Azərbaycan əməkdaşlıq coğrafiyasını daha da genişləndirir. Yeni dostlar qazanan ölkəmiz, eyni zamanda, ənənəvi tərəfdaşlarla əlaqələrini müasir çağırışlara uyğun olaraq yeni istiqamətlər üzrə inkişaf etdirir. Dövlət başçısı İlham Əliyevin ölkə və dünya mətbuatının diqqət mərkəzində olan Vyetnam səfəri iki ölkə arasında münasibətlərin inkişaf tarixinin təhlilinə və qarşıda dayanan hədəflərə işıq salmaqla yanaşı, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu da nümayiş etdirdi.
Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi Azərbaycan-Vyetnam əlaqələrinin müxtəlif sahələrdə uğurlu inkişafının təqdimatı oldu. Dövlət başçısı müsahibədə iqtisadi-ticari münasibətlərin əsas nəticələrindən geniş bəhs edərək bildirdi ki, iki ölkənin iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir. 2025-ci ilin yekunlarına görə, ölkələr arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub. Bununla yanaşı, bu göstərici hələ ki real imkanları əks etdirmir: hər iki tərəf qarşılıqlı ticarətdə əhəmiyyətli artım üçün böyük potensiala malikdir.
Sovet İttifaqı dövründən bəri tarixən tərəfdaşlığımızın təməlini təşkil edən neft sektoru qarşılıqlı fəaliyyətin əsas istiqaməti statusunu qoruyub saxlayır. Bu kontekstdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (“PetroVietnam”) arasında əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur.
Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı da ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir. Dövlət başçısı vurğuladı ki, tikinti və infrastrukturun inkişafı, həmçinin Günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirən “ROX Group” bunun bariz nümunəsidir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “ROX Group” ilə müvafiq sənədlər imzalanıb.
Tranzit daşımaları sahəsində də müsbət dinamika müşahidə olunur. Statistik rəqəmlərə diqqət yetirsək görərik ki, 2026-cı ilin yanvar-sentyabr aylarında bu daşımaların həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub. Azərbaycanın nəqliyyat və logistika infrastrukturundan Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün səmərəli şəkildə istifadə etmək olar. Bu, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərindəki rolunu gücləndirməklə yanaşı, əlavə iqtisadi dəyər yaradılmasına və ikitərəfli əlaqələrin genişlənməsinə sanballı töhfə verəcək. Ölkələrimiz ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq və enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika sektorlarında, bir sözlə, bütün aparıcı sahələrdə genişmiqyaslı birgə təşəbbüsləri uğurla həyata keçirmək üçün kifayət qədər resurslara malikdir.
Prezident İlham Əliyevin vyetnamlı həmkarı To Lam ilə görüşündə də iki ölkənin zəngin tarixə malik əlaqələrindən geniş bəhs edildi. To Lam bildirdi ki, Azərbaycandakı prosesləri hər zaman yaxından izləyiblər: “Mükəmməl rəhbərliyinizlə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər münasibətilə Sizi təbrik etmək istərdim. Son illərdə Azərbaycanın ümumi daxili məhsulu artmaqda davam edir, əhalinin həyat səviyyəsi daim yaxşılaşır və ölkənizin beynəlxalq aləmdəki mövqeyi davamlı olaraq güclənir. Biz Azərbaycanı regionda daim mühüm strateji tərəfdaş kimi qəbul etmişik”.
Vyetnam Prezidenti onu da əlavə etdi ki, uzunmüddətli ənənəvi dostluğumuz hər iki ölkədə nəsillər boyu liderlər və xalqlar tərəfindən qorunub saxlanılıb və inkişaf etdirilib. Vyetnam keçmişdə milli azadlıq və müstəqillik uğrunda apardığı mübarizədə, həmçinin hazırkı milli inkişaf səylərində Azərbaycanın göstərdiyi dəstəyi hər zaman xatırlayır və yüksək qiymətləndirir.
Reallıq budur ki, ötən il iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ikitərəfli əlaqələrimizdə yeni səhifə açan tarixi mərhələ kimi dəyərləndirilir. Hazırda hər iki ölkə qarşısında bütün səviyyələrdə və sahələrdə duran mühüm vəzifə əməkdaşlığın məzmununu şaxələndirmək, onu konkret proqramlara, layihələrə və nailiyyətlərə çevirərək xalqlarımıza əhəmiyyətli faydalar qazandırmaqdır.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri