Milli Məclisin iclasında...

Milli Məclisin iclasında...

8 Noyabr Zəfər Günü münasibəti ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təbrik məktubları ünvanlanıb

Noyabrın 3-də Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 10 məsələ daxil edilib.

Əvvəlcə spiker Sahibə Qafarova 8 Noyabr Zəfər Günü barədə çıxış edib. O bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin tarixi Zəfərinin əhəmiyyəti ildən-ilə daha dolğun şəkildə üzə çıxır: “Düşünürəm ki, 44 günlük Vətən müharibəsində qələbənin mahiyyəti 4 fundamental anlayışla ifadə edilə bilər. Bunlar ədalət, dövlətçilik, hüquq və quruculuq anlayışlarıdırlar.

Ədalət anlayışı odur ki, torpaqlarımızın 30 illik işğalına son qoyulub.

8 noyabr Zəfəri dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına yol açıb. 2023-cü ilin sentyabr ayında keçirilən 1 günlük antiterror əməliyyatı hərb tariximizin yeni şanlı səhifəsini təşkil edib. Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərən  kriminal xunta  rejiminin varlığına son qoyulub”.

Spiker: 8 noyabr Zəfəri xalqın, ordunun və dövlətin birliyinin ən yüksək ifadəsi oldu

S.Qafarova qeyd edib ki, qələbə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən ardıcıl həyata keçirilmiş güclü dövlət quruculuğunun qanunauyğun yekunudur. Böyük səylər hesabına yaradılan siyasi, iqtisadi, diplomatik və hərbi potensial tarixi qələbədə təcəssümünü tapıb. 8 noyabr Zəfəri xalqın, ordunun və dövlətin birliyinin ən yüksək ifadəsi oldu.

“BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların onilliklər boyu kağız üzərində qalmış qərarları həyata keçirilib. Dövlətlərin ərazi bütövlüyü prinsipi və beynəlxalq hüququn gücü bərqərar edilib. Bu isə  qələbənin mahiyyətini ifadə edən hüquq anlayışıdır.  Quruculuq anlayışına gəlincə, Qarabağın və Şərqi Zəngəzurun bərpa olunması, “Böyük Qayıdış” proqramının icrası qələbəmizi real məzmunla zənginləşdirir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönməsi azad olunmuş torpaqlarımıza həyat gətirir” - deyən spiker əlavə edib ki, böyük qələbə Cənubi Qafqazda möhkəm sülhün bərqərar edilməsi üçün də tarixi imkan yaradıb.  Dövlət başçısı İlham Əliyevin ardıcıl səyləri regionun dayanıqlı təhlükəsizlik arxitekturasının qurulmasına və əməkdaşlıq imkanlarının reallaşdırılmasına yönəlib. O, əminliklə söyləyib ki, Prezidentin bütün layihələri kimi, bu layihə də uğurla başa çatdırılacaq.  Spiker Azərbaycana tarixi Zəfəri bəxş etmiş Ali Baş Komandana, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığını bildirib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə cansağlığı arzulayıb. 

“Təklif edirəm, Zəfər Günü münasibəti ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq. Azərbaycan xalqının və 

dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar arzulayaq” - deyə S.Qafarova vurğulayıb.

Səməd Seyidov: Azərbaycan-Özbəkistan münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlib

Sonra gündəlikdəki məsələlər müzakirəyə çıxarılıb. Əvvəlcə 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı qəbul olunub.

İclasda “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsi qəbul olunub. Layihə haqqında məlumat verən parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, sənəd iki qardaş xalqın ortaq tarixinin, mənəvi yaxınlığının, qarşılıqlı etimadının və ən əsası, gələcəyə birgə baxışının hüquqi və siyasi ifadəsidir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham

Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan-Özbəkistan münasibətləri keyfiyyətcə tamamilə yeni mərhələyə yüksəlib.

Komitə sədri diqqətə çatdırıb ki, 2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış və 11 maddədən ibarət olan bu müqavilənin siyasi-fəlsəfi mahiyyəti onun adında öz əksini tapır: “Bu müqavilənin əhəmiyyətini yalnız ikitərəfli münasibətlər çərçivəsində qiymətləndirmək düzgün olmazdı. Bu gün Azərbaycan və Özbəkistan daha geniş coğrafiyada, xüsusilə Türk dünyasının inteqrasiyasında, Mərkəzi Asiya ilə Cənubi Qafqazın nəqliyyat və logistikasinda, Orta Dəhlizin inkişafında mühüm rol oynayan iki dövlətdir”.

Sonra “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş” də təsdiq edilib.

İclasda Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklər isə birinci oxunuşda qəbul olunub. Layihəyə əsasən, müvəqqəti yaşamaq üçün icazə verilən, iş üçün icazə tələb olunmayan əcnəbilərin əhatə dairəsi genişlənir. Aqroparkın rezidentinin hüquqi şəxs olduqda onun rəhbərinin və müavinlərinin, habelə həmin rezident tərəfindən Azərbaycan ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq fəaliyyət sahəsində təcrübəyə malik aqronomların, bağçılıq üzrə mütəxəssislərin və baytar həkimlərin bu subyektlər dairəsinə daxil edilməsi nəzərdə tutulur.

Hərbi qulluqçular üçün yeni məsuliyyət növləri müəyyənləşir

İnzibati Xətalar Məcəlləsində də yeni dəyişikliklər (birinci oxunuş) edilib. Dəyişikliklərə əsasən, zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir. Qanun layihəsində həmin şəxslərin bir gündən artıq hərbi hissədə və ya xidmət yerində olmaması onların inzibati məsuliyyətinə səbəb olması ilə nəticələnməsi əksini tapıb. Belə ki, zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi bir gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Həmin əməllər inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq. Qüvvədə olan Məcəlləyə görə isə həmin inzibati xəta üçün on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Deputatlar “Elektron ticarət haqqında” qanuna da (birinci oxunuş) dəyişikliklər ediblər. Layihəyə əsasən, “texnoloji neytrallıq” anlayışı və müvafiq prinsip “Elektron ticarət haqqında” qanuna daxil edilir. Texnoloji neytrallıq elektron ticarət münasibətlərində bu sahədəki normativ hüquqi aktlarla hər hansı bir texnologiyanın üstün tutulmaması, tətbiqində məhdudiyyətlərin qoyulmaması və müxtəlif texnoloji həllərin bərabər qəbul olunmasıdır. Eyni zamanda ödənişin həyata keçirilməsi ilə bağlı müddəalar təkmilləşdirilir, elektron ticarət sahəsində ödəniş üsullarının təkmilləşdirilməsindən irəli gələrək bəzi uyğunlaşdırıcı dəyişikliklər edilir.

Qeyd edək ki, iclasda gündəlikdə olan digər qanun layihələri də qəbul edilib.

Nardar BAYRAMLI