Yeni Azərbaycan Partiyası – 34 il: Xalqın inamından dövlətçilik zirvəsinə

Yeni Azərbaycan Partiyası – 34 il: Xalqın inamından dövlətçilik zirvəsinə

 

Tarix bəzən elə məqamlar yaradır ki, həmin anlarda atılan addımlar yalnız bir dövrün deyil, bütöv bir xalqın gələcəyini müəyyənləşdirir. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir tarixində məhz belə taleyüklü hadisələrdən biri oldu. Dövlət müstəqilliyimizin ciddi təhlükələrlə üzləşdiyi, ölkədə siyasi xaosun, iqtisadi böhranın və hakimiyyət böhranının hökm sürdüyü bir vaxtda yaranan Yeni Azərbaycan Partiyası xalqın xilas və sabitlik arzularının, güclü dövlətçilik istəyinin siyasi ifadəsinə çevrildi. Bu partiyanın yaranması sadəcə yeni siyasi təşkilatın meydana gəlməsi deyil, Azərbaycanın gələcək inkişaf yolunun müəyyənləşdirilməsi istiqamətində atılmış tarixi addım idi.

1990-cı illərin əvvəllərində Azərbaycan ağır sınaqlarla üz-üzə qalmışdı. Ölkədə siyasi qarşıdurma dərinləşir, dövlət idarəçiliyində səriştəsizlik hökm sürür, iqtisadiyyat tənəzzülə uğrayır, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal edilirdi. Dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin reallaşdığı belə bir şəraitdə xalq ölkəni böhrandan çıxara biləcək, dövlətçiliyi qoruyacaq güclü siyasi liderə ehtiyac duyurdu. Bu lider isə zəngin dövlətçilik təcrübəsinə, siyasi müdrikliyə və xalqın böyük etimadına malik Heydər Əliyev idi.

Məhz belə bir tarixi şəraitdə Azərbaycanın tanınmış ziyalıları 1992-ci il oktyabrın 16-da «Səs» qəzeti vasitəsilə Heydər Əliyevə müraciət edərək yeni siyasi partiyanın yaradılması və ona rəhbərlik etməsi təklifini irəli sürdülər. «91-lər»in müraciəti xalqın arzu və istəyinin, ölkənin gələcəyinə olan narahatlığının ifadəsi idi. Ulu Öndər oktyabrın 24-də müraciətə cavabında yeni siyasi partiyanın yaradılmasının obyektiv zərurətdən irəli gəldiyini bildirdi və onun fəaliyyətində iştirak etməyə hazır olduğunu bəyan etdi.

Nəhayət, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Heydər Əliyev partiyanın Sədri seçildi. Beləliklə, Azərbaycanın siyasi həyatında yeni mərhələnin əsası qoyuldu. Ulu Öndər partiyanın yaranmasını tarixi zərurətlə əlaqələndirərək demişdir: «YAP Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir». Bu fikir partiyanın hansı ictimai-siyasi şəraitdə və hansı xalq iradəsi əsasında yarandığını dolğun şəkildə ifadə edir.

Yeni Azərbaycan Partiyasının yaranmasından sonra ölkədə siyasi proseslər yeni istiqamət aldı. 1993-cü ildə dövlətçiliyimizin taleyinin həll olunduğu ağır günlərdə xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın Milli Qurtuluşunun əsasını qoydu. Ulu Öndərin rəhbərliyi ilə ölkədə siyasi sabitlik təmin edildi, vətəndaş qarşıdurması təhlükəsi aradan qaldırıldı, dövlət idarəçiliyinin möhkəm təməlləri yaradıldı. Azərbaycan tədricən böhran vəziyyətindən çıxaraq inkişaf yoluna qədəm qoydu.

1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsində və beynəlxalq iqtisadi münasibətlər sisteminə inteqrasiyasında dönüş nöqtəsi oldu. Sonrakı illərdə həyata keçirilən enerji layihələri, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin reallaşdırılması, hüquqi və iqtisadi islahatlar Azərbaycanın beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi isə hüquqi dövlət quruculuğunun mühüm mərhələsinə çevrildi.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildi. Dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində Azərbaycan iqtisadi cəhətdən gücləndi, regionların sosial-iqtisadi inkişafı sürətləndi, müasir infrastruktur yaradıldı, ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəldi. Enerji və nəqliyyat layihələri Azərbaycanın regional və qlobal əhəmiyyətini artırdı. Bu dövrdə Yeni Azərbaycan Partiyası da ölkənin ictimai-siyasi həyatında aparıcı mövqeyini möhkəmləndirərək dövlətçilik maraqlarının müdafiəsində fəal iştirak etdi.

Şübhəsiz ki, son onilliklərdə Azərbaycanın qazandığı ən böyük tarixi nailiyyət torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanıldı. Noyabrın 8-də Şuşanın azad edilməsi bu Qələbənin zirvəsinə çevrildi. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirləri ilə Azərbaycanın suverenliyi bütün ərazilərimizdə tam bərpa olundu.

Bu tarixi Qələbə Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin başlanğıcı oldu. Vaxtilə işğal altında olan torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı, Böyük Qayıdış proqramı çərçivəsində soydaşlarımızın doğma yurdlarına qayıdışı təmin edildi. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, şəhər və kəndlərimiz öz əvvəlki həyatına qovuşur. Bu gün Azərbaycan həm hərbi-siyasi qüdrətini, həm də quruculuq potensialını bütün dünyaya nümayiş etdirir.

Bu gün Yeni Azərbaycan Partiyası 800 mindən artıq üzvü ilə ölkəmizin ən böyük siyasi təşkilatıdır. Partiyanın geniş sosial bazası, güclü təşkilati strukturu və gənclərin onun sıralarında üstünlük təşkil etməsi gələcəyə hesablanmış fəaliyyətinin göstəricisidir. YAP gənc nəslin dövlətçilik ənənələrinə bağlı, milli-mənəvi dəyərlərə sadiq və vətənpərvər ruhda yetişməsinə xüsusi önəm verir.

2026-cı il oktyabrın 2-də keçirilən VIII Qurultay da partiyanın siyasi və təşkilati inkişafında mühüm hadisə kimi yadda qaldı. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra keçirilən ilk qurultay yeni dövrün reallıqları və qarşıda duran vəzifələr baxımından xüsusi əhəmiyyət daşıdı. Bu qurultay Yeni Azərbaycan Partiyasının müasir çağırışlara uyğun fəaliyyətinin davam etdirilməsi və gələcək hədəflərinin müəyyənləşdirilməsi baxımından mühüm mərhələ oldu.

Bu gün 34 illik tarixə nəzər salarkən aydın görürük ki, Yeni Azərbaycan Partiyasının keçdiyi yol müstəqil Azərbaycanın dövlətçilik salnaməsi ilə sıx bağlıdır. Partiya mürəkkəb siyasi şəraitdə xalqın tələbi və iradəsi ilə yarandı, ölkəmizin ən çətin dövründə dövlətçiliyin qorunmasına, sonrakı mərhələlərdə isə inkişaf və tərəqqi prosesinə mühüm töhfələr verdi.

34 il əvvəl Naxçıvanda yaranan Yeni Azərbaycan Partiyası bu gün qalib Azərbaycanın siyasi həyatında öz layiqli yerini qoruyur. Onun keçdiyi yolun hər bir mərhələsində Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyaları, xalqın inamı və milli maraqlara sədaqət dayanır. Bu gün həmin siyasi irs Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi reallıqlar şəraitində uğurla davam etdirilir.

Zaman dəyişir, siyasi və geosiyasi reallıqlar yenilənir, lakin dövlətçilik ideallarına sədaqət öz əhəmiyyətini itirmir. Yeni Azərbaycan Partiyasının 34 illik tarixi də məhz bu həqiqəti təsdiqləyir: güclü dövlət, milli birlik və xalqın etimadı böyük uğurların əsas təminatıdır. Naxçıvanda qoyulan təməl üzərində yüksələn bu siyasi təşkilatın tarixi həm də Azərbaycanın müstəqillik, mübarizə, Zəfər və quruculuq tarixidir. Bu tarix xalqımızın yaddaşında yaşayacaq, gələcək nəsillər üçün dövlətə və Vətənə sədaqət nümunəsi olaraq qalacaq.

 

Xədicə Hüseynzadə

YAP Babək rayon təşkilatının fəal üzvü