Rəqəmsal inkişafın tarixi nailiyyəti

Rəqəmsal inkişafın tarixi nailiyyəti

 

Azərbaycan beynəlxalq rəqəmsal rəqabətdə öz mövqeyini möhkəmləndirir

Məlum olduğu kimi Azərbaycan BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi (E-Government Development Index - EGDI) üzrə 36 pillə irəliləyərək 194 ölkə arasında 38-ci yerə yüksəlib. Ölkəmizin EGDI göstəricisi 2024-cü ildəki 0,7607 baldan 2026-cı ildə 0,8847 bala yüksəlib. Bu, iki il ərzində 16,3 faiz artım deməkdir və nəticədə Azərbaycan “Çox Yüksək Elektron Hökumət İnkişafı” alt-indeksi V3 altqrupuna daxil olub. Bu altqrupda Kanada, Çin, Yaponiya, Avstriya, Türkiyə və Özbəkistan kimi ölkələr də təmsil olunur.

Azərbaycanın həmin indeks üzrə ən yüksək nəticə göstərdiyi istiqamət Onlayn Xidmətlər alt-indeksidir. Ölkəmiz bu göstərici üzrə 56 pillə irəliləyərək dünyada 11-ci yerə yüksəlib və Böyük Britaniya, İslandiya, ABŞ, Kanada və Norveç kimi inkişaf etmiş ölkələri qabaqlayıb. İndeksin xidmətlərin təqdim edilməsi altindeksi üzrə ölkəmiz dünyada 10-cu, institusional çərçivə üzrə isə 1-ci yerdədir. Qeyd edək ki, xidmət təqdimatı altindeksində Azərbaycan dünya üzrə EHİİ göstəricisinə görə 8-ci mövqedə olan Estoniya ilə 10-cu yeri bölüşür.

Telekommunikasiya İnfrastruktur İndeksi üzrə də müsbət dinamika qeydə alınıb. Azərbaycanın bu indeks üzrə göstəricisi 2024-cü illə müqayisədə 9,4 faiz artıb. Dünya üzrə orta artım isə 2,1 faiz təşkil edib. İnsan Kapitalı İndeksi üzrə isə Azərbaycanın öz mövqeyini 0,7233 baldan 0,8067 bala yüksələrək 11,5 faiz artırıb. Ölkəmiz bu indeks üzrə Çin və Ermənistanı qabaqlayıb.

Beləliklə, ölkəmiz beynəlxalq E-Hökumət tədqiqatında dünyanın ən islahatçı dövlətlər qrupunda yer almaqla rəqəmsal inkişafda öz iradəsini nümayiş etdirib.

“GovTech Yetkinliyi İndeksi”ndə yüksək nəticə

Azərbaycanın əldə etdiyi nailiyyətlərin əsas təməlində hökumətin innovasiya sahəsində ortaya qotduğu iradə və rəqəmsal transformasiya sahəsində atılan mühüm addımlar, möhkəm infrastrukturun yaradılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizliyin təmin edilməsi və digər kompleks tədbirlər dayanır. Bu uğurların mühüm bir istiqaməti kimi ötən il Azərbaycan qəbul olunmuş “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində müəyyən edilmiş hədəflərə nail olunub. Son 4 il ərzində ölkədə orta internet sürəti 7 dəfə artaraq 12.81 Mbit/saniyədən 90 Mbit/saniyəyədək yüksəlib. “Onlayn Azərbaycan” layihəsinin icrası sayəsində müasir IMS platforması ilə işləyən GPON avadanlığı və optik infrastruktur qurulub.

Ölkə ərazisinin fiber-optik şəbəkə ilə geniş əhatə olunması tam başa çatdırılıb. Yüksək standartlara cavab verən “Hökumət buludu” istifadəyə verilib və data mərkəzinə keçid edən qurumların sayı 3 dəfə artaraq 148-ə çatıb. Hazırda mövcud data mərkəzlərindən gücü 3 dəfə artıq olan yeni data mərkəzlərinin inşası davam etdirilir. Biometrik rəqəmsal imzanın (SİMA) uğurlu tətbiqi isə onlayn identifikasiyanı sadələşdirərək, dövlət və özəl sektor xidmətlərinin məsafədən göstərilməsini təmin edib. Habelə “Mygov” platforması yenidən qurularaq 2.5 milyondan artıq vətəndaşa xidmət göstərir. Hazırda sənədlərin fiziki təqdim edilməsinə ehtiyac aradan qaldırılaraq 2.3 milyondan artıq rəqəmsal sənəd “Mygov” platforması vasitəsilə təqdim edilməkdədir.

Ölkəmizin innovasiya ekosisteminin inkişafı ilə bağlı da güclü infrastruktur qurulub, biznes üçün bir sıra güzəştlər edilib. Vergi və Miqrasiya məcəllələrində, “Gömrük tarifi haqqında” və “Sosial sığorta haqqında” qanunlarında edilmiş dəyişikliklərə əsasən, texnologiyalar parkının rezidentləri vergi, gömrük və sosial güzəştlərlə əhatə olunublar.

Dünya Bankının ötən il dərc etdiyi “GovTech Yetkinliyi İndeksi”nin hesabatında yüksək nəticələr əldə edən Azərbaycan Azərbaycan yüksək rəqəmsallaşma səviyyəsinə görə ən yaxşı ölkələr qrupunda yer alıb.

Rəqəmsal İnkişaf Şurası - yeni cəmiyyət quruculuğunda yeni mərhələ

Bu prioritetlərin sistemli şəkildə həyata keçirilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. Şura qısa müddət ərzində öz fəaliyyət sahəsinə aid strateji məsələlərin həllində mühüm addımlar atıb. Ötən dövrdə dövlət qurumlarının vahid rəqəmsal platformaya inteqrasiyası sürətlənib, səhiyyə, gömrük və təhsil sahələrini əhatə edən, digər dövlət qurumları ilə birgə həyata keçirilməsi nəzərdə tutulan potensial süni intellekt həlləri müəyyən olunub. Qısa müddət ərzində “e-Sosial”, “e-Təbib” və “e-Su” tətbiqləri tam şəkildə platformaya inteqrasiya olunub. Bundan əlavə, “e-Polis”, “Mobil Notariat”, “Azərişıq”, “Reseptim”, “e-Səhiyyə”, “ASAN Müraciət” tətbiqlərinin bir çox xidmətləri inteqrasiya edilib və ilin sonunadək onların bütün xidmətlərinin tam şəkildə “mygov” üzərindən təqdim edilməsi planlaşdırılır.

Rəqəmsal inkişafın əsas yeniliklərindən biri dövlət xidmətlərinin təqdim edilməsində pərakəndəliyin aradan qaldırılması və vahid mərkəzləşdirilmiş sistemə keçiddir. Bu sxemə əsasən, bütün rəqəmsal dövlət xidmətləri, o cümlədən sənədlər yalnız “mygov” və “mygov Biznes” platformaları vasitəsilə vətəndaşlara və sahibkarlara təqdim olunması, ayrı-ayrı qurumların fərdi portal və mobil tətbiqlərinin vahid ekosistemdə birləşdirilməsi sayəsində də ardıcıl işlər aparılır. Rəqəmsal mühitdə biznes-dövlət münasibətlərinin optimallaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Dövlət, biznes və cəmiyyətin birgə fəaliyyəti iqtisadi həmrəyliyi təmin etməklə, rəqəmsal iqtisadiyyat quruculuğuna güclü təkan verir. Bu cəhətdən rəqəmsal transformasiyada özəl sektorun liderliyinin gücləndirilməsi, ailə-biznes modellərinin və fərdi sənaye istedadlarının, xüsusilə də startap və süni zəka sahəsində fəaliyyətinin stimulaşdırılması üçün çevik platformalar qurulmaqdadır.

Transxəzər Fiber-Optik Kabeli - “Rəqəmsal İpək Yolu”nun əsas xətti

Azərbaycan regionda rəqəmsal tranzit xəttinin qurulmasında da səylərini dayanmadan gücləndirir. Qazaxıstan hökuməti ilə birgə Avropa ilə Asiya arasında yeni rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin mühüm komponenti olan Transxəzər Fiber-Optik Kabel Xəttini ötən ay istifadəyə verib. Bu rabitə platforması çoxterabitli məlumatların ötürülməsini və 400 terabit/s-ə qədər yüksəksürətli internet bağlantısının qurulmasını təmin edir. Transxəzər xətti təkcə iki ölkənin kommunikasiya layihəsi deyil, eyni zamanda, müxtəlif ölkələrin, o cümlədən Gürcüstan, Türkiyə və Türkmənistan ərazilərindən keçməklə Asiya-Azərbaycan-Avropa regionları arasında yeni bağlantı hesab edilir. Bu rəqəmsal infrastruktur landşaftı həmin ölkələr arasında məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edəcək.

Qeyd edək ki, Azərbaycan cari il avqustun 28-də Rəqəmsal Əməkdaşlıq Təşkilatının (Digital Cooperation Organization - DCO) tamhüquqlu üzvü seçilib. Bu, ölkəmizin beynəlxalq innovasiya və rəqəmsal iqtisadiyyat xəritəsindəki mövqeyini keyfiyyətcə yeni mərhələyə çıxarmış mühüm hadisə kimi yadda qalıb.

Beləliklə, Azərbaycanın həyata keçirdiyi uğurlu rəqəmsal strategiya ölkəmizin Cənubi Qafqaz regionunda rəqəmsal iqtisadiyyat mərkəzinə çevrilməsi və Digital Silk Way tranziti qurmasında institisional və praktiki dəstəkverici rol oynayacaq, rəqəmsal sıçrayışa çatmasında mühüm rol oynayacaq.

E.CƏFƏRLİ