Ağdam Sənaye Parkı böyük sənaye zonasına çevrilir

Ağdam Sənaye Parkı böyük sənaye zonasına çevrilir

Parkdakı yerli və xarici rezidentlərin ümumi sayı 40-a çatıb

2021-ci ildə yaradılmış Ağdam Sənaye Parkının rezidentlərinin sayı artmaqdadır. Bu günlərdə daha bir investor - “Vertus Engineering CO” MMC bu Sənaye Parkının rezidenti statusunu əldə edib. Bununla da, yerli və xarci biznes strukturlarının sayı artaraq 40-a yaxınlaşıb. “Vertus Engineering CO” tərəfindən parkın ərazisində müxtəlif növ lift və eskalatorların, yanğına davamlı qapıların və məişət təyinatlı avadanlıqların istehsalı layihəsi həyata keçiriləcək. Layihənin investisiya dəyəri 22 milyon manatdır.

Ağdam Sənaye Parkında rezidentlərin sayının artması burada sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradıldığını, dövlətin yerli və xarici iş adamlarına verdiyi institisional dəstəyin təzahürlərini əks etdirir. Bu ərazidə çalışan rezidentlər 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən azaddırlar. Bundan əlavə, istehsal məqsədilə idxal olunan texnika və avadanlıqlar ƏDV və gömrük rüsumlarından azad edilir. Sahibkarlar üçün sosial sığorta haqlarının subsidiyalaşdırılması və digər dəstək mexanizmləri də tətbiq olunur. Bütün bu güzəşt və stimullar biznes üçün istehsal, emal və tədarük proseslərinə olan marağı artırır.

190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkı azad ərazilərdə ən böyük sənaye zonalarından biri hesab olunur. Burada “Vertus Engineering CO” daxil olmaqla 38 rezident və 2 qeyri-rezident, ümumilikdə 39 müəssisə qeydiyyata alınıb. Layihələrin ümumi dəyəri 375,5 milyon manat, faktiki yatırılmış investisiyanın məbləği 192,6 milyon manatdır. Layihələr üzrə hazırda 1000-dən çox insan işlə təmin olunub. Rezidentlərin ümumi satış həcmi 2,96 milyard manata, ixracın həcmi isə 132,6 milyon manata çatıb. Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir.

Parkın sahibkarları ixraca hazırlaşır

Bu sənaye zonasında istehsal edilən məhsullar daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı, xarici ölkələrin ixrac bazarları üçün də nəzərdə tutulub. Bu isə parkın qeyri-neft ixracı prosesinə töhfə verdiyini təsdiqləyir. Bir neçə gün əvvəl açılışı olan “ASMC” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) metal məmulatları istehsalı müəssisəsi qeyri-neft sənayesi sektorunda potensial rezidentlərdən biri hesab olunur. Xarici investor - “Almet Holding” ASC tərəfindən ümumi dəyəri 24,9 milyon manat olan layihə üzrə indiyədək 8,8 milyon manat sərmayə yatırılıb. Bundan başqa, Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən subsidiyalaşdırılan 4,7 milyon manata yaxın bank kreditindən istifadə edilib. Təqribən 1,7 hektar ərazidə yerləşən zavodda polad həsir, tikanlı, çəkilmiş, yanmış və sinklənmiş məftil və mismar istehsal olunacaq. Birinci mərhələdə illik istehsal gücü 4 min 920 ton polad həsir, 3 min 480 ton çəkilmiş məftil, 3 min 180 ton mismar, 1800 ton yanmış məftil, 12 min ton məftil və 1080 ton soyuq deformasiya olunmuş armatur təşkil edəcək. İkinci mərhələdə isə illik 10 min ton qalvanikləşdirilmiş və 8 min 240 ton yüksəkkarbonlu çəkilmiş məftil istehsalı planlaşdırılır. Müəssisə İtaliya, Almaniya, Türkiyə və Çinin aparıcı şirkətlərinin avadanlıqları sayəsində rəqabətədavamlı məhsul istehsal etməklə, ixrac gündəliyini formalaşdırmaqdadır.

Noyabrın 7-də açılışı olan “Komfy” MMC də Ağdam Sənaye Parkında potensial istehsal güclərindən biridir. 2024-cü ildə rezident statusu almış MMC-nin illik istehsal gücü 130 min ədəd döşəkdir. Burada müxtəlif ölçüyə, konstruksiyaya və sərtlik dərəcəsinə malik döşəklərlə yanaşı, bonel və paket yay sistemləri də istehsal olunacaq. Müəssisədə Azərbaycanda ilk dəfə “roll-pack” formatında, yəni sıxılaraq rulon şəklində qablaşdırılan döşəklər istehsal ediləcək. Bu, daşınma xərclərini azaltmaqla ixrac imkanlarını genişləndirəcək. Beləliklə də məhsulların daxili bazarla yanaşı, digər ölkələrə satışı nəzərdə tutulur. Müəssisə yerli və xarici hotellərin tələblərinə uyğun döşəklər də istehsal edəcək. Burada 65 nəfər daimi işlə təmin ediləcək. Ümumi dəyəri 2,5 milyon manat olan layihənin maliyyələşdirilməsində özəl investisiya ilə yanaşı, dövlət zəmanəti ilə 700 min manat kredit vəsaitindən istifadə edilib.

Azad ərazilərin iqtisadi inkişafına töfhə

Ağdam Sənaye Parkının fəaliyyətini artırması bu rayonun ümumi istehsal və sənaye potensialının güclənməsinə, bölgədə yaradılan əlavə dəyərin həcminin yüksəlməsinə də öz mühüm təsirlərini göstərməkdədir. Təkcə, 2026-cı ilin yanvar-oktyabr aylarında Ağdam rayonunda 959 milyon 305,6 min manatlıq sənaye məhsulu istehsal olunub ki, onun da mütləq əksəriyyəti Sənaye Parkının payına düşür. Bundan başqa, hesabat dövründə kənd təsərrüfatı məhsullarının ümumi istehsal dəyəri 246 milyon 914,2 min manat təşkil edib. Bunun 159 milyon 90,7 min manatı bitkiçilik, 87 milyon 823,5 min manatı isə heyvandarlıq məhsullarının payına düşüb. Bundan başqa, cari ilin yanvar-sentyabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 494 milyon 370 min manat investisiya yönəldilib. Bütün bunlar Ağdamda güclü sənaye-aqrar zəncirin formalaşdığını göstərir.

Parkda MDB, Türkiyə, Çin və digər region ölkələrindən yeni investorların cəlbi nəzərdə tutulur. Belarus biznes icması burada Aqroşəhərciyin yaradılması üzrə layihələndirilmənin hazırlanmasına başlayıb. Belarusun tanınmış sənaye müəssisələri, zavodları, MT3 və MAZ-lar istehsalı üzrə məşhurlaşmış şirkətləri “ağıllı sənaye” texnologiyaları əsasında bu zonada yeni istehsal sahəsi yaratmaq niyyətindədir.

E.CƏFƏRLİ