isə 2024-cü il mayın 7-də Prezident İlham Əliyev və Baş nazir Robert Fitso tərəfindən imzalanmış Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə ilə yeni mərhələyə yüksəlib. Sənədin imzalanması ilə yanaşı, müdafiə sənayesi və hərbi-texniki əməkdaşlıq sahəsində memorandum, müdafiə sahəsində əməkdaşlıq haqqında saziş də imzalanıb. Bu, tərəfdaşlığın yalnız diplomatik və iqtisadi sahələrlə məhdudlaşmadığını, təhlükəsizlik və müdafiə istiqamətlərini də əhatə etdiyini göstərir. Enerji, ticarət, sənaye, nəqliyyat və işğaldan azad edilmiş ərazilərin bərpası sahəsində əməkdaşlıq da münasibətlərin mühüm istiqamətlərindəndir. Slovakiyanın Azərbaycanın azad edilmiş ərazilərində bərpa prosesində iştirak etməsi ikitərəfli əlaqələrin praktiki məzmununu genişləndirir.
Xorvatiya ilə strateji tərəfdaşlıq münasibətləri isə 2013-cü il martın 11-də Zaqrebdə Prezident İlham Əliyev və Xorvatiya Prezidenti İvo Yosipoviç tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq və Dostluq Münasibətləri haqqında Zaqreb Bəyannaməsi ilə rəsmiləşdirilib. Bu sənəd siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı üçün əsas yaradıb. Enerji, infrastruktur, turizm, kənd təsərrüfatı və nəqliyyat əlaqələri tərəfdaşlığın prioritet sahələridir. Xorvatiyanın Adriatik dənizi hövzəsində yerləşməsi və Avropa enerji infrastrukturundakı mövqeyi Azərbaycan üçün əlavə əməkdaşlıq imkanları yaradır. Eyni zamanda, Zaqrebin Avropa İttifaqı çərçivəsində Bakı ilə dialoqun inkişafına yanaşması siyasi münasibətlərin əhəmiyyətini artırır.
Beləliklə, Çexiya, Slovakiya və Xorvatiya ilə strateji tərəfdaşlıq Azərbaycanın Avropada yalnız enerji təchizatçısı kimi deyil, həm də sənaye, müdafiə, nəqliyyat və investisiya sahələrində əməkdaşlıq edən dövlət kimi mövqeyini genişləndirir. Bu münasibətlər ölkəmizin xarici siyasətində regional fərqlilikləri nəzərə alan, hər bir tərəfdaşla qarşılıqlı maraqlara əsaslanan çevik əməkdaşlıq modelinin nümunəsidir.
Litva və Latviya - Baltik regionu ilə strateji əlaqələrin genişləndirilməsi
Azərbaycanın Baltik regionu ölkələri ilə münasibətlərinin inkişafı Avropa siyasətinin mühüm istiqamətlərindən biridir. Litva və Latviya ilə strateji tərəfdaşlıq əlaqələri ölkəmizin Avropanın şimal-şərqində siyasi, iqtisadi və diplomatik mövqelərinin genişləndirilməsinə xidmət edir. Bu dövlətlərlə münasibətlərin əhəmiyyəti yalnız ikitərəfli əməkdaşlıqla məhdudlaşmır. Baltik regionunun Avropa İttifaqı və NATO daxilindəki mövqeyi, Şərqi Avropa ilə Şimali Avropa arasında bağlantılardakı rolu, eləcə də nəqliyyat və logistika imkanları Azərbaycan üçün əlavə əməkdaşlıq perspektivləri yaradır.
Litva ilə strateji tərəfdaşlığın əsası 2007-ci il sentyabrın 13-də Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfəri zamanı imzalanmış Prezidentlərin Tərəfdaşlıq Münasibətlərinin İnkişafı haqqında Birgə Bəyannamə ilə qoyulub. Sənəddə Azərbaycan-Litva siyasi, iqtisadi, hərbi və mədəni əlaqələrinin inkişafının əhəmiyyəti xüsusi vurğulanırdı. Sonrakı illərdə münasibətlər müxtəlif istiqamətlər üzrə genişlənib. İqtisadiyyat, sənaye, energetika, informasiya-kommunikasiya texnologiyaları, dəmir yolu nəqliyyatı, turizm və mədəniyyət sahələrində imzalanmış sənədlər əməkdaşlığın hüquqi bazasını möhkəmləndirib. Litvanın Avropa İttifaqına inteqrasiya təcrübəsi də Azərbaycan üçün qarşılıqlı təcrübə mübadiləsi və siyasi dialoq baxımından əhəmiyyət daşıyır. 2022-ci ildə Litva Prezidenti Gitanas Nausedanın Azərbaycana səfəri zamanı tərəflər 2007-ci il Birgə Bəyannaməsinin münasibətlərin inkişafındakı rolunu bir daha vurğulayıblar.
Latviya ilə strateji tərəfdaşlıq isə 2017-ci il iyulun 17-də Prezident İlham Əliyev və Latviya Prezidenti Raymonds Veyonis tərəfindən imzalanmış Strateji Tərəfdaşlığın Yaradılması haqqında Birgə Bəyannamə ilə rəsmiləşdirilib. Sənəd iki ölkə arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradıb. Xüsusilə beynəlxalq kombinə edilmiş yükdaşımalar, logistika və nəqliyyat sahələrində əməkdaşlıq Azərbaycanın Avropa ilə bağlantılarının inkişafı baxımından diqqətəlayiqdir. 2017-ci ildə imzalanmış sənədlər sırasında nəqliyyat və təhsil sahələrində əməkdaşlıqla bağlı razılaşmaların olması da tərəfdaşlığın çoxşaxəli xarakterini göstərir.
Litva və Latviya ilə əlaqələr Azərbaycanın Avropanın Baltik regionuna çıxış imkanlarını genişləndirməklə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində siyasi dialoqun inkişafına da töhfə verir. Bu ölkələrlə münasibətlərdə qarşılıqlı suverenlik və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüququn prinsiplərinə əsaslanan əməkdaşlıq mühüm yer tutur. Bakı üçün Baltik istiqaməti Avropanın yalnız ənənəvi siyasi və iqtisadi mərkəzləri ilə deyil, digər regional güc mərkəzləri ilə də sistemli münasibətlər qurmaq strategiyasının tərkib hissəsidir. Beləliklə, Litva və Latviya ilə strateji tərəfdaşlıq Azərbaycanın Avropa məkanında diplomatik əlaqələrinin coğrafiyasını genişləndirən, iqtisadi və nəqliyyat imkanlarını artıran mühüm əməkdaşlıq platformasıdır.
Pərviz SADAYOĞLU