Tom Lantos İnsan Hüquqları Komissiyası, yoxsa erməni lobbisinin yuvası?

Tom Lantos İnsan Hüquqları Komissiyası, yoxsa erməni lobbisinin yuvası?

 

ABŞ Konqresindəki bu komissiyanın üzvləri Azərbaycana qarşı qərəzindən əl çəkmir

Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması beynəlxalq birliyin diqqət mərkəzindədir. İndiyədək Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı bəzi böyük dövlətlər vasitəçilik təşəbbüsü ilə çıxış ediblər. ABŞ da belə təşəbbüslər irəli sürən dövlətlərdən biridir. Hələ ötən ilin avqustunda baş tutmuş Vaşinqton görüşünə qədər ABŞ rəsmiləri mütəmadi olaraq, Azərbaycana və Ermənistana səfərlər edir, münasibətlərin normallaşdırılması üçün müxtəlif təkliflər verirdilər. Rəsmi Vaşinqtonun təşəbbüsü ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında bir neçə görüş də keçirilmişdi.

Konqresin bəzi üzvləri rəsmi Vaşinqtonun sülh təşəbbüslərinə qarşı...

Donald Tramp ABŞ-da hakimiyyətə qayıtdıqdan sonra Vaşinqton Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması üçün təşəbbüslərini daha da artırdı. Nəticədə ötən ilin avqustunda Vaşinqtonda keçirilən sammitdə vacib nəticələr qazanıldı. Belə ki, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflandı, eləcə də TRİPP layihəsi (Zəngəzur dəhlizi) ilə bağlı razılaşma əldə edildi. Vaşinqton görüşündən sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün praktiki addımlar atılır. Bütün bunlar regionda dayanıqlı sülhün təmin olunması üçün vacib addımlardır. 

Lakin ABŞ administrasiyasının bu mövqeyinə rəğmən, Konqresdə Cənubi Qafqazda sülhün deyil, gərginliyin davam etməsinə maraqlı olan qüvvələr mövcuddur.  Konqresin bir sıra üzvlərinin beynəlxalq hüquqa zidd olaraq işğalçı erməni separatizmini dəstəkləməsi qəbulolunmazdır. Həmin konqresmenlər vaxtaşırı olaraq Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq üçün hansısa cəhdlər göstərirlər. Təəssüf ki, ABŞ Konqresi bu ziyanlı “ənənə”sindən əl çəkmək istəmir. Bugünlərdə Konqresin Tom Lantos İnsan Hüquqları Komissiyasında mövcud olmayan “Dağlıq Qarabağ”, erməni cinayətkarlar və s. bağlı keçirilmiş dinləmələr də bunun göstəricisidir. Əslində, adıçəkilən komissiyada bu cür təxribatçı tədbirlərin keçirilməsi ilk dəfə deyil. Bundan əvvəl də, bir neçə dəfə Tom Lantos İnsan Hüquqları Komissiyasında bu tipli dinləmələr təşkil olunub. Bu fakt təsdiqləyir ki, əslində həmin komissiya erməni lobbisinin yuvasına çevrilib.

Konqresmenlər ədalət hissini itirməməlidir

ABŞ Konqresində belə dinləmələrin təşkil olunması və çıxış edənlər tərəfindən mövcud faktların açıq şəkildə təhrif olunaraq ölkəmizə qarşı əsassız fikirlərin səsləndirilməsi qəbuledilməzdir. Azərbaycan tərəfindən 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüququn norma və prinsiplərinə tam şəkildə uyğun olaraq həyata keçirilib, mülki əhali heç bir zaman hədəfə alınmayıb. Eyni zamanda, Azərbaycan dövləti milliyyətindən, dinindən, dilindən, irqindən və digər mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşının, o cümlədən Qarabağda yaşamış erməniəsilli vətəndaşlarının beynəlxalq sənədlərdə və milli qanunvericilikdə təsbit olunmuş hüquq və azadlıqlarının müdafiəsinə təminat verib. Lakin 2023-cü ildə Qarabağda yaşayan ermənilər könüllü surətdə ərazidən köçərək Ermənistana gediblər.

30 ilə yaxın işğal müddətində Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsipləri, fundamental insan hüquqlarının davamlı olaraq pozulması, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın vətəndaşımızın taleyi barədə məlumatların ölkəmizə təqdim olunmaması, həmçinin torpaqlarımızın minalarla çirkləndirilməsi, ətraf mühitə ziyan vurulması, ekosid cinayətlərinin törədilməsi faktlarının gözardı edilərək ölkəmizə qarşı ittihamların səsləndirilməsi Azərbaycana münasibətdə ikili standartlar nümayiş etdirilməsinin və məsələyə qərəzli yanaşmanın təzahürüdür. Ermənistanın azərbaycanlılara qarşı əsassız ərazi iddiaları ilə həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarının 20 faizi bu ölkə tərəfindən işğal olunmuş, həmçinin yüz minlərlə soydaşımız indiki Ermənistan ərazilərindən deportasiyaya məruz qalmışdı. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə tamamilə uyğundur. Həmin qətnamələri ölkəmiz öz gücünə icra edib. Bütün bunların fonunda ABŞ Konqresinin üzvləri ölkəmizə qarşı ikili standartlar, birtərəfli və qərəzli yanaşmalar nümayiş etdirməməlidir. Əksinə, Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə və soyqırımı cinayətlərinə münasibət bildirilməlidir.

Qərbi Azərbaycan İcmasından çağırış...

Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması ABŞ Konqresinin Tom Lantos adına İnsan Hüquqları Komissiyasında noyabrın 18-də keçirilmiş dinləmələrdə Azərbaycana qarşı növbəti dəfə qərəzli mövqe nümayiş etdirilməsindən dərin təəssüf hissi keçirdiyini açıqlayıb. İcmanın yaydığı bəyanatda bildirilib ki, İcma əvvəllər də sözügedən Komissiyanın dinləmələrində Azərbaycana qarşı düşmən münasibəti, azərbaycanlıların pozulmuş hüquqlarına etinasızlığı və dini zəmində ayrı-seçkiliyi kəskin tənqid edib. Eyni zamanda, dinləmələrdə iştirak edən “Christian Solidarity International” təşkilatının Azərbaycan əleyhinə qərəzli fəaliyyəti ilə bağlı narahatlıq ifadə edilib. “Təəssüf ki, budəfəki dinləmələr də əvvəlki qərəzli yanaşmanın davamı olub. Tədbirdə Azərbaycan əleyhinə ittihamların səsləndirilməsi, bunun müqabilində Ermənistandan zorla qovulmuş Qərbi azərbaycanlıların hüquqlarına, onların doğma yurdlarına qayıdışı məsələsinə, eləcə də onların dağıdılmış mədəni və dini irsinə yer ayrılmaması açıq-aşkar ikili standartların təzahürüdür. Məsələlərin tarixi ədalət və beynəlxalq hüquq əsasında deyil, dini təəssübkeşlik baxımından təqdim edilməsi, insan hüquqlarının müdafiəsi adı altında fəaliyyət göstərdiyini iddia edən qurumların obyektivliyini ciddi sual altına qoyur” - deyə, bəyanatda vurğulanıb.

Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını və “Christian Solidarity International” təşkilatını qərəzli yanaşmadan və ikili standartlardan əl çəkməyə çağırıb. “Biz, eyni zamanda, Tom Lantos Komissiyasını gələcəkdə regionumuzla bağlı təşkil ediləcək dinləmələrə Qərbi Azərbaycan İcmasını da dəvət etməyə və onun da mövqeyini dinləməyə çağırırıq”, - deyə İcmanın bəyanatında qeyd olunub.

Nardar BAYRAMLI