YAP Xəzər rayon təşkilatında partiyanın yaranmasının 34-cü ildönümü qeyd olunub

 

20 noyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 34-cü ildönümü münasibətilə YAP Xəzər rayon təşkilatında tədbir keçirilib.

Tədbir ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Yeni Azərbaycan Partiyasının yaranma tarixi, keçdiyi inkişaf yolu, ölkənin ictimai-siyasi həyatındakı rolu və 34 il ərzində qazandığı nailiyyətlərdən bəhs edən film nümayiş olunub.

Tədbirdə YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcənov, məsləhətçilər Nəzrin Bayramova və Kamran Mustafayev, həmçinin gənclər Nigar Cəlalova, Ələkbər Novruzov, Nərgiz Hüseynli və Turan Zeynalzadə çıxış ediblər.

Çıxışlar zamanı Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurəti, Ulu Öndər Heydər Əliyevin siyasi irsi, partiyanın Azərbaycanın dövlətçilik tarixindəki mühüm rolu və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar diqqətə çatdırılıb.

Natiqlər vurğulayıblar ki, Yeni Azərbaycan Partiyası ötən 34 il ərzində öz siyasi fəaliyyəti, milli maraqlara əsaslanan ideoloji xətti və xalqla birliyi sayəsində ölkənin aparıcı siyasi qüvvəsinə çevrilib. Gənclərin partiyanın fəaliyyətində fəal iştirakı, dövlətçilik ənənələrinə sədaqət və milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyəti xüsusi qeyd olunub.

Tədbir daha sonra diskussiya şəklində davam edib. İştirakçılar partiyanın yaranma tarixi, müasir dövrdə qarşıda duran vəzifələr, gənclərin ictimai-siyasi proseslərdə rolu və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Səmimi və interaktiv şəraitdə keçən tədbirdə Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyət yolunun mühüm tarixi və siyasi əhəmiyyəti bir daha vurğulanıb.

Tədbir iştirakçıların qarşılıqlı fikir mübadiləsi və müzakirələri ilə yekunlaşıb.