Media və Yayım Şurası onlayn və çap mediası subyektləri üçün müsabiqə elan edib

Media və Yayım Şurası onlayn və çap mediası subyektləri üçün müsabiqə elan edib

Media və Yayım Şurası çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Media və Yayım Şurasından məlumat verilib.

Bildirilib ki, Media Reyestrinə daxil edilən ictimai-siyasi qəzetlər müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Media və Yayım Şurasına təqdim edilməlidir.

Müsabiqənin yekununda qalib elan edilən qəzet redaksiyaları ilə Şura arasında maliyyə yardımının göstərilməsinə dair 6 ay müddətinə müqavilə imzalanır.

Şura tərəfindən qəzetlərin həftədə bir nömrəsinin çapına dəstək məqsədilə aylıq 5000 manat, qəzetlərin eyniadlı veb-saytlarına isə aylıq 3000 manat məbləğində maliyyə yardımı göstərilir. Veb-saytın əsaslı yenilənməsi nəzərdə tutulduğu halda, ilk ay üçün maliyyə yardımı 5000 manat təşkil edir.

Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün də müsabiqə elan edib.

Bildirilib ki, Media Reyestrinə daxil edilmiş, ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri də müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən media subyektlərinin heyətində ən azı bir nəfər məsul redaktor və üç nəfər jurnalist olmaqla, ümumilikdə azı dörd nəfər olmalıdır.

Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektlərinin hər biri ilə aylıq 5000 manat məbləğində maliyyə yardımının göstərilməsinə dair 6 ay müddətinə müqavilə imzalanır. Bu müddət ərzində müvafiq dörd əməkdaşın hər birinin aylıq əməkhaqqı minimum 800 manat təşkil etməlidir.

Qeyd edək ki, müsabiqəyə 2026-cı il noyabrın 30-u saat 18:00-dək müraciət etmək mümkündür.